Ümid Partiyası həftəlik hesabatını təqdim edib – rayon səfərləri başlayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (6-10 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb.
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə və dünyada izlənilən ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində partiyada görülən işlər barədə məlumat verilib.
Rəyasət Heyətinin iclasında artıq aylardır savam edən Rusiya-Ukrayna müharibəsi, Rusiyanın öz işğalçı ənənəsindən bu gün də vaz keçməməsi, sözügedən müharibənin dünyaya və o cümlədən Azərbaycana, daxili və xarici siyasətinə təsirləri müzakirə olunub. Toplantıda müharibədən sonrakı dövr üçün ehtimallar ətrafında da fikir mübadiləsi aparılıb, Azərbaycanın post-Putin dönəminə hazırlığı üçün təkliflər səsləndirilib, təkliflər ətrafında dəyərləndirmələr aparılıb.
Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar ətrafında müzakirələr aparılıb, Laçın keçid məntəqəsi, Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan diplomatlarının, Türkiyə-Rusiya xarici işlər nazirlərinin görüşü, Qazaxıstanda keçiriləcək referendum və digər gündəmdə olan məsələlər müzakirə edilib, Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.
Rəyasət Heyəti bir həftədir başlanan rayon şöbələri ilə görüşləri də müzakirə edib. Artıq üç rayonda – Saatlı, Samux və Ağsuda görüşlər keçirilib və şöbələrin konfransa hazırlığı yoxlanılıb, konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb. Görüşlərdə partiya sıralarının artırılması, gənclərin partiyaya olan marağı, verdikləri suallar təhlil edilib, Azərbaycan gəncinin, tələbəsinin problemləri qeyd edilib, həlli istiqamətində danışıqlar aparılıb.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbiğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Reaksiya Tv, Laf Tv, Pressklub Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, iki yüz əlli minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər. Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz