Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (28 mart- 1 aprel aralığında) fəaliyyəti ilə bağlı məlumat yayıb.
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ictimai-siyasi vəziyyət müzakirə edilib, həftə ərzində görülən işlər barədə məlumat verilib. Ölkədəki durum, siyasi və sosial probemlər ciddi və detallı şəkildə müzakirəyə çıxarılıb, partiyanın müxtəlif proseslərə, problemlərə mövqeyi ifadə olunub.
Toplantıda Rusiya-Ukrayna münasibətləri, bir aydan artıq davam edən müharibə, Rusiyanın işğal siyasətinin səbəbləri və detalları müzakirə edilib.
Müharibənin nəticələri və post-müharibə dövrü barədə ehtimallar ətrafında fikir mübadiləsi aparılıb.
Rəyasət Heyəti Azərbaycan Respublikasının suveren ərazisi olan Qarabağ bölgəsində separatçı erməni silahlıları tərəfindən son həftələr baş verən təxribat cəhdlərini də müzakirə edib.
İclasda eyni zamanda parlamentdə boş qalmış dairələrə seçkilərin keçirilməsi də müzakirə edilib.
Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə olunub. Növbəti üç ay (aprel-iyun) üçün partiyanın rüblük fəaliyyət planı müzakirəyə çıxarılıb.
Həftə ərzində partiya yetkililəri sədr İqbal Ağazadə və müavinləri (partiya sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Reaksiya Tv, Xural Tv, Laf Tv, Pressklub Tv) altı efirlə izləyici qarşısına çıxıblar. Bu kanallarda efirləri ümumi olaraq, iki yüz mindən çox tamaşaçı canlı və yaxud videoyazını izləyib.
Sosial şəbəkələr (facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Bu barədə Ali Məclis rəhbərliyi Rəyasət Heyətinin iclasında məlumat verib.
Xaricdə yaşayan həmvətənlərimizin partiya ilə əlaqələri təşkil edilib, onların problemləri barədə səlahiyyətli dövlət qurumları qarşısında məsələ qaldırılıb. Xüsusilə Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlərlə bağlı soydaşlarımızın qarşılaşdıqları problemlər müzakirə edilib. Partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə müavinliyinin bu istiqamətdə gördüyü işlər diqqətə çatdırılıb. Həftə ərzində partiya fəallarını yardımı ilə altı azərbaycanlı Ukraynadan müharibə gedən ərazilərdən çıxarılaraq, Hollandiyaya keçirilib.
Partiya sədri İqbal Ağazadə adından Ukrayna səfirliyinə məktubla müraciət olunaraq, valideyninin birini, yaxud hər ikisini itirmiş 10 uşağın himayəyə götürülməsi ilə bağlı Ümid Partiyasının xoş niyyəti çatdırılıb.
Şərh yaz