Ümid Partiyası həftəlik (28 noyabr – 2 dekabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (28 noyabr – 2 dekabr) fəaliyyəti ilə bağlı məlumat yayıb

PRESS-RELİZ

(Həftəlik 28 noyabr – 2 dekabr)

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.

Rəyasət Heyətinin toplantısında Azərbaycan gündəmi müzakirə edilib, daxili və xarici siyasəti istiqamətində heyət üzvlərinin fikirləri dəyərləndirilib.  

Qeyd edək ki, 28 noyabr – 2 dekabr tarixləri Ümid Partiyası və Azərbaycan üçün yadda qalan günlərdən olub. Belə ki, 27-30 noyabr 2022-ci il tarixlərində Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvləri protokol ziyarətləri və siyasi görüşmələr üçün Azərbaycan Ümid Partiyasının dəvəti ilə Bakıda səfərdə olublar.

Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsi səfər çərçivəsində bir neçə qurumla görüş və telekanallara müsahibə veriblər. Daha sonra Təşkilat Komitəsi 29 noyabr Ümid Partiyasının Rəyasət Heyəti ilə geniştərkibli görüş keçiriblər. Görüşdə Təşkilat Komitəsinin üzvləri Rza Heyət, Səttar Sevigin, Elyar Türkər Makuyi, Babək Şahid, Mehmet Müştaq və digərləri çıxış edib, Ümid Partiyasına dəvət üçün minnətdarlıqlarını bildirib, fəaliyyətlərinin az qala yarısından çoxunu həm də Güney Azərbaycan davasına həsr etdikləri üçün cənab sədr İqbal Ağazadə başda olmaqla, Ümid Partiyasına dərin təşəkkürlərini ilətiblər.

Müavinliyin toplantısında İran adlanan ərazidə baş verən aksiya və mitinqlərə də münasibət bildirilib. İclasda qeyd olunub ki, İranla Azərbaycan arasındakı gərginliyin səbəbi İranın özüdür. Çünki Azərbaycan illərdir diplomatik münasibətlərin korlanmaması üçün İranın Ermənistana müsbət münasibətini gözardı edib, çalışıb ki, ölkələr arasında gərginlik olmasın. İran isə bütün hədləri aşaraq, Ermənistan-Azərbaycan münasibətləri çərçivəsində özünü qatı erməni və Ermənistan tərəfdarı kimi göstərir və Ermənistanı özünün qırmızı xətti elan edib. Xüsusilə, 9-dan 10-a keçən gecə bağlanan müqaviləyə əsasən, İran adlanan rasist fars rejimi bu məsələdə ən qatı mövqe qoyub və hətta bunu sərhədlərin dəyişdirilməsi kimi qiymətləndirib və bugünədək də əlinə düşən bütün fürsətlərdə Azərbaycanın üzərinə gedir, o cümlədən də Azərbaycanın daxilində ideoloji nöqteyi-nəzərdən dini amildən istifadə edərək, daxildə təxribatlar törətməyə və yaxud da özünə sərfəli qruplar saxlamağa cəhd edir. Bu da təbii ki, Azərbaycanın zaman-zaman mövqe bildirdiyi məsələdir.

Daha sonra toplantıda İranın Azərbaycandan qorxması gərəkdiyi vurğulanıb. Çünki bütün dünya bilir ki, İran adlanan ərazidə 40 milyon soydaşlarımız var və o soydaşlarımız 44 günlük savaşda təkcə Ümid Partiyasının sədri İqbal Ağazadənin çağırışı ilə Ermənistana humanitar adıyla içində hərbi sursatlarla dolu yardım gedən tırların qarşısını aldılar, Ərdəbil-Təbriz yolunda onlarla tır yandırdılar. İran həm də ona görə qorxmalıdır ki, Azərbaycandan dövlət səviyyəsində bir çağırış olsa, görün, İranın parçalanmasında güneyli soydaşlarımızın rolu hansı səviyyədə olar. Ona görə də İran Azərbaycanı təhdid etməyə qalxmamalıdır.

Həftə ərzində Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri – Ümid Partiyası sədrinin təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın sədrinin Naxçıvan MR üzrə yetkilisi, Naxçıvan MR Təşkilatının sədri Faiq Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli və partiyanın diaspor, xaricdə yaşayan soydaşlar və ictimaiyyətlə əlaqələr üzrə sdər müavini Elman Abbasov İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Toplum Tv, Turan İnformasiya Agentliyi) on canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz