Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (22 – 26 may) fəaliyyəti ilə bağlı məlumat yayıb
PRESS-RELİZ
(Həftəlik 22 – 26 may)
Həftə ərzində Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Hər iki toplantı zamanı ölkə və dünya gündəmini zəbt edən olaylar, Azərbaycanın daxili və xarici siyasəti, Azərbaycan-Ermənistan münasibətləri, hər iki ölkə arasında imzalanması planlaşdırılan Sülh Müqaviləsi, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədində vəziyyət, həmçinin Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Brüsseldə keçirilən üçtərəfli görüşün gündəliyi, Rusiya Prezidenti Vladimir Putinlə görüş, habelə 1 iyun Kişinyovda keçirilməsi planlaşdırılan növbəti görüşdən gözləntilər müzakirə edilib.
Rəyasət Heyətinin iclasında Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanan üçtərəfli sazişin bəndlərinə nə Ermənistanın, nə də Rusiya sülhməramlılarının riayət etməməsi, Azərbaycan və Ermənistan ölkə rəhbərlərinin hər Qərb görüşündən sonra Rusiyanın ya Moskvaya, ya Soçiyə dəvət etməsi və ya atəşkəsin pozulmasından danışılıb, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar qəti pislənib.
Toplantıda həmçinin Rusiya-Ukrayna savaşı müzakirə mövzusu olub, bu savaşın bölgəyə təsiri, post-müharibə dönəmində Azərbaycanın indidən xüsusi planlı xarici siyasət formalaşdırmasının vacibliyi qeyd olunub. Azərbaycan və Ermənistan arasında imzalanması gərəkən Sülh Müqaviləsinin uzanma səbəblərinin həm də bu müharibənin olması vurğulanıb. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan həm ölkəsində siyasi vəziyyətin tamamilə öz lehinə dəyişməsini, həm də Rusiya-Ukrayna savaşında Putinin məğlubiyyətini gözləyərək vaxt qazanır və beləliklə, Sülh Müqaviləsinin imzalanmasını da süni şəkildə uzatmış olur.
İclasın irəliləyən dəqiqələrində 28 may qardaş Türkiyədə keçiriləcək olan II tur Prezident Seçkiləri də müzakirə edilib. Rəyasət Heyəti Türkiyə xalqına və dövlətinə uğurlar diləyib.
Toplantıda mövzulardan biri də Rəyasət Heyətinin 28 May Müstəqillik Günü (Respublika Günü) münasibətilə İstiqlal Bəyannaməsi abidəsini ziyarəti olub.
Toplantıda “Siyasi Partiyalarla Haqqında” Azərbaycan Respublikasının yeni Qanununa əsasən partiyanın Nizamnaməsi gündəliyə çıxarılıb, Nizamnaməyə əlavə və dəyişikliklər təklif edilib. Xatırladaq ki, Ümid Partiyası növbədənkənar Qurultaya gedir.
Müavinliyin toplantısında vətəndaşın sosial-siyasi-iqtisadi problemləri, uşaqpulunun verilməsi, bu problemlərin həlli üçün Ümid Partiyasının təkliflər paketi səslənib.
İclasda partiyanın təklif etdiyi Referendum və Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi gərəkən seçkinin keçirilməsinin vacibliyi vurğulanıb.
Partiyanın Rəyasət Heyəti və müavinliyinin toplantılarında həmçinin cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, müvafiq şöbələrin hesabatları gündəliyə çıxarılıb.
Həftəlik fəaliyyət olaraq, partiya yetkililəri – Ümid Partiyasının sədr müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova, partiyanın diaspor, xaricdə yaşayan soydaşlar, ictimaiyyətlə əlaqələr üzrə sədr müavini Elman Abbasov) İnternet Televiziyalarında (Laf Tv, Xural Tv, Reaksiya Tv) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz əlli beş minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində üç milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi