Ümid Partiyası həftə ərzindəki fəaliyyəti ilə bağlı məlumat yayıb

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (10-13 may) fəaliyyəti ilə bağlı məlumat yayıb.

Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin növbəti iclasları keçirilib.
Rəyasət Heyətinin iclasında ölkədə, bölgədə və dünyadakı ictimai-siyasi vəziyyət müzakirə edilib, eyni zamanda, həftə ərzində partiyada görülən işlər barədə məlumat verilib.

Rəyasət Heyətinin iclasında iki aydan artıq davam edən Rusiya-Ukrayna müharibəsi, müharibənin dünya düzəninə və həmçinin iqtisadiyyatına təsirləri müzakirə olunub. Postmüharibə dövründən gözləntilər, Azərbaycan hakimiyyətinin buna hazırlığı da iclasın müzakirə mövzusu olub.

Toplantıda partiyanın seçki hazırlığı, struktur islahatları da müzakirə edilib.
Rəyasət Heyətində Seçki Məcəlləsinin təkmilləşməsinin vacibliyi qeyd olunub, partiyanın bu istiqamətdə təklifləri səsləndirilib. Ümid Partiyası yetkililəri Seçki Məcəlləsinə dəyişikliklər istiqamətində apardıqları işlərin nəticələrini bölüşüblər.
İclasda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, Ermənistan və Rusiyanın tutduğu mövqe də diskussiya mövzusu olub.

Qarabağ müharibəsi qazilərinin problemləri də iclasda müzakirə edilib və hökumətin atmalı olduğu addımlar barədə də fikir mübadiləsi aparılıb.

Eyni zamanda, gənclərin problemləri, onların həlli istiqamətində edilə biləcək işlər, gənclərə müxtəlif formalarda dəstək də partiya yetkililəri tərəfindən müzakirə edilib.

Müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.

Partiyanın rayon təşkilatlarının fəaliyyətinin gücləndirilməsi və stimullaşdırılması ətrafında da müzakirələr aparılıb, təkliflər verilib. Partiya rəhbərliyinin, xüsusən rayon təşkilatlarının ölkədə gözlənilən böyük siyasi hərəkətlənməyə qədər daha da gücləndirilməsinin vacibliyi qeyd edilib və bu istiqamətdə təkliflər səsləndirilib.

Həftə ərzində Ümid Partiyasının sədri İqbal Ağazadə və partiya yetkililəri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, Ümid Partiyası sədrinin təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, Ümid Partiyası sədrinin siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli) İnternet Televiziyalarında (Laf Tv, Reaksiya Tv, Bakunews Tv, Pressklub Tv) səkkiz canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi

Şərh yaz