Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (20-25 iyun) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 20-25 iyun)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.
Rəyasət Heyətinin toplantısında ölkədə və dünyada baş verən olaylara münasibət bildirilib, dünya gündəmində olan Rusiya-Ukrayna savaşı, bu savaşın Azərbaycana, bölgəyə müsbət və mənfi təsirləri müzakirə edilib, sosial-siyasi-iqtisadi yöndə hazırlıqlı olmağın vacibliyi vurğulanıb.
Toplantıda Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində baş verənlər, erməni silahlı qruplaşmalarının bu bölgədə törətdikləri təxribatlar ətrafında mövqelər nümayiş etdirilib, Laçının atəşə tutulması, gömrük generalının həbsi, deputatların maaşlarının artırılması, Putinin Amerika və Avropaya reaksiyası, Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. iclasın müzakirə mövzularından olub, Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.
Rəyasət Heyəti rayon şöbələri ilə görüşləri də müzakirə edib. Bir ay ərzində 11 rayona səfər edən partiyanın Rəyasət Heyəti rayon şöbələrində baş tutan görüşlərdə partiyanın təqdim etdiyi Konstitusiya islahatları, Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərə münasibətlə bağlı məlumat verib, partiya rəhbərliyinin və rayon şöbələrinin qarşısında dayanan vəzifələr, partiya quruculuğu məsələlərinə də toxunub.
Xatırladaq ki, Ümid Partiyasının Rəyasət heyəti Saatlı, Samux, Ağsu, Cəlilabad, Masallı, Cəlilabad, Neftçala, Şəki, Sabirabad, Qəbələ, Bərdə, rayonlarında görüşlər keçirib, şöbələrin konfransa hazırlığı yoxlanılıb, konfransa hazırlıq üzrə Təşkilat Komitələri yaradılıb.
Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın təbliğat və informasiya məsələləri üzrə sədr müavini Tamilla Qulami, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv ) beş canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, üç yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində dörd milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər. Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi