Ümid Partiyası həftəlik (19-23 sentyabr) fəaliyyətini təqdim etdi

Ümid Partiyasının təbliğat və informasiya müavinliyi partiyanın həftə ərzindəki (19-23 sentyabr) fəaliyyəti ilə bağlı məlumat yayıb.
PRESS-RELİZ
(Həftəlik 19-23 sentyabr)
Ümid Partiyası Rəyasət Heyətinin və Müavinliyinin iclasları keçirilib.
Rəyasət Heyətinin toplantısında Azərbaycanın daxili və xarici siyasəti, İranda teokratik rejimə qarşı aksiyalar, Rusiya-Ukrayna, Rusiya-Ermənistan, Amerika-Ermənistan münasibətləri, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistan səfəri, Xural Tv-nin rəhbəri Əvəz Zeynallının həbsi, post-Putin dönəmi, Azərbaycanda Konstitusiya dəyişikliklərinin vacibliyi və s. məsələlər müzakirə olunub.
Azərbaycan-Rusiya-Ermənistan arasında 2020-ci ilin noyabrın 9-dan 10-na keçən gecədə imzalanan atəşkəs sazişinin bəndlərinin yerinə yetirilməməsi xüsusi diqqətə çatdırılıb, atəşkəsin pozulması, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində erməni silahlı qruplaşmalarının törətdikləri təxribatlar ətrafında fikir mübadiləsi aparılıb, atəşkəsin pozulması qəti pislənib, cəbhə bölgəsində Milli Ordumuzun əsgərlərinin təxribat nəticəsində şəhid olması narahatlığı toplantının əsas müzakirə mövzularından olub. Bu istiqamətdə partiya sədri İqbal Ağazadənin hərbi xidmətə çağırışla bağlı hakimiyyətə təqdim etdiyi təkliflər paketi səsləndirilib.
Müavinliyin iclasında qeyd olunub ki, Azərbaycanımızı sevməyən qüvvələr xarici ölkələrin səfirliklərində törətdikləri qanunazidd hərəkətləri ölkə içinə daşımağa və dövlətimizin dayaqlarını sarsıtmağı əsas hədəfləri seçsələr belə Azərbaycan iqtidarı, müxalifəti və cəmiyyət ayıq-sayıq olmalıdır. Belə ki, bütün bunlardan yararlanmağa çalışan İrana bağlı qüvvələr aktivləşəcək. Ümid Partiyası hamını birliyə, konstitusiyamızda təsbit olunmuş dünyəvilik prinsipinə sadiqliyə çağırıb.
İclasın gedişatında əhalini narahat edən məsələlərdən biri – Azərbaycanda uşaq pulunun verilməsi, sosial gərginliyin aradan qalxması üçün addımlar və s. məsələlər də müzakirə edilib, həlli üçün təklifləri diqqətə çatdırılıb.
Müavinliyin toplantısında Ümid Partiyasının ən qısa zaman üçün təklif etdiyi Referendum seçkisinin keçirilməsinin vacibliyi, proporsional seçki sisteminin bərpası xüsusi vurğulanıb.
Rəyasət heyəti və müavinliyin iclasında cari işlər və struktur fəaliyyətindən doğan məsələlər də müzakirə edilib, bu istiqamətdə müvafiq şöbələrin hesabatları dinlənilib.
Həftə ərzində partiya yetkililəri – Ümid Partiyasının sədri İqbal Ağazadə və müavinləri (Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə, partiyanın İcra Aparatının rəhbəri Taleh Əliyev, partiyanın siyasi məsələlər üzrə sədr müavini Bakir Həsənbəyli, partiyanın sosial məsələlər üzrə sədr müavini İlahə Sadıqova) İnternet Televiziyalarında (Xural Tv, Reaksiya Tv, Laf Tv, Press Klub Tv ) altı canlı efirlə tamaşaçılar qarşısına çıxıblar. Bu kanallarda ümumi olaraq, beş yüz minə yaxın izləyici canlı və yaxud videoyazını izləyib. Sosial şəbəkələr (YouTube, facebook, twitter, instagram, tik-tok) üzərindən həftə ərzində altı milyona yaxın izləyici partiya yetkililərini seyr edib, dinləyib, paylaşımlar ediblər.
Həftə ərzində partiya sıralarına yeni üzvlər qəbul olunub. Partiyanın müvafiq orqanı yeni gələn üzvlərlə işləmək və təşkilatlanma barədə öz tövsiyyələrini verib.
Ümid Partiyasının təbliğat və informasiya müavinliyi
Şərh yaz