Ümid Partiyası Eldar Quliyevin vəfatı ilə bağlı başsağlığı verdi

Azərbaycanın Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev vəfat edib.

Ümid Partiyasının sədri İqbal Ağazadə və partiyanın Rəyasət Heyəti Xalq artistinin vəfatı ilə bağlı ailəsinə, yaxınlarına, dostlarına və xalqa başsağlığı verir.

QEYD: Eldar Quliyev 1941-ci il yanvarın 18-də Bakıda anadan olub. 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Rejissorluq fakültəsində, Sergey Gerasimovun kursunda təhsil alıb. 1967-ci ildən “Azərbaycanfilm” Kinostudiyasında işləyib.

“Biri vardı, biri yoxdu…” adlı ilk qısametrajlı filmini çəkib. Kifayət qədər tanınmış bədii və sənədli filmlərin müəllifidir. 1969-cu ildə ilk böyük ekran əsəri olan “Bir cənub şəhərində” filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

1979-cu ildə “Babək” filmini çəkir və bu film professionallıq səviyyəsinə görə heç də xaricdə istehsal olunan bu tipli filmlərdən geri qalmırdı. Həmin illərdə “Babək” filmi 52 ölkə tərəfindən satın alınıb.

“Ən vacib müsahibə”, “Var olun, qızlar…”, “Ürək… Ürək…”, “Nizami”, “Nə gözəldir bu dünya…”, “Girov”, “İstanbul reysi”, “Dərvişin qeydləri” və s. filmlərə quruluş verib. Həmçinin bir neçə filmin ssenari müəllifidir. Çəkdiyi filmlərin bir neçəsi kinofestivallarda priz və mükafatlara layiq görülüb.

“Debüt” studiyasının bədii rəhbəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Kino” kafedrasının professoru olub. Azərbaycan Professional Kinorejissorlar Gildiyasının ən fəal yaradıcılarından olan E.Quliyev Gildiya yaradılan gündən indiyədək qurumun prezidenti idi.

Bəstəkar Tofiq Quliyevin oğlu, ssenarist Nərminə Quliyevanın atasıdır.

Allah rəhmət etsin!

Şərh yaz