Azərbaycanın əzəli, əbədi dostu, qardaş Türkiyədə bu gün 19 may müasir Türkiyə Cümhuriyyətinin qurucusu Atatürkü Anma, Gənclik və İdman Bayramıdır.
Türkiyə Cümhuriyyəti və Azərbaycan Respublikası dərin tarixi köklərlə bağlı, dünya miqyasında bir-birinə ən yaxın olan iki qardaş ölkədir. Əməkdaşlığımız bütün sahələrdə yüksək səviyyədə inkişaf edir, Azərbaycan-Türkiyə əməkdaşlığı həm regionda, həm də regiondan kənarda böyük önəm daşıyır. Ölkələrimiz arasındakı bu əlaqələrimiz inkişaf etdirilməli və bu birlik daha da möhkəmləndirilməlidir. Türkiyə və Azərbaycanın həmrəyliyi nə qədər güclüdürsə, həm region, həm də ölkələrimiz üçün faydalı olacaq.
44 günlük Vətən müharibəsində də (27.09-10.11.2020) Türkiyə Azərbaycana bütün sferalarda yüksək səviyyədə dəstək oldu. Bu müharibə iki dövlətin həm siyasi rəhbərliyi, həm də xalqlarımız arasındakı həmrəyliyin nə qədər güclü olduğunu bir daha dünyaya sübut etdi.
Ümid Partiyası qardaş Türkiyəni 19 May – Atatürkü Anma, Gənclik və İdman bayramı münasibətilə təbrik edir, bölgədə və dünyada Türkiyənin nüfuzunun daha da artmasını, bütün sahələr üzrə iki qardaş ölkə arasındakı münasibətlərin daha da inkişaf etdirilməsini arzulayırıq.
Türkiyənin ərazi bütövlüyünün qorunması uğrunda canından keçən Şəhidlərin ruhu qarşısında baş əyirik!
Bayramınız mübarək!