ÜMİD ili və ya ÜMİDli il – BAKİR HƏSƏNBƏYLİ yazır

Siyasi uğuru yalnız hakimiyyət olimpinə yüksəlişlə əlaqələndirmək, siyasətə səthi baxışın və ya şəxsi “mən”in ifratıdır. Politologiya siyasətçinin fəaliyyətini həm də cəmiyyət probleminə və ya sifarişinə ictimai diqqəti yönəltməyin vacibliyini önə çəkir. Siyasətçinin fərdi fəaliyyəti və ya təşkilat mənsublu olması onun bu istiqamətdə də fəaliyyətini şərtləndirir. Fərdi fəaliyyətlə, mənsubiyyətli fəaliyyət arasında fərq adından da göründüyü kimi ciddi məqamlarla ayrılıq təşkil edir. Düzdür, hər iki fəaliyyətin nüvəsində siyasət durur. Lakin mənsubiyyətli fəaliyyət əsasən kollektiv zəkanın məhsulu olur. Çağdaş dünyamızda uzun müddətli kollektiv siyasi fəaliyyətin qorunub saxlanılması ciddi əmək və səbr tələb edir.

Orta yaşlı Azərbaycan siyasətçisinin ömrünün az qala 3-də 2-si mövcud hakimiyyətin dönəminə təsadüf edir. Yəni mövcud durum siyasətçinin ümidlərinin üstündən xətt çəkilməsinə rəvac verən vəziyyətdir. Lakin mən heç zaman “ümid ən sonda ölür” tezisinə inanmamışam. Əslində ümid heç zaman ölmür. Hətta insanın, əsasən də siyasətçinin bioloji yoxluğu onun ideyalarının silahdaşları və ya ardıcılları fonunda yaşamasını stimullaşdırır.
Ümid Partiyası Azərbaycan insanının düşüncəsində şüarçılıqdan, inqilabi düşüncədən kənar, yalnız seçim yolu ilə hakimiyyətə gəlişi hədəfləyən siyasi təsisat kimi qalıb. Bu xətti bəyənməyən, radikal dəyişikliyi zamanın zərurəti kimi görənlər də var yaşadığımız cəmiyyətdə. Lakin bu peşəkar deyil diletant yanaşmasıdır. Hər bir radikallığın əks təsiri, hər bir inqilabın dağınıq sonu var. Ümid üçün ən optimal yol seçkidir. Əslində məhz bu proqram cəmiyyət düşüncəsinə partiyanın yolunun, xəttinin izini salıb.

Azərbaycan 44 günlük savaşı zəfərlə, qalibiyyətlə başa vurdu. Səviyyəsindən, görəvindən aslı olmayaraq, hər kəs eyforiyada idi. Və bu zaman Ümid Partiyası kreativ ideyasının zamanını yenilədi: Cənubi Qafqaz Birliyi mövcud vəziyyətdə ən doğru addım olar. Bu, o zaman idi ki, Ermənistan cəmiyyəti çıxılması zor olan depressiyada idi. Gələcəyə inam tükənmiş, 100 illərin təbliğatı fiaskoya uğramışdı. Lakin Umid Partiyası öz ölkəsinin hətta ən ciddi uğurunu belə fürsətçillik kimi qəbul etmədi. Cənubi Qafqaz ideyası həmin situasiyada kənar təsirlərin, hər iki tərəf üçün katalizator effektinin aradan qaldırılmasına səbəb olacaqdı. İdeya həm Ermənistan ictimaiyyətinin qisasçılıq yanğısını aradan qaldırmağa xidmət edirdi, həm də Azərbaycan xalqının dinc qonşuluq prinsipini dünyaya mesaj olaraq ötürürdü. Çünki qisasçılıq yeni düşmənçilik dalğasının yayılması demək idi. Və Azərbaycanın bu istiqamətdəki mövqeyi isə xalqın yeni obrazının yaranmasının anonsu oldu.

Bütün ideyalar ilkin dövrlərdə çətin həzm olunur. Biz bir zamanlar kəndimizə gəlib övladlarımızı aydınlığa çıxaracaq müəllimə etiraz olaraq “şkol, bizim kənddən get” – demişik. Lakin bu gün ən sadə kəndli belə övladının təhsil alması üçün maddi olaraq nəyi varsa, keçməyə hazırdır. II Vətən Müharibəsinin yenicə bitdiyi zamanlarda Cənubi Qafqaz Birliyi ideyasına olan münasibət də, 100 il öncə kəndə gələn müəllimə baxışla eynidir. Lakin bir nüansı unuduruq, dünya bizim istəyimizdən asılı olmayaraq qütblənir. Ayrı-ayrılıqda kifayət qədər kiçik olan Cənubi Qafqaz xalqları birlikdə yeni coğrafi məkanın, iqtisadi birliyin, hətta hərbi ittifaqın və s. modelini tərtib və tətbiq edə bilərdi. Unutmayaq ki, Azərbaycan və Ermənistanın ticarət dövriyyəsinin ayrı-ayrılıqda cəmi 2, Gürcüstanın isə 12%-i Cənubi Qafqazla bağlıdır. Yaranacaq Birlik bu əmsalın yüksəlməsinə səbəb olacaqdı. Əslində olacaqdı ifadəsi ehtimala əsaslanır. Lakin nəinki ümid etmək, hətta tam məsuliyyətlə inanmaq lazımdır ki, bu ideya həyata keçəcək və zamanın çatlarını tamlaşdıracaq.
Sərhəd vətənin böyük anlamda başladığını və bitdiyini şərtləndirən amildir. Hələ millətlər formalaşmamış, cəmiyyətlər yaranmamış, dövlətlər qurulmamışdan öncə sərhədlər var idi. Qəbilələr öz ərazilərini müxtəlif vasitələrlə sərhədləməklə həmin məkanın kənar təsirlərə qapalı olduğu mesajını verirdilər. Bəlkə Vətən anlamını yaradan da məhz sərhəd olub.

II Vətən Müharibəsi bitəndən dərhal sonra Ümid Partiyası siyasi hakimiyyətə azad edilən ərazilərdə sərhəd divarlarının çəkilməsi təklifini verdi. Müxalif təsisatın təklifini qəbul etməyi özünə rəva görməyən iqtidarın təkəbbürünün yersiz olması ən qısa zamanda özünü büruzə verdi. Məğlubiyyətinin yalnız ilk günlərində, yəni şokdan çıxana qədər erməni tərəfindən yalnız çatlak səsli bəyanatlar gəlirdi. Lakin bir müddət sonra nəinki sərhədlərimizə güllə yağışı yağmağa başladı, hətta təxribatçı qruplar peyda oldu, əsgərlərimizə qumbara atıldı. Və həmin zaman partiya yenidən təklifini gündəmə gətirdi. Konkret nümunələr göstərildi. Daha uzağa getməyə isə lüzum yoxdur. Qardaş Türkiyə qonşu İranla öz arasında olan sərhəddin yarısından çoxunu divarlarla çəpərləyib. Divarların hörülməsi mümkün olmayan ərazilərdə isə 4 metr dərinliyində və 4 metr enində xəndəklər qazılıb. Bir neçə gün öncə hər halda Müdafiə Nazirlyinin verdiyi məlumatda qeyd edilirdi ki, iki Azərbaycan əsgəri dumanda azaraq erməni tərəfinə keçib və sonucda əsir düşüblər. Bu zaman ortaya maraqlı sual çıxır: Azma təhlükəsi olan əsgərin geri qayıtmasını şərtləndirən yeganə amil sərhəd divarları olmazmı? Əlbəttə olar. Lakin nədəndirsə, hələ ki, ölkə rəhbərliyi bu məsəlyə isti yanaşmır. Və bu məsələ yalnız ərazi və əsgər təhlükəsizliyi baxımından yekunlaşmır.

Ermənistan 44 günlük savaşın məğlub tərəfi olasa da, hələ də işğalçılıq siyasətindən imtina etmir. Azərbaycanın əzəli və əbədi torpaqlarında məskunlaşan separatçılar kənar və məqsədli dövlətlərin bir o qədər də gizli olmayan siyasətlərinin nəticəsi olaraq, Xankəndi, Xocalı və s. torpaqlarımızda qalmaqda davam edirlər. Sərhəd divarlarının çəkilməsi separatçılar üçün həm də qorxu və şok terapiyası olar. Nəzərə almaq lazımdır ki, tarixən maneəsiz zəhərli ideologiya, maddi və hərbi dəstək aldıqları Ermənistanla, separatçıların aralarında keçilməsi zor olan, 24 saat kamera nəzarətində olacaq sərhəd divarları ucaldılır. O zaman yaranan psixoloji travma düşmən üzərindəki ilk qələbə olar. Düşmən özünü çıxılması zor olan adada hiss edər. Çünki həmin adadan çıxış variantları yalnız Azərbaycanın əlində olacaq.
Ölkə başçısı cari ili “Şuşa ili” elan etdi. Məsələyə daha öncəki tarixdən nəzər salsaq, bu ideyanın Ümidlə bağlı tarixinin yaşı düz 20 ildir. Yəni Şuşanın 250 illiyi ərəfəsində. (Ümid Partiyasının sədri, o zaman millət vəkili olmuş İqbal Ağazadə Şuşanın 250 illiyinə həsr edilmiş tədbirin təşkilatçısı idi) Daha sonra ölkənin mədəniyyət paytaxtının işğaldan azad edilməmişdən öncə Ümid Partiyası 2020-ci ilin “Şuşa ili” elan edilməsi ilə bağlı cəmiyyətin müzakirəsinə yeni ideya təqdim etdi. Yuxarıda mövcud iqtidarın lüzumsuz təkəbbürü haqqında yazmışdıq. Gec də olsa, 2022-ci il “Şuşa ili” elan edildi. Və bu yazının əvvəlində də, qeyd olunmuşdu, siyasi təsisatın uğuru yalnız hakimiyyətə gəlişlə məhdudlaşmır. Əgər rəqib belə sənin ideyanı qəbul edirsə, o zaman uğura şəriksən.

Ümid Partiyasının “Şüşa ili” ilə bağlı təşəbbüsünün siyasi konturları nə idi? Birinci, Şuşa adı dünya ictimaiyyətinə məhz Azərbaycan tərəfindən təqdim olunur. Xarici siyasətin problemli tərəfi üzərində fokslaşan xəttdə ərazinin tarixi mənsubiyyəti mesajı verilir.
İkincisi, Şuşanı mədəniyyət və sənaye mərkəzinə çevirməklə, yerli əhalinin sürətli məskunlaşmasını təmin edərək, düşmənin xəyanət yuvasına çevirdiyi Xankəndinin nəzarət altında saxlanılması imkanları əldə olunur.
Partiyanın ideyalarının sayı yalnız bu məqalədə toxunduğumuz qədər deyil. Əslində daha çox və əhatəlidir. Zaman-zaman həmin ideyalar haqqında araşdırma xarakterli məqalələr ictimaiyyətə təqdim olunacaq. Hələ ki, “Şuşa ili”mizin ilk günlərini yaşayırıq. “Şuşa ili” həm də ÜMİD ilidir. Gələcəyə baxışın dəyişə biləcəyi ildir. Deməli ÜMİDli ildir.

Ümid Partiyasının Siyasi Təhlil Mərkəzi

Şərh yaz