Ukrayna ilə bağlı daha bir fəlakət ssenarisi: Zelenski mühasirəyə alınır – ANAR İSAYEV şərh edir

Xəbər verdiyimiz kimi, ABŞ Ukraynadakı HIMARS-lar üçün hədəfi təyin etmə sistemini söndürüb. Bununla da Ukrayna uzaq məsafəyə zərbə endirmək üçün təlimat və real vaxt məlumatlarını ala bilmir. Məlum olduğu kimi, həmin texnikalar vasitəsilə Rusiya dərinliklərinə, bəzi obyektlərə zərbələr endirildi.
Ukrayna bu çətin vəziyyətdən necə çıxacaq?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, Donald Tramp hələ seçki öncəsində verdiyi vədlərdə münaqişələrin dayandırılması, dünyaya sülhün gətirilməsi mesajları ilə çıxış edirdi:
“Hakimiyyətə gəldiyi ilk günlərdə Rusiya-Ukrayna müharibəsinin həlli üçün sülh planı tərtib etmişdi. Təklif olunan plan isə nə Aİ, nə də Ukrayna tərəfindən birmənalı qarşılandı. Bunu təslimçi sülh planı kimi qiymətləndirdilər. ABŞ-ın təklif etdiyi planla Rusiya Prezidenti Vladimir Putinin istədiyi sülh müqaviləsi üst-üstə düşür.
Məlum olduğu kimi Ukrayna Rusiyanın irəli sürdüyü şərtlərlə razı deyil. Ukrayna və ABŞ liderləri arasındakı son mübahisəli görüşün ardınca Tramp B planını aktivləşdirdi. Bu sülhə məcburetmə planıdır. ABŞ buna görə öz dəstəyini Ukraynadan kəsdi. Fevral ayının 28-də baş tutan görüşdən sonra Tramp hərbi və maliyyə dəstəyinin dayandırılması haqqında fərman imzaladı. Kəşfiyyət məlumatlarının Ukraynaya sızdırılmasının qarşısının alınması ilə bağlı da göstəriş verildi”.
Anar İsayevin sözlərinə görə, HIMARS-larla bağlı verilən qərar B planının tərkib hissəsidir:
“Ukrayna ordusu Rusiya daxilini vurmaq üçün HIMARS-lardan istifadə edirdi. ABŞ-dan koordinatların verilməməsi üçün göstəriş verilib.
Volodimir Zelenskinin Ukraynanın təhlükəsizliyi ilə bağlı Aİ ölkələri ilə keçirdiyi görüşlər nəticəsiz qaldı. Çünki Kiyevə müharibənin davam etdirilməsi ilə bağlı dəstəyin verilməsi məsələsi həmin ölkələr üçün böyük problemə çevrilib. Göründüyü kimi ABŞ-ın tək başına Ukraynaya göndərdiyi dəstəkləri Aİ ölkələri birlikdə edə bilmir. Bunun da məntiqi sonluğu kimi Zelenski X hesabında Donald Tramp rəhbərliyi altında fəaliyyət göstərməyə razılaşdığını ifadə etdi. Həmin planın artıq işə yaradığı görünür”.
Anar İsayev qeyd edir ki, Aİ ölkələri ilə görüşdən sonra Ukraynada ABŞ-ın dəstəyi olmadan müharibəni aparmağın qeyri-mümkün olduğuna dair fikirlər formalaşdı:
“Böyük ehtimalla ABŞ-ın sülh planı ilə rəsmi Kiyev razılaşacaq. Zelenski dəfələrlə sülh tərəfdarı olduğuna dair açıqlamalar verib”.
Safura Bənnayeva
Şərh yaz