Tramp Rusiyaya qarşı sanksiyaya axıra qədər dəstək verəcəkmi? – TALEH ƏLİYEV şərh edir

“Trampın yaxın gələcək üçün Rusiyaya qarşı sanksiyalara sona qədər dəstək verəcəyi inandırıcı görünmür”.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev ABŞ prezidenti Donald Trampın qolf oyunu zamanı senator Lindsi Qremin Rusiyaya qarşı sanksiyasına dəstək ifadə etməsini şərh edərkən deyib.
“Bu, Tramp siyasətinin özünəməxsusluğudur. O, oyun oynayır. Rusiya ilə diplomatik təmasların davam etdirilməsi Tramp hakimiyyəti üçün əsas prioritetlərdən biridir. Ona görə Tramp fəaliyyətini məhz bu istiqamətdə qurub” – deyə Taleh Əliyev bildirib.
Trampın Moskvaya qarşı mövqeyi sərt şəkildə dəyişərsə, rusiyapərəst Şərqi Avropa ölkələrinin sərgiləyəcəyi mövqeyə gəldikdə, ekspert onların seçim qarşısında qaldıqda üzvü olduqları bloku dəstəkləyəcəklərini düşünür:
“Vəziyyət kritik həddə çatarsa, Rusiyanın Ukrayna cəhbəsindəki iri miqyaslı hərbi əməliyyatları digər sovet respublikaları, o cümlədən Baltik ölkələrinə də ciddi təhdid yaradarsa, bu halda Tramp administrasiyasının həmin sanksiyaları açıq şəkildə dəstəkləməsi rusiyapərəst Şərqi Avropa ölkələrinin mövqeyində də mühüm dəyişikliklərə gətirib çıxaracaq. Bu ölkələr güclü ABŞ və onun Qərb müttəfiqləri ilə Rusiya arasında seçim etmək zorunda qalacaqları təqdirdə, heç şübhəsiz mənsub olduqları düşərgəni, Qərb blokunu dəstəkləyəcəklər. Ona qədər isə həmin ölkələr Rusiya ilə təmaslarını davam etdirəcəklər”.
Qeyd edək ki, Respublikaçı senator Lindsi Qrem ABC telekanalına müsahibəsində prezident Donald Trampın Kremlə qarşı sərt addımlar atmağın vaxtının çatdığını düşündüyünü deyib: “Dünən ilk dəfə idi ki, biz qolf oynayanda prezident mənə dedi ki, irəli getməyin vaxtıdır”.
Senator qeyd edib ki, hazırda Rusiyaya qarşı yeni sanksiyalar paketi müzakirə olunur və ABŞ Senatının iyul ayında bu sənədi gündəliyə çıxaracağı gözlənilir. Onun sözlərinə görə, əgər Konqres qanun layihəsini qəbul edərsə, Tramp onu imzalamağa hazırdır.
Qanun layihəsinin əsas məqamlarından biri Rusiyanın enerji resurslarını alan ölkələrə 500%-lik rüsum tətbiq edilməsidir. Bu tədbir Çin, Hindistan, Türkiyə, Braziliya, Cənubi Koreya, Tayvan, Yaponiya və Avropa İttifaqı ölkələrinə təsir göstərə bilər.
Rüfət Sultan
Şərh yaz