Tramp “ərəblərə söz vermişəm” dedi, İsraili təhdid etdi – Gərginlik artır- ANAR İSAYEV şərh edir

ABŞ Prezidenti Donald Tramp İsrailin İordan çayının qərb sahilini ilhaq edəcəyi təqdirdə, Vaşinqtondan aldığı bütün dəstəyi itirəcəyini bəyan edib. Tramp ərəb ölkələrinə söz verdiyini və onlardan ciddi dəstək aldığını deyib.
Təl-Əvivin Ağ Evlə bəzən koordinasiyasını pozduğu, ondan xəbərsiz addımlar atdığı bilinir. Məsələn, son olaraq Qətərin paytaxtı Dohaya hücum buna nümunədir.
Beləliklə, İsrail ABŞ-ın çağırışlarına məhəl qoyacaqmı? İordan çayının qərb sahilinin ilhaqı planı həqiqətən təxirə salınır?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev deyib ki, regiondakı hazırkı siyasi dinamikanın ən həssas dönəmində Trampın bəyanatı və İsrailin son davranışları ABŞ-la arasında koordinasiya böhranının yarandığını göstərir:
“Amma bu, tam qırılma deyil, daha çox qarşılıqlı güc nümayişidir. Belə ki, Donald Trampın bu xəbərdarlığı iki məqsəd daşıyır:
Birincisi, ərəb ölkələrinə verdiyi vədi qorumaq;
İkincisi, Təl-Əvivə “bizimlə koordinasiyasız hərbi-siyasi addımlar atmaq olmaz” mesajını vermək.
Tramp administrasiyası ərəb dünyasında İsraili müəyyən məhdudiyyətlər daxilində saxlamaqla ABŞ-ın vasitəçi rolunu möhkəmləndirmək istəyir. Əgər İsrail İordan çayının qərb sahilini ilhaq etsə, Ağ Ev rəhbərinin ərəb liderləri qarşısında nüfuzu zəifləyəcək.
Trampın İsrailə yönəlik “dəstək dayandırılacaq” sözləri real maliyyə və hərbi yardımı nəzərdə tutmasa da, diplomatik təzyiq aləti kimi ciddi siqnaldır.
İsrail rəhbərliyi hazırda iki istiqamət arasında qalır:
-Bir tərəfdən, daxili siyasi təzyiqlər (xüsusilə sağçı və ultra-millətçi qüvvələrin bütün əraziləri yəhudi dövlətinə birləşdirmə” tələbi).
-Digər tərəfdən, ABŞ-la münasibətlərin pisləşməsi riski — bu isə hərbi yardım, kəşfiyyat məlumatı və beynəlxalq müdafiə üçün həyati əhəmiyyət daşıyır.
Dohaya hücum kimi addımlar göstərir ki, İsrail bəzən öz strateji hədəflərini ABŞ-ın diplomatik gündəliyindən üstün tutur. Lakin bu, uzunmüddətli xətt deyil —Təl-Əvivin hərbi və diplomatik gücü hələ də Vaşinqtonun dəstəyindən asılıdır”.
O, bildirib ki, İsrail ABŞ-ın sərt mövqeyi və ərəb ölkələrinin narahatlığı səbəbindən rəsmi ilhaq qərarını müvəqqəti dayandıra bilər:
“Amma bu, sadəcə formal xarakter daşıyır. Belə ki, İsrail “de-fakto” Qərb sahilində məskunlaşma, infrastruktur və idarəçilik mexanizmlərini genişləndirməklə addım-addım ilhaq siyasətini davam etdirə bilər.
Digər tərəfdən, bu addımın ABŞ-İsrail münasibətlərində ciddi gərginlik və ərəb dövlətləri ilə əlaqələrdə böhrana səbəb olması da mümkündür. Ona görə də İsrail ABŞ-ın çağırışlarını tam görməzlikdən gəlməyəcək, çünki Tramp administrasiyasının dəstəyi onun regional təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır”.
Şərh yaz