“Tehran və Vaşinqton arasında diplomatik kanal açılıb, amma…” – TAMİLLA QULAMİ şərh edir

“Tehran və Vaşinqton arasında diplomatik kanal açılıb, amma…” – Tamilla Qulami şərh edir
ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurma bu dəfə diplomatik müstəvidə baş verən yeni hərəkətliliklə diqqət çəkir.
Tehranın danışıqların bərpası üçün irəli sürdüyü şərtlər və Vaşinqtonun buna münasibəti iki ölkə arasında növbəti prosesin yalnız hərbi deyil, həm də mürəkkəb siyasi-diplomatik müstəvidə inkişaf edəcəyini göstərir.
Xüsusilə vasitəçi ölkələrin prosesə cəlb olunması və yüksək səviyyəli diplomatik təmasların gündəmə gəlməsi tərəflərin mövqelərinin hansı istiqamətdə dəyişə biləcəyi məsələsini aktuallaşdırır.
Maraqlıdır, İranın irəli sürdüyü şərtlər və ABŞ-nin mövqeyi nəzərə alınarsa, hazırkı diplomatik təmasları real danışıqlar prosesinin başlanğıcı kimi qiymətləndirmək mümkündürmü, yoxsa tərəflərin fundamental siyasi və təhlükəsizlik maraqları hələlik belə bir anlaşmanın qarşısında əsas maneə olaraq qalır?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami açıqlama verib.
Siyasətçi xanım qeyd edib ki, ABŞ və İran arasındakı müharibəyə yönəlik diplomatik təmaslara nəzər salarkən görərik ki, artıq İranın Qətər üzərindən Vaşinqtona şərtlər təqdim etməsi və ABŞ tərəfinin də diplomatik kanalların açıq qalmasına münasibət bildirməsi müəyyən mənada danışıqlar üçün ilkin siyasi çərçivənin formalaşdığını göstərir:
“Yenə də buna rəğmən hələlik hər iki ölkə arasında real və müsbət nəticəyə dair danışıqlar prosesinin başladığını demək çətindir. Xəbərlərdə də oxuduğumuz kimi İran müharibənin bütün cəbhələrdə dayandırılmasını, dondurulmuş vəsaitlərinin açılmasını və ABŞ-nin dəniz blokadasına son qoymasını tələb edir.
Burada əsas problem tərəflərin bir-birlərinə etimadsızlığı və danışıqlara fərqli başlanğıc mövqelərindən yanaşmasıdır.
Tehran ilk mərhələdə ABŞ-dən konkret güzəştlər tələb edir və bunu danışıqların şərti kimi təqdim edir. Vaşinqton üçün isə əsas məsələlər təkcə hərbi əməliyyatların dayandırılması deyil, İranın nüvə proqramı, regional təhlükəsizlik, dəniz yollarının açıq saxlanılması və İranın regiondakı silahlı proksi terrorçu tərəfdaşlarının fəaliyyəti ilə bağlı təminatlardır. Buna görə də hər iki ölkənin bugünkü mövqeləri arasında ciddi məsafə var.
Buna baxmayaraq, hər iki tərəf gərginliyi azaltmaq istədiyini nümayiş etdirsə də, görünən bu ki, fundamental tələblərdə hələ də əhəmiyyətli dərəcədə yumşalma müşahidə olunmur”.
Tamilla Qulami qeyd edib ki, bununla belə, yenə də diplomatik kanalın olmasının özü vacib məqamdır, çünki uzunmüddətli hərbi qarşıdurma həm İran, həm də ABŞ üçün artan iqtisadi və strateji xərc deməkdir:
“Üstəlik də, Hörmüz boğazı və Qırmızı dəniz ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi enerji bazarlarına və regional dövlətlərə əlavə təzyiq yaradır. Artıq Çin belə tərəfləri təmkinə və danışıqlar çərçivəsinin bərpasına çağırıb.
Düşünürəm ki, əsl dönüş nöqtəsi tərəflərin ilkin şərtlərdən geri çəkilib, qarşılıqlı güzəştlərin müzakirəsinə keçmək olacaq. Zənnimcə, hazırki durumu diplomatik zəmin kimi dəyərləndirmək olar. Nə qədər çətin olsa da.
Çətinlik odur ki, Tehran və Vaşinqton ilk addım atanı gözləyir. Əgər onlar bu yanaşmadan çıxıb, mərhələli atəşkəs, nüvə məsələsi, sanksiyalar və regional təhlükəsizlik üzrə paralel mexanizm yarada bilsələr, indiki təmasların daha geniş anlaşmanın başlanğıcına çevriləcəyinin şahidi olacağımız ehtimal yüksəkdir.
Fakt bu ki, hazırda isə əsas maneə diplomatik kanalın olmaması deyil, həmin kanal vasitəsilə tərəflərin bir-birinin təhlükəsizlik maraqlarını qəbul edə biləcəyi ortaq çərçivənin hələ formalaşmamasıdır”.
Şərh yaz