Tariximizin qanlı səhifələrindən biri də Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş, milli yaddaşımızın faciəli təzahürü 30 Mart – 3 Aprel Soyqırımı hadisələridir.
Erməni daşnaqları şərqdə və qərbdə zəngin Azərbaycan torpaqlarına, ruslar da Bakı neftinə sahib olmaq istəyirdi. Demək, bu soyqırımın baş verməsinə sübut olaraq, dini və etnik mənsubiyyətə görə bir xalqın kütləvi məhvə məruz qalmasını tək ermənilərə deyil, ruslara da sərfəli idi. Bütün bunların təməli Azərbaycanı əsarətə almaq üçün “parçala və hökm et” prinsipini əsas tutan ölkələrin rəqabəti nəticəsi olaraq, XVIII Azərbaycan ərazisində Bakı, Qarabağ, Quba, Şəki, İrəvan, Şamaxı, Naxçıvan xanlıqları yarandı. Bu əsrlərdə Türkiyə, İran və Rusiya arasındakı münasibətlərin kəskinləşməsi və vətənimiz uğrunda aparılan çəkişmələr xalqımızın taleyində faciəli iz qoymuş, bu milli faciənin davamı kimi doğma Azərbaycanımızın zəbti başlanmışdı.
Ermənilərə verilən ən böyük cəsarət də elə bu siyasətin gerçəkləşdirilərək, xain düşmənin kütləvi surətdə vətənimizə köçürülməsi idi. Onlar əsrlər boyu malik olmadıqları dövləti qurmağa cəhd və səy göstərir, Qafqazda Rusiya imperiyasının planlaşdırılması vasitəsi olaraq, bu vəziyyətdən öz məqsədləri üçün var gücləri ilə faydalanmağa çalışırdılar.
Azərbaycanlılarla müqayisədə azlıq təşkil etməklərinə baxmayaraq, İrəvan, Qarabağ, Naxçıvan xanlıqlarının ərazisində məskunlaşdırılan ermənilər “Böyük Ermənistan” uydurmalarını təbliğ etməklə, öz himayədarlarının yardımı ilə “Erməni vilayəti” adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Bu qondarma ərazi bölgüsü də demək olar ki, azərbaycanlıların yurdundan-yuvasından qovulması və məhv edilməsi siyasətinin bünövrəsini qoydu.
Qondarma “Böyük Ermənistan” yaratmaq xəyalı ilə ruhlanan ermənilər 1905-1907-ci illərdə azərbaycanlılara qarşı bu dəfə gizli deyil, artıq açıq şəkildə və geniş miqyaslı qanlı aksiyalar həyata keçirməyə başladılar. Özlərinin etdiyi bu vəhşiliklərin açılmasına, ona düzgün hüquq və siyasi yöndən qiymət verilməsinə maneçilik törədərək, azərbaycanlıların mənfi obrazını yaratmış, öz uydurma torpaq iddialarını ört-basdır etmişdilər.
Keçmiş sovet məkanında təkcə torpaqlarımızı deyil, hətta milli-mədəni irsimizi, abidələrimizi havadarlarının köməyi ilə müntəzəm şəkildə yayılan kitab, qəzet və jurnallarda özlərinə aid olduğunu göstərməyə çalışırdılar. Bütün dünyada bizim simamızda vəhşi obraz formalaşdırıb, soyqırım törədən deyil, soyqırım qurbanları kimi özlərində “yazıq erməni xalqı” surəti yaradaraq, əsrin əvvəlində baş vermiş hadisələri şüurlu şəkildə vicdansızcasına təhrif edirdilər.
Bakı Sovetinin iclasında Şaumyanın azərbaycanlı soyqırımına rəsmi icazə verməsi Şamaxı, Kürdəmir, Salyan, Quba və Lənkəranda sovet hakimiyyəti qurmaq adı altında yeni bir soyqırımın vəhşicəsinə həyata keçirilməsini gerçəkləşdirdi.
Martın 30-da təqribən 17:00 radələrində Bakıda ilk atəşlər açıldı. Kütləvi soyqırım zamanı azərbaycanlılara aid yaşayış binaları, mədəniyyət ocaqları dağıdıldı.
Azərbaycanlıların sosial həyatında başlıca rol oynayan, maddi və mənəvi köməyi ilə məşhur olan və bütün fəaliyyətini Cənubi Qafqaza yayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı, Təzəpir məscidinin minarələri yerlə-yeksan oldu. Məscidə pənah gətirənləri düşünmədən məhv etməyi də ancaq onlardan gözləmək olardı. Aprelin 1-i gecə yarıya kimi davam edən müsəlman soyqırımında minlərlə azərbaycanlı qətlə yetirildi, cəlladlar uşaqlara, qocalara belə aman verməyib, qız-gəlinləri saç-saça bağlayıb çılpaq şəkildə bütün küçələrdə gəzdirmişlər. Bu 3-4 gün ərzində törədilən soyqırım əvvəlcədən düşünülmüş, ən incə nöqtələrinə qədər planlaşdırılmışdı. Buna sübut olaraq, arxiv materialları göstərir ki, ermənilər mart soyqırımından öncə Ərzurum yaxınlığındakı Taşlıyaylada 3000 türkü qətlə yetirmişdilər.
Möhkəm silahlanmış cəlladlar müsəlmanların evlərinə basqınlar edərək, 3-4 günlük körpələri xəncərlə doğrayır, uşaqları alovların içinə atırdılar. Qadınlar isə yuxarıda dediyimiz kimi, daha ağır şəkildə öldürülmüş, qulaqları, burunları kəsilib, orqanları parça-parça edilmişdi, vəhşicəsinə qətlə yetirilmiş 37 qadının cəsədi tapılmışdı.
Hətta Bakıda törədilən bu soyqırıma “vətəndaş müharibəsi” adının verilməsi, qətlə yetirilənlərin sayının azaldılması üçün bütün gücü ilə çalışan Şaumyanın sanki soyqırımla heç bir əlaqəsi olmayıbmış kimi, 13 apreldə Moskvaya göndərdiyi məktubda yazır: “3 gün ərzində Bakıda şiddətli savaş oldu. Sovet ordusu, bizim yaratdığımız Beynəlxalq Qızıl Ordu və Erməni milli ordusu Müsavat Partiyasının liderlik etdiyi müsəlman “Dikaya Diviziya”sıyla və silahlı müsəlman quldurlarıyla savaşdılar. Bu savaşda yüksək nəticələr əldə etdik. Düşmən tamamilə məhv edildi. Hər iki tərəfdən öldürülənlərin sayı 3000-dən çoxdur. Əgər müsəlman türklər qalib gəlsəydilər, Bakı Azərbaycanın paytaxtı elan ediləcək, Qafqaz Rusiya üçün itirilmiş olacaq, bütün qeyri-müsəlmanlar isə soyqırıma məruz qalacaqdılar”. Beləliklə, mənfur düşmənlər bu qətliamı bolşeviklərlə müsəlmanlar arasında baş verən hakimiyyət mübarizəsi kimi bütün mətbuata yaydılar.
Erməni yepiskopu Baqrat Şaumyandan da irəli gedərək, ermənilərin mart hadisələrində iştirakını alçaqcasına inkar edir və bunu 1919-cu ildə ABŞ tərəfindən Bakıya göndərilən, general Harborda təqdim edilən sənəddə də təsdiq edir. Sənəddə də soyqırımda öldürülən 1000 nəfərdən 300-nün erməni və rus, qalanının müsəlman olduğunu iddia edirdi.
Bu kütləvi soyqırım hadisələri təkcə Bakıda deyil, demək olar ki, Azərbaycanın bütün bölgələrində həyata keçirilmişdi. Quba qəzasında Şaumyandan bilavasitə əmr alan Hamazasp erməni silahlı birləşmələrinə liderlik edərək, bu bölgənin 122 kəndini dağıtmış, yüzlərlə türk və ləzgi qətlə yetirmişlər. Şamaxıya hələ yanvar ayından Bakı Soveti tərəfindən 15 maşın dolusu silah, martın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri göndərilmişdi. Şamaxının 58 kəndi dağıdıldı, 8000-nə yaxın insanı öldürüldü ki, bunun da 1653 nəfəri qadın, 965-i isə uşaq idi. 1918-ci ildə 15000 min əhalisi olan bu şəhərin 1921-ci ildə sakinlərinin sayı 1701 nəfərə enmişdi. Aprel ayının ilk ongünlüyündən etibarən isə bu qətliamlar eynilə Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan, İrəvan və digər bölgələrdə həyata keçirilmişdi.
Nəhayət bu qırğın və sürgün siyasəti Ənvər paşanın qardaşı Nuru paşanın komandanlığındakı “Qafqaz İslam Ordusu”nun yardıma gəlməsi nəticəsində kütləvi qırğınların qarşısı alınıb, xalqımıza divan tutan erməni və rus birləşmələri qovularaq, ölkədən çıxarılıb.
Azərbaycan Xalq Cumhuriyyəti yarandıqdan sonra mart hadisələrinə xüsusi diqqət yetirmiş, hətta dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyinin nəzdində xüsusi qurum da yaradılmışdı. 31 martın Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunması 1919-cu ildə Xalq Cümhuriyyətinin parlamenti, Milli Şura tərəfindən verilmiş, lakin Cumhuriyyətin süqutu azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən çox davam edən torpaqlarımızın işğalı proseslərinə ilk dəfə olaraq siyasi qiymət vermək cəhdini başa çatdırmasına imkan vermədi.
Təəssüflə qeyd etməliyik ki, Cumhuriyyətin dağıdılmasından sonra 10 oktyabr 1920-ci ildə hakimiyyətə gələn bolşevik hökuməti tərəfindən onun qəbul etdiyi bütün qərarlar rədd edildi. Elə bu haqsızlıqdan cəsarətlənib ilham alan erməni daşnaqları ortaya atdıqları torpaq iddiaları ilə yenidən minlərlə azərbaycanlını qətlə yetirməyə davam edərək, 1988-ci ildə belə milyondan artıq insanımızı qaçqın vəziyyətinə saldı.
1918-ci ildə xalqımızı davamlı faciədən, məhv olmaqdan xilas etmiş Nuru paşa simasında bütün Anadolu Türk Xalqına dərin təşəkkürümüzü bildirir və vəhşicəsinə qətl edilmiş dinc əhalimizə, doğma yurdumuzda şəhid olmuş Türk Mehmetciklərinə və torpaqlarımızın işğaldan azad edilməsində canlarından qəhrəmancasına keçən Azərbaycanın igid oğullarına Allahdan rəhmət diləyirik!
Biz mütləq işğaldan azad etdiyimiz, nəzarətimizdə olmayan torpaqlarımıza geri dönəcək, külli Qarabağımızda üçrəngli müqəddəs bayrağımızı sancacağıq. Allah ŞƏHİDLƏRİMİZİN ruhunu şad etsin!
Dərin hüzn və şərəflə anırıq!
Qarabağ qazisi, Ümid Partiyasının sədri İqbal Ağazadə
Şərh yaz