TARİXİ İMZA: Bakı–Vaşinqton xətti rəsmiləşdi! – BAKİR HƏSƏNBƏYLİ şərh edir…

TARİXİ İMZA: Bakı–Vaşinqton xətti rəsmiləşdi! – Bakir Həsənbəyli şərh edir…
“ABŞ və Azərbaycan arasında 10 fevral 2026-cı il tarixində imzalanan Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və müdafiə sahələrində münasibətləri dərinləşdirməyi, regional sabitliyi möhkəmləndirməyi və Cənubi Qafqazın potensialını reallaşdırmağı hədəfləyir”.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü, politoloq Bakir Həsənbəyli bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu tarixi sənəd əməkdaşlıq üçün yeni işçi qrupları və müntəzəm dialoq platformaları yaradılmasını nəzərdə tutur:
“Xartiyanın əsas məqsədləri strateji əməkdaşlığı gücləndirmək, ikitərəfli münasibətlərin yeni mərhələyə qaldırılması və strateji tərəfdaşlığın möhkəmləndirilməsinə nail olmaqdır. Bundan sonrakı mərhələdə iqtisadiyyat, ticarət, enerji, rəqəmsal inkişaf, süni intellekt və müdafiə sahələrində işçi qruplarının yaradılması nəzərdə tutulub. Cənubi Qafqaz regionunda sabitliyin və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan və ABŞ-nin bir-birinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi və s. məsəslələr nəzərdə tutulub”.
Ekspert bildirib ki, Xartiya Cənubi Qafqazda sülh təşəbbüslərinə, o cümlədən regional planlara dəstək məqsədi daşıyır:
“Bu məqsədlə tərəflər ən azı bir dəfə görüşəcək, layihələrin həyata keçirilməsi üzrə yol xəritələri müzakirə ediləcəkdir. Sənədə əsasən, tərəflər Vaşinqton Sülh Zirvə Görüşünün Bəyannaməsinə uyğun olaraq iştirakçı ölkələrə beynəlxalq və ölkədaxili bağlantı üçün qarşılıqlı faydaları təmin etməklə, Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını təmin ediləcək”.
B.Həsənbəyli sonda əlavə edib ki, regionun beynəlxalq ticarət və tranzit potensialını reallaşdıracaq Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun əhəmiyyəti bir daha öz əksini tapdı. Onun fikrincə, bu Xartiya Azərbaycan və ABŞ-nin dövlət başçılarının ardıcıl və prinsipial siyasi iradəsi sayəsində iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltdi.
Qeyd edək ki, fevralın 10-da Bakıda “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nın imzalanma mərasimi keçirilib.
Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzalayıblar.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz