“11-22 noyabr tarixlərində Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransı (COP29) Azərbaycanda keçiriləcək. Bunun Azərbaycan üçün bir çox əhəmiyyəti var”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, COP29-un Bakıda keçirilməsinin beynəlxalq qüvvələrə ciddi təsiri olacaq:
“Çünki Azərbaycan Cənubi Qafqazda dünya dövlətlərinə çıxa biləcək əhəmiyyətə malik bir ölkədir. Ona görə də dünya dövlətlərinin paytaxtımıza gəlişi Azərbaycanın dünya səviyyəsində bir daha tanınmasına xidmət edəcək. Bu, həm də Azərbaycanın nə qədər təhlükəsiz və Cənubi Qafqazda sülhün təminatçısı olduğunu dünya dövlətlərinə çatdırmaq üçün vacib məqamlardan biridir.
Nəzərə almaq lazımdır ki, başqa ölkələrdə keçirilən bəzi beynəlxalq tədbirlərdə təhlükəsizlik tədbirləri aşağı səviyyədə olur. Azərbaycan isə bu tədbiri uğurlu şəkildə keçirəcək və təhlükəsizlik yüksək səviyyədə təmin olunacaq”.
Həmsöhbətimiz vurğulayıb ki, bu günə qədər ölkəmizə həvalə olunan bütün beynəlxalq tədbirlər təhlükəsiz şəraitdə keçirilib:
“Üstəlik, Ermənistanın da COP29-da təmsil olunma ehtimalı var. Düşünürəm ki, hətta ermənilərin belə dünyada ən təhküləsiz gələ biləcəyi yer məhz Azərbaycandır. Çünki Azərbaycan hər zaman öz qonaqpərvərliyi və təhlükəsizliyi ilə diqqət çəkir”.
Tamilla Qulami qeyd edib ki, COP29 Konfransında həm də Azərbaycana aid məsələlər müzakirə olunacaq:
“Düşünürəm ki, bu konfransdan sonra “yaşıl enerji”yə keçid və ətraf mühitin qorunmasında Azərbaycan üçün də maliyyə ayrıla bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan istixana qazlarının emissiyasının 2030-cu ilə qədər 35 faiz azaldılması istiqamətində addımlar atacaq. Hətta 2050-ci ilə qədər Qarabağda “sıfır emissiya” layihəsi həyata keçiriləcək. Yəni ölkəmizə bu istiqamətdə də yeni investisiyalar ayrıla bilər”.
Sədr müavininin fikrincə, COP29-un paytaxtımızda keçirilməsindən istifadə etmək olar:
“Qarabağın 30 il işğal altında qaldığı dövrdə ermənilərin torpaqlarımızda hansı vandalizmlər etdiyini dünyaya göstərə bilərik.
Bundan başqa, Azərbaycanın Qarabağda hansı bərpa işlərini həyata keçirdiyini dünyanın diqqətinə çatdırmaq olar. Həmçinin, dünya dövlətləri ən azından mina təmizləmə işlərində bizə dəstək olmalıdırlar.
Düşünürəm ki, bütün bu məsələlərdə COP29-un paytaxtımızda keçirilməsindən istifadə etmək olar”.
Elmir Mustafa
“Cebheinfo.az”