Təhsil proqramları yenilənməlidir – İLAHƏ SADIQOVA

İSTİQAMƏT: 6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması

Təhsil bir cəmiyyətin inkişafında ən önəmli faktor hesab olunur.

Ölkədə keyfiyyətli təhsilə çıxış imkanının yaradılması və orta təhsilin yüksək səviyyədə olması bir ölkənin gələcəyi üçün ən vacib faktordur.

Bu gün Azərbaycanda təhsil sistemi ən çox müzakirə olunan sahələrin başında gəlir. Orta və ali təhsil ocaqlarının tez-tez neqativ hallarla gündəmə gəlməsi, eyni zamanda təhsilin keyfiyyətinin mübahisə predmetinə çevrilməsinin özü də bu sahədə problemlərin olduğunu göstərir.

Digər tərəfdən zaman-zaman təhsil proqramlarının köhnə olması, yenilənməyə ehtiyac olması zəruri addım kimi gündəmə gəlir. Amma hələ də bu məsələdə öz köklü həllini tapmayıb.

Bəs hazırda təhsil proqramları günün tələbinə cavab verirmi? Hansı dəyişikliklərə ehtiyac var?

Mövzu ilə bağlı “Cebhe.info”-ya danışan Ümid Partiyasının sədr müavini İlahə Sadıqova deyib ki, təhsil almaq insanların təməl hüquqlarından biridir və dövlətin təhsil siyasəti də bu hüquqa söykənərək, vətəndaşa doğru-düzgün xidmət göstərməyə yönəlməlidir:

“Çünki təhsil sahəsi də digər sahələr kimi xidmət sahəsidir və onun vəzifəsi vətəndaşlara keyfiyyətli xidmət göstərməkdir. Təhsil hər bir sahədə başlayan inkişafın təməlidir. Əgər təhsildə inkişaf yoxdursa, dövlətin digər sahələrində davamlı və sabit inkişafa nail olmaq mümkün deyil.

Çünki elmə söykənməyən inkişaf dayanıqlı ola bilməz. Bu gün cəmiyyətimizi narahat edən ən böyük problemlərdən biri də təhsil sistemimizin keyfiyyətsizliyi, tətbiq olunan proqramların effektsizliyidir.

İbtidai sinifdən başlayaraq təhsilin ən yüksək pilləsi olan doktorantura pilləsinə qədər mövcud sistem ölkədə vətəndaşların keyfiyyətli təhsil almasına imkan vermir.

Təkcə repetitorluq fəaliyyətinin bu qədər geniş vüsət alması təhsilin keyfiyyətinin olduqca aşağı olması haqqında insanlarda fikir formalaşdırır.

Bu, olduqca vacib və həllini gözləyən bir məsələdir. Təəssüflər olsun ki, təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün addımlar atılmır, yaxud atılan addımlar effekt vermir. Artıq abituriyentlərin nəticələri də əvvəlki illərə nisbətən daha aşağı göstəricilərə malikdir. Buna imtahanların keçirilməsi, təhsil proqramlarının təhsil verməkdən daha çox əzbərçiliyə yönəlik təşkil olunması səbəb olub”.

İlahə Sadıqova qeyd edib ki, bu gün test sisteminin mövcudluğu da artıq əvvəlki effekti vermir:

“Test üsulunun tətbiqi əsasən sovet dövründəki ənənəvi rüşvət və korrupsiyanı aradan qaldırmağa yönəlmişdi. Bu problem qismən aradan qaldırılsa da, təhsilin effektivliyini təəssüf ki, təmin edə bilmədi. Xüsusilə, ixtisas seçimindəki çoxvariantlılıq və digər qüsurlar savadlı və istəkli kadr yetişdirməyə mane olur.

Təəssüf ki, qəbul imtahanlarında keçid balı toplayan şəxslər çoxsaylı ixtisas seçimində sərbəstlik əldə edir və beləliklə də, çox vaxt abituriyentlər istədikləri ixtisasa deyil, balının çatdığı peşənin sahibinə çevrilirlər. Bu da peşəkar kadrların yetişməsinə mane olan ən böyük faktorlardan biridir”.

Sədr müavini bildirib ki, digər bir problem Azərbaycanda “diplomlu işsizlər ordusu”nun mövcud olmasıdır:

“Universitetləri bitirən vətəndaşlar ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkir, nəticədə başqa sahələrə yönəlir, ən yaxşı halda xarici ölkələrə təhsil almağa yollanır və orada işləyib yaşamağa başlayırlar. Bu, ölkə üçün mütəxəssisin, peşəkar kadrın itirilməsidir.

Azərbaycanda son illər vəzifələrə təyin olunan məmurların CV-sinə baxarkən bütün məmurların xaricdə təhsil aldığını görə bilərik. Burdan bir sual meydana çıxır: bunu görən vətəndaş bizim universitetlərdə təhsil almağa can atacaqmı?

Yox. Daha çox savadı, geniş dünyagörüşü olan abituriyentlərimiz xarici ölkələrə üz tutacaq və təhsillərinə orada davam edəcəklər. Onlardan çox az sayda kimsə ölkəyə qayıdıb burada mütəxəssis kimi iş tapıb işləyəcək və ölkəyə fayda verəcək.

Dolayısı ilə bu faktın mövcudluğu onu deməyə əsas verir ki, ölkədə keyfiyyətli təhsil verilmir və burada təhsil verən ali məktəblər mütəxəssis yetişdirə bilmir, təhsil müasir dünya standartlarına cavab vermir.

Bu gün dünyada təhsil siyasəti elə qurulub ki, dövlətlərin inkişafını təmin edəcək mütəxəssislər yetişdirilsin və onların elmdə əldə etdiyi yeniliklər bəşəriyyətə xeyir verə bilsin. Təəssüf ki, Azərbaycan bütün bu proseslərdən kənarda qalır”.

İlahə Sadıqova əlavə edib ki, Ümid Partiyası bir proqram partiyasıdır və ara-sıra müxtəlif sahələrlə bağlı öz proqram tezislərini cəmiyyətə təqdim edir:

“Təhsil və elm məsələləri ilə bağlı təqdim etdiyimiz proqram tezislərimizdə təhsildə islahatların aparılması, təhsil keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı məsələlər qaldırılıb.

Onlardan bir neçəsini sadalamaq istərdim:

– Azərbaycanda təhsil pulsuz olmalıdır. Dövlət hər bir vətəndaşa ən azı 1 dəfə pulsuz təhsil verməlidir: 1 dəfə bakalavr, 1 dəfə magistr.

– Orta məktəb şagirdləri ibtidai təhsildən sonra tədris olunan hər fənn üzrə Dövlət İmtahan Mərkəzinin müəyyən etdiyi sistem əsasında hər ilin sonunda imtahan verməli və onların bilik səviyyələri 51-100 bal arası qiymətləndirilməlidir.

85-100 bal toplayanlar əla, 65-84 bal toplayanlar yaxşı, 51-64 bal toplayanlar kafi qiymətləndirilməlidirlər. Bu proses attestat alana kimi davam etməli və attestat qiyməti buna uyğun müəyyənləşdirilməlidir.

Müəllimlərin attestasiyası və ya onların biliklərinin yoxlanılması xüsusi imtahan vasitəsilə test edilməməlidir. Dərs dediyi şagirdlərin ümumi qiymət balı 75 olarsa, müəllimlə əmək müqaviləsi davam etdirilməli, ilk ildə 75-dən 10 vahid aşağı olarsa (65), xəbərdarlıq edilməklə, müvəqqəti (birillik) əmək müqaviləsi bağlanılmalıdır. Əgər ikinci ildə dərs dediyi şagirdlərin orta balı 75-dən aşağı olarsa, əmək müqaviləsinə xitam verilməlidir.

Bu siyasət orta məktəbdə gerçəkləşdirilərsə, repetitorluq kimi zərərli və xərc tələb edən işə son veriləcək. Orta məktəbdə dərs deyən müəllim məsuliyyətini dərk edər və şagirdlərinin yüksək bal toplaması üçün kifayət qədər ciddi fəaliyyət göstərər.

Dərs dediyi şagirdlərin biliklərini isə özü deyil, mərkəzləşdirilmiş qaydada DİM qiymətləndirər.

Bu gün təhsildə ən çox problemi olan sahələrdən biri də elmin inkişaf səviyyəsidir.

Təəssüflə qeyd edirəm ki, alimlər bir sahəni tədqiq etmək üçün cibindən pul xərcləməli olurlar. Bu da elmə ciddi töhfə verə bilməz.

Elmə dövlət sifarişi həyata keçirilməlidir. Elmi işlər müvafiq qurumlar tərəfindən sifariş edilməli və bunun üçün yüksək səviyyədə qonorar ayrılmalıdır. Alimlər elmi işinin mahiyyətinə və gərəkliyinə görə dövlətdən vəsait almalıdır. Bu sistem nəticədə həm tədqiq olunmayan sahələr üzrə elmi nəticələrin əldə olunmasına, həm də praktik sahədə ölkə iqtisadiyyatına xeyir verə biləcək elmi işlərin ərsəyə gəlməsinə xidmət edəcək.

Təəssüf ki, təhsil və elm sahəsində problemlərimiz çoxdur və onlara sistemli yanaşma tələb olunur. Buna görə də həm təhsil, həm də elm haqqında da yeni, zamanın tələbinə cavab verən qanun qəbul edilməlidir.

Cəmiyyətimizin cəhalət, xurafat içərisində boğulmaması, daha da inkişaf etməsi üçün təhsilimizi, elmimizi inkişaf etdirməliyik”.

QEYD: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Vilayət Muxtar
Cebhe.info

Şərh yaz
PAYLAŞ