Tədris edilən tariximiz Azərbaycanın gerçək və obyektiv tarixi deyil – İqbal Ağazadə (VİDEO)

UMID MEDIA-nın “Sual-cavab” rubrikasında “Azərbaycan tarixi fənninin tədrisindən razısınız?” sualına Ümid Partiyasının sədri İqbal Ağazadə cavab verib.

umidparty.org həmin cavabı izləyicilərə təqdim edir:

Tarixi araşdırmaq üçün sanballı institut lazımdır. Azərbaycanda sanballı tarix institutu yoxdur. Tarix institutları həmişə hakimiyyətlərin sifarişini yerinə yetirib, tarixə Azərbaycan hakimiyyətlərinin, Azərbaycan iqtidarının, ideolojilərin gözü ilə baxıblar.

Sovet ideolojisində bir tarix tədqiq olunub, müstəqillik dönəmində başqa tarix tədqiq olunur və hamısında iqtidar yarlığı, iqtidar möhürü var.

Tarix möhürləri, iqtidar yanaşmalarını deyil, gerçəyi sevir. Buna görə də hesab edirəm ki, bizim indiki araşdırılan və tədris edilən tariximiz Azərbaycanın gerçək və obyektiv tarixi deyil.

Bunun üçün müstəqil institut yaradılmalıdır və sifarişlər olunmalıdır. Sifarişləri Təhsil Nazirliyi verməlidir, alimlərə buna görə müvafiq fond ayrılmalıdır və o fondun müqabilində də insanlar bilməlidirlər ki, onların vəzifəsi gerçək tarixi araşdırmaqdır.

Bu olmayacaqsa, yazılan tarixlərin hamısı zaman-zaman dəyişdiriləcək. Necə ki, indi Sovet dönəmindən imtina edirik – Sovet dönəmindəki tarixdən imtina edirik, çünki o dövrün ədəbiyyatı, mədəniyyəti, tarixi siyasi çalarlarla bəzənmişdi. Koroğlunu Pavlik Morozov səviyyəsinə endirmişdik, Babəkin mübarizəsini az qala proletar mübarizəsinə döndərmişdik, mədəni tariximizin öyrənilməsində Nəsimini Allahsız etmişdik, Füzulini Allaha üsyan edən götərmişdik, dinsiz bir ədəbiyyat yaratmışdıq və o cür tədqiq edib insanlara çatdırmışdıq. Hesab edirəm ki, o proses, təəssüf ki, bu gün də davam edir.

Şərh yaz