Şuşa Bəyannaməsinin imzalanmasının bir ilinin bu şəkildə qeyd edilməsi Azərbaycan-Türkiyə münasibətlərinin yeni mərhələdə yeni qiymətidir. Təbii ki, Azərbaycan müstəqillik qazanandan bu günə qədər Türkiyə-Azərbaycan münasibətləri həmişə yüksək səviyyədə olub. Amma Şuşa Bəyannaməsinin özəl bir xarakteri var. Əvvəla, torpaqlarımızın işğaldan azad edilməsindən sonra məhz Şuşada bu Bəyannamənin imzalanması Türkiyə-Azərbaycan münasibətlərində yeni bir mərhələnin başlanğıcıdır.
Bu fikirləri Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümünə həsr olunan beynəlxalq konfransda iştirak edən Ümid Partiyasının sədri İqbal Ağazadə AZƏRTAC-a müsahibəsində söyləyib.
O deyib ki, Şuşa Bəyannaməsi strateji əməkdaşlıq müqaviləsi kimi də xarakterizə oluna bilər. Bu Bəyannamə müdafiə sənayesi istiqamətində xüsusilə özəl bir xəttə malikdir. Bəyannamənin imzalanmasının birinci ildönümünün Şuşada iqtidar və müxalifətin birgə qeyd etməsinin də özəl xüsusiyyətləri var. Bu tədbiri Yeni Azərbaycan Partiyası ilə AK Partinin birgə təşkil etməsinə baxmayaraq, həm Azərbaycandan, həm də Türkiyədən müxtəlif partiyalar konfransda iştirak edir. Bu, həm ölkə daxilində, həm də ölkədən kənarda münasibətlər sisteminə ciddi təsir edə biləcək amildir. Uzun illər münasibətlər sistemində mövcud olan narazılıq və qarşıdurmadan sonra belə addımların, xüsusilə 2020-ci ildən sonra atılması gələcək münasibətlərə müsbət məcrada baxmağa ümid verir. Hesab edirəm ki, bundan cəmiyyət olaraq, iqtidar-müxalifət olaraq yararlanmalıyıq.
Şuşa, 15 iyun, Həşim Güləmirov, AZƏRTAC
https://azertag.az/xeber/2178851
Şərh yaz