Sülh masası arxasında sərt şərtlər: Diplomatik təşəbbüslər fonunda Rusiya-Ukrayna savaşı hansı həddə çatır? – BAKİR HƏSƏNBƏYLİ şərh edir

Sülh masası arxasında sərt şərtlər: Diplomatik təşəbbüslər fonunda Rusiya-Ukrayna savaşı hansı həddə çatır? – BAKİR HƏSƏNBƏYLİ şərh edir

“Ukrayna-Rusiya müharibəsi yüksək texnologiyalı tükəndirmə savaşma çevrilib.”

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Bakir Həsənbəyli bildirib.

Bakir Həsənbəyli Ukrayna-Rusiya münaqişəsində tərəflərin sülh müqaviləsi bağlamaqla bağlı müəyyən razılığa gəlmə ehtimalının yarandığı dövrdə müharibənin daha da gərgin fazaya keçməsinin səbəblərini və döyüşlərin intensivliyinin əvvəlki aylara nisbətən artmasının pərdəarxası məqamlarını izah edib:

“Rusiya-Ukrayna müharibəsinin başlama səbəbləri əsasən geosiyasi nüfuz mübarizəsi, təhlükəsizlik narahatlıqları və tarixi iddialarla bağlıdır. Rusiya Ukraynanın NATO-ya daxil olmaq cəhdlərini öz milli təhlükəsizliyinə birbaşa və ən böyük təhdid kimi qiymətləndirirdi. Moskva Ukraynanın neytral statusda qalmasını və NATO-nun şərqə doğru genişlənməyəcəyinə dair hüquqi təminat verilməsini tələb edirdi. 2014-cü ildə Ukraynada baş verən Avromaydan hərəkatı nəticəsində rusiyayönümlü prezident Viktor Yanukoviç hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra Kiyev administrasiyasının Avropa İttifaqı və Qərb dünyası ilə sıx inteqrasiya xətti götürməsi Kremlin Ukrayna üzərindəki siyasi təsirini itirməsi ilə nəticələndi. 2014-cü il hadisələrindən dərhal sonra Rusiya Krım yarımadasını qeyri-qanuni şəkildə ilhaq etdi. Eyni zamanda, Ukraynanın şərqindəki Donbas bölgəsində rusiyayönümlü separatçı rejimlər yaradıldı və Rusiya tərəfindən hərbi-siyasi cəhətdən dəstəkləndi. Bu gərginlik və tərəflər arasında imzalanan Minsk razılaşmalarının icra olunmaması 2022-ci ildəki genişmiqyaslı işğala zəmin hazırladı. Rusiya rəhbərliyi, xüsusilə Vladimir Putin Sovet İttifaqının dağılmasını böyük geosiyasi fəlakət kimi görür və Ukraynanı tarixi olaraq Rusiyanın ayrılmaz hissəsi hesab edirdi. Moskva Kiyevdəki hökuməti devirmək və Ukraynanı yenidən öz təsir dairəsinə qaytarmaq niyyətindədir. Bu ziddiyyətlərin kulminasiya nöqtəsi olaraq Rusiya 21 fevral 2022-ci ildə qondarma separatçı qurumları tanıdı və 24 fevral 2022-ci ildə “xüsusi hərbi əməliyyat” adı altında Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başladı. Rusiya-Ukrayna müharibəsi hazırda həm şiddətli mövqe döyüşləri, həm də mühüm infrastruktur və enerji obyektlərinə qarşı intensiv qarşılıqlı zərbələr mərhələsindədir.”

Siyasətçi hesab edir ki, Rusiya lideri Putin müharibəni bitirmək istəsə də, bunu öz məqsədlərinə tam çatmadan etmək fikrində deyil:

“Müharibə tərəflərin cəbhə xəttində dərin yarılmalar əldə edə bilmədiyi, döyüşlərin əsasən Donetsk vilayəti və şərq istiqamətlərindəki lokal yaşayış məntəqələri uğrunda ağır itkilərlə davam etdiyi bir mərhələdədir. Rusiya qoşunları Kiyevdəki körpülər də daxil olmaqla, Ukraynanın nəqliyyat, enerji və mülki infrastrukturlarını hədəf alan irimiqyaslı PUA və raket zərbələrini gücləndirib. Buna cavab olaraq Ukrayna qüvvələri də Rusiyanın dərinliklərindəki neftayırma zavodları, hərbi və sənaye obyektlərinə qarşı uzaqmənzilli zərbələr kampaniyasını davam etdirir. ABŞ administrasiyası tərəfindən oktyabrın sonuna qədər Birləşmiş Ərəb Əmirlikləri və ya digər neytral məkanda texniki səviyyədə yeni üçtərəfli – Ukrayna, Rusiya və ABŞ-ın iştirakı ilə görüşün keçirilməsi təklif edilib. Ukrayna tərəfi bu formata hazır olduğunu açıqlasa da, Kremlin mövqeyi hələ də sərt olaraq qalır. Rusiya prezidenti Vladimir Putin sülh danışıqlarına hazır olduğunu bildirsə də, Rusiyanın bütün Donbası nəzarətə götürməsi şərtini irəli sürür. Ukrayna isə ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində güzəştə getmək istəmir, eyni zamanda Qərb tərəfdaşlarından hərbi və maliyyə dəstəyini davam etdirir.

Rusiya-Ukrayna müharibəsinin gələcək nəticəsi hələ də qeyri-müəyyən olmasına rəğmən, bir neçə ehtimal olunan ssenari üzərində düşünmək olar. Münaqişə yüksək texnologiyalı tükəndirmə savaşma çevrilib. Tərəflərin hər birinin resursları tükəndikcə, müharibənin uzun illər davam etmə ehtimalı var. Beynəlxalq təzyiqlər və ya Çinin vasitəçiliyi fonunda tərəflərin Donbas və Krım kimi ərazilər üzrə müəyyən güzəştlərə gedərək atəşkəs əldə etməsi də ehtimallardan biridir. Aktiv döyüşlərin dayandırılması, lakin rəsmi sülh sazişinin imzalanmaması sərhədlərin indiki xətt üzrə dondurulmasına səbəb ola bilər. Rusiyanın hərbi təzyiqi artırması və ya əksinə, tərəflərdən birinin daxili və iqtisadi səbəblərdən hərbi dəstəyi itirərək çətin vəziyyətə düşməsi də qiymətləndirilən risklər sırasındadır.”

Nurlan Cəfəri

Yenicag.az

https://yenicag.az/sulh-masasi-arxasinda-sert-sertler-diplomatik-tesebbusler-fonunda-rusiya-ukrayna-savasi-hansi-hedde-catir?fbclid=IwY2xjawU5i-RleHRuA2FlbQIxMABwZG9mAWJyaWQRMWg5YlZ2dVdMWXpGejBKcTRzcnRjBmFwcF9pZBAyMjIwMzkxNzg4MjAwODkyAAEe5qDQ_9BmEO0_SI5uv2lNK9zP9AMl87SnC9PBb4hUKTAXfOvs__7y3Vy3EoE_aem_KPAdYeMe1Qki82S2TeP7Ig

 

Şərh yaz