Sosial şəbəkə problemi yalnız uşaqlarla məhdudlaşmır – İQBAL AĞAZADƏ şərh edir

Son illərdə rəqəmsal platformaların sürətli yayılması sosial həyatın bütün sahələrinə, xüsusilə də uşaqların gündəlik davranış və inkişaf mühitinə ciddi təsir göstərməkdədir. Sosial şəbəkələrin yaratdığı informasiya axını bir tərəfdən yeni imkanlar açsa da, digər tərəfdən asılılıq, diqqət dağınıqlığı və psixoloji təsirlər kimi riskləri də gündəmə gətirir.

Son illərdə sosial şəbəkələrin uşaqlara təsiri ilə bağlı narahatlıqlar getdikcə daha geniş müzakirə mövzusuna çevrilir. Ekspertlərin fikrincə, bu sahədə əsas problem yalnız zərərli məzmunla məhdudlaşmır, eyni zamanda alqoritmlər vasitəsilə formalaşdırılan asılılıq, psixoloji təsirlər və şəxsi məlumatların toplanması kimi ciddi riskləri də əhatə edir.

Maraqlıdır, hazırda gündəmdə olan qanun layihələrinin bu təhlükələrin qarşısının alınmasında nə dərəcədə effektiv olacağı isə sual doğurur. Mövcud tənzimləmələr kifayət edəcəkmi, yoxsa rəqəmsal platformalara qarşı daha sərt və kompleks yanaşmaya ehtiyac yaranacaq?

Mövzu ilə bağlı Moderator.az-a Milli Məclisin sabiq deputatı, Ümid Partiyasının sədri, siyasətçi İqbal Ağazadə açıqlama verib.

İqbal Ağazadə sosial şəbəkələrdən asılılıq və uşaqlara təsir imkanlarının araşdırılması zamanı problemin yalnız fərdi deyil, ümumcəmiyyət kontekstində dəyərləndirilməsinin vacibliyini vurğulayıb:

“Cəmiyyətin ümumi problemləri mövcuddursa və bu problemlər kompleks xarakter daşıyırsa, onları yalnız uşaqlar üzərindən ayıraraq həll etmək mümkün deyil. Nə qədər qadağalar tətbiq olunsa da, bu, əks reaksiya yaradır və marağı daha da artırır. Bu məsələdə məktəb, uşaq bağçası və ümumilikdə tərbiyə sistemi kimi faktorlar olduqca mühüm rol oynayır. Biz yalnız qadağalar tətbiq etsək, uşaqlar digər mühitlər vasitəsilə yenə də sosial şəbəkələrə çıxış əldə edəcəklər. Təklif olunan cərimələr və inzibati tədbirlər problemin yalnız kiçik bir hissəsinə təsir göstərə bilər, lakin bütövlükdə məsələnin həllini təmin etmir. Əsas çıxış yolu cəmiyyətin ümumi tərbiyə mühitinin gücləndirilməsi və sosial davranış mədəniyyətinin fərqli səviyyəyə yüksəldilməsidir.

Uşaqlar əslində gördükləri nümunə ilə formalaşırlar. Bu gün istənilən məclisə, ailə mühitinə və ya sosial çevrəyə nəzər salsaq, görərik ki, valideynlərin böyük əksəriyyəti telefon və sosial şəbəkələrlə məşğuldur. Uşaqlar isə çox vaxt kənarda qalır və birbaşa bu davranışları müşahidə edirlər. Belə bir mühitdə uşaqları sosial şəbəkələrdən tam uzaqlaşdırmaq və ya sərt qadağalarla nəticə əldə etmək real görünmür. Ona görə də ümumi yanaşma dəyişməli, cəmiyyətin davranış mədəniyyəti formalaşdırılmalıdır. Telefonlardan istifadə mədəni şəkildə tənzimlənməli, ailə daxilində nümunəvi davranış formalaşmalı və bu istiqamətdə ardıcıl təbliğat aparılmalıdır.

Ən əsas məqam odur ki, bu proses süni deyil, təbii şəkildə tənzimlənməlidir. Cəmiyyətin hazırkı mərhələdə kifayət qədər sosial və psixoloji problemləri var, insanlar isə bu gərginlikdən çıxış yolu kimi çox vaxt əyləncə və informasiya axınına yönəlirlər. Ona görə də məsələyə yalnız uşaqlar prizmasından yanaşmaq problemi tam həll etmir, burada ümumi cəmiyyət yanaşması formalaşmalıdır”.

https://moderator.az/az/ekskluziv/994199/iqbal-aazade-sosial-sebeke-problemi-yalniz-usaqlarla-mehdudlasmir/

Pərvin Şakirqızı

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusunda hazırlanıb.

Şərh yaz