Sərhədlərin delimitasiya və demarkasiyası: Sülh müqaviləsi nə zaman imzalanacaq? – TAMİLLA QULAMİ ilə MÜSAHİBƏ

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi 2024-cü ilin yaz aylarında imzalana bilər”.

Bu sözləri Ümid Partiyasının sədr müavini Tamilla Qulami Cebhe.info-ya müsahibəsində deyib.

Sözügedən müsahibəni təqdim edirik:

– Tamilla xanım, son zamanlarda sürətlə silahlanan Ermənistan hansısa təxribatlara cəhd edə bilər?

– Artıq Ermənistanın Azərbaycana qarşı hansısa təxribata cəhd edə biləcəyini düşünmürəm. Çünki Azərbaycan Ordusu 19 sentyabrda keçirdiyi lokal antiterror tədbirləri ilə Qarabağdakı qeyri-qanuni silahlı erməni dəstələrini zərərsizləşdirdi və qalanları da ərazilərimizi tərk etdilər. İndiyə qədərki təxribatları Azərbaycanın ərazilərində olan qeyri-qanuni silahlı erməni dəstələri, terror qrupları edirdi. Bu gün isə belə bir ehtimal yoxdur. Ona görə də Ermənistanın son zamanlarda sürətlə silahlandırılması məsələsinin Azərbaycana hər hansısa aidiyyətinin olmadığı qənaətindəyəm.

Ümumiyyətlə, sülh danışıqlarının getdiyi ərəfədə Ermənistanın təxribata əl atması Paşinyan hakimiyyətinin sonunu gətirər. Sadəcə olaraq, rəsmi İrəvan əlinə fürsət düşdüyü üçün silahlanmağı və müdafiə sistemini gücləndirməyi düşünür. Unutmaq olmaz ki, hələ də Ermənistanın üzərində “caynağı”nı saxlayan Rusiya var. Ermənistanın Rusiyaya qarşı silahlanması nə qədər gülünc görünsə də, fürsəti əldən verməyərək, bu addımı atırlar.

– Sizcə, ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalana bilərmi?

– 2023-cü ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağını demək bir qədər çətindir. Amma mütləq şəkildə sülh müqaviləsi imzalanacaq. Sadəcə olaraq, bunun ilin sonunda olacağını düşünmürəm. Yəqin ki, 2024-cü ilin yaz aylarında bu müqavilənin imzlanması baş tuta bilər.

– Bəs sülh müqaviləsinin imzalanması nə üçün gecikir?

– Sözügedən sazişin imzalanmasının bu qədər uzun çəkməsinin səbəbi ondan ibarətdir ki, Cənubi Qafqazdan çıxmaq istəməyən Rusiya ilə Cənubi Qafqaza girməyə çalışan Qərb və Amerika var. Yəni ABŞ və Qərb regionu Rusiyaya buraxmaq istəmirlər. Çünki Vaşinqton özünü və Brüsseli bu məsələlərdə daha aktiv oyunçu qismində görmək istəyir. Üstəlik, tərəflər Cənubi Qafqaza giriş etmək üçün sülh müqaviləsinin imzalanmasında maraqlıdırlar. Qərb Rusiyanın regiondan çıxarılması üçün əlindən gələni edir. Məhz bu səbəbdən də ABŞ Ermənistanı dəstəkləyir. Bəzən bu, Azərbaycana qarşı addım kimi dəyərləndirilir.

Amma ümumilikdə götürəndə ABŞ Rusiyanın Ermənistandan çıxması üçün bu addımı atır. Bu gün Azərbaycana sülh müqaviləsinin imzalanması o qədər vacib olmasa da, Ermənistan üçün çox vacibdir. Çünki Ermənistan dövlətinin təhlükəsizliyi, sərhədlərin delimitasiyası və demarkasiyası kimi məsələlər daxildən dəstək almalıdır. Ona görə də Nikol Paşinyan bir az gözləmə mövqeyindədir. O, Rusiya-Ukrayna müharibəsinin nəticəsini, post-Putin dönəmini gözləyir ki, Kremlin təzyiqləri ilə üzləşməsin.

Onsuz da daxildə Rusiyanın revanşist qüvvələri Paşinyanın üzərinə gələrək, xalqı da ona qarşı qaldırmağa çalışırlar. Amma Paşinyan hökumətinin zəifləməsinin, reytinqinin azalmasının qarşısının alınması üçün sülh müqaviləsi imzalana bilər. Bu, Ermənistanın ərazi bütövlüyünün qorunmasına səbəb olacağı üçün xalqı da razı sala bilər.

– Bəs Türkiyənin proseslərdə vasitəçiliyi üçün hansı addımlar atılmalıdır?

– Azərbaycanla Türkiyə dost və qonşu olmaqdan əlavə qardaş dövlətlərdirlər. Biz bir millət, iki dövlətik. Maraqlarımız çərçivəsində dövlətlərimizin münasibətlərinin daha da dərinləşməsi istiqamətində addımlar atırıq. Türkiyənin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi qardaş dəstəyi ilə yanaşı, bu gün müdafiə sistemlərimizi də birgə təşkil etməliyik.

Bu, onsuz da ordumuzun yenidən qurulmasında özünü göstərir. Biz Rusiyanın Cənubi Qafqazdan çıxarılmasını və Türk dövlətləri ilə daha da sıx əməkdaşlıq həyata keçirilməsini istəyirik. İqtisadi, siyasi və mədəni əlaqələrimizi genişləndirməliyik.

Bunun üçün həm də ölkəmizin təhlükəsizliyi naminə Qərb dövlətləri ilə də sıx əlaqələr qurmalıyıq. Çünki Azərbaycan bir növ Türkiyə və Avropa İttifaqı arasında birləşdirici mövqedə dayanır. Ona görə də çalışmalıyıq ki, Türkiyə proseslərdə iştirak etsin. Rəsmi Ankara proseslərdə nə qədər çox iştirak etsə, bir o qədər də Azərbaycan Cənubi Qafqazda söz sahibliyini davam etdirər. Üstəlik, bu, Rusiyanın Cənubi Qafqazdan çıxarılması üçün lazımi addımlardan biridir.

– Ümumiyyətlə, ABŞ nə üçün Ermənistanı bu qədər nümayiş etdirir? Ağ Evin məqsədi nədir?

– ABŞ-ın Ermənistana verdiyi dəstək və Ağ Evin məqsədi hamıya məlumdur. Müsahibənin əvvəlində də qeyd etdiyim kimi ABŞ da, Qərb dövlətləri də Cənubi Qafqaza daxil olmağa çalışırlar. Qərb həm Ermənistana dəstək verir və silahlandırır, həm də Azərbaycana qarşı qətnamələr qəbul edir. Bunların hər biri düşünülmüş addımdır və sanki Azərbaycanla Ermənistan arasında seçim etmiş kimi görünürlər. Əslində məsələnin mahiyyəti fərqlidir. Bu gün Qərb dövlətləri, ABŞ və Avropa İttifaqı Ermənistanı Rusiyanın əlindən almağa, eləcə də Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Azərbaycan da çalışmalıdır ki, bu münasibətdə əziyyət çəkən tərəf olmayaq. Çünki bütün hallarda Cənubi Qafqazın söz sahibi Azərbaycandır. Üstəlik, rəsmi Bakı sülhün tərəfdarı olduğunu dəfələrlə qeyd edib.    Ermənistan bu gün sanki başqa dövlətlərdən demarş gözləyir ki, yeni müharibə olacağı təqdirdə inkişaf etmiş dünya dövlətlərini öz yanına ala bilsin. Lakin 19 senytabrda Azərbaycan Ordusunun öz torpaqlarında lokal antiterror tədbirləri həyata keçirdiyi zaman belə Paşinyan Azərbaycanla müharibə etmək niyətinin olmadığını elan etmişdi. Bu gün Ermənistanın silahlanması Rusiyaya qarşı özünü qorumaq siyasətindən başqa bir şey deyil.

Elmir Mustafa
Cebhe.info

Şərh yaz