Cəmiyyətin ictimai təhlükəsizliyini və insanların sağlam yaşayışını təmin etmək dövlət qarşısında ən vacib məsələdir. Təsirli və keyfiyyətli sağlamlıq sistemi bir cəmiyyət üçün təməl prinsipidir.
Azərbaycan vətəndaşlarının sağlamlığını qorumaq və cəmiyyətin təhlükəsizliyini təmin etmək üçün üçpilləli sağlamlıq xidmətləri həyata keçirəcəyik:
Birinci pillə
- Sağlamlıq xidməti üçün ailə həkimlərinin təhkim olunması sistemi yaradılacaq;
- Hər bir ailənin ailə həkimi olacaq və dövlət hər bir ailənin şəxsi-qeydiyyat vərəqəsini yaradacaq;
- Ailə həkimliyi institutu hər bir ailənin sağlam həyat sürməsi üçün fəaliyyət göstərəcək, xəstəliklərin vaxtında müəyyən olunması və dərinləşməməsi üçün xüsusi proqram əsasında çalışacaq, insanları xəstəliklərin riskindən qoruyacaq;
- Ana, qadın, uşaq xəstəliklərinin miqyasını azaldacaq, ailə planlamasına yardım edəcək, xəstələrin aidiyyatı üzrə və vaxtında yönləndirilməsini təmin edəcək;
İkinci pillə
- sağlamlıq xidməti üçün məcburi tibbi sığorta kartları vasitəsilə vətəndaşların sağlamlığının qorunması təmin olunacaq;
- Hər bir vətəndaş iş, təhsil yeri və ya dövlət hesabına məcburi tibbi sığorta kartları əldə edəcək;
- Tibbi sığorta kartları hər bir vətəndaşa ildə iki dəfə ümumi müayinədən keçməyə, bir orta dərəcəli əməliyyata icazə verəcək;
- Hər bir vətəndaşın sağlamlığının qorunması və sağlam cəmiyyətin yaradılması üçün vətəndaşların tibbi müayinədən keçirilməsinə nəzarət ediləcək;
Üçüncü pillə
- sağlamlıq xidməti xüsusi kateqoriyalı xəstələrin (diabet, talasemiya, vərəm, orqanların köçürülməsi, xərçəng, QİÇS və s. ) dövlət qeydiyyatına alınmasını təşkil edəcək;
- Bunun üçün xəstələrin ailə həkimləri vasitəsilə istiqamətləndirilməsi və xüsusi profilli xəstəxanalarda müalicəsi təşkil ediləcək;
- Dövlət bu xəstələrin xərclərini, ölkə daxilində müayinə və müalicəsini öz üzərinə götürəcək;
Bundan başqa :
- Xəstə hüquqlarını qoruyan yeni qanun layihəsi hazırlanacaq;
- Həkimlərin maaşı həm ştat vahidi, həm də tibbi sığorta kartlarından ödənən faizlər hesabına tənzimlənəcək;
- Həkimlərin ştat cədvəli üzrə maaşları minimum 1000 AZN miqdarında müəyyənləşəcək; (Günün şərtləri daxilində)
- Tibbi sahədəki elmi araşdırmalara xüsusi dövlət sifarişi həyata keçiriləcək, Avtonom və xüsusi çalışmalara dəstək veriləcək;
- Kəndlərdə, rayonlarda ailə həkimliyi institutlarına daha çox vəsait ayrılacaq, populist səhiyyə siyasətinə son veriləcək, gərəksiz investisiya qoyuluşu hesabına ucqar yerlərdə tikilən tibbi mərkəzlərin əvəzinə regional tibbi mərkəzlər açılacaq, həmin investisiya hər kənddə ailə həkimi institutunun yaranmasına sərf olunacaq;
- Regionlarda çalışan həkimlərin maaşı 1.5 dəfə mərkəzdə çalışanlardan artıq olacaq;
- Özəl sektorda səhiyyənin keyfiyyəti daim diqqət mərkəzində saxlanılacaq, dövlət sektoru ilə yanaşı özəl sektorun da inkişafına xüsusi qayğı göstəriləcək;
- Dərman preparatlarının ölkəyə gətirilməsinə xüsusi nəzarət ediləcək, keyfiyyətsiz və insan sağlamlığına zərər vuran preparatların istifadəsinə yol verilməyəcək;
- Dərman istehsalının ölkədə istifadə olunması üçün xüsusi dövlət proqramı hazırlanacaq, bunun üçün inkişaf etmiş ölkələrin bu sahə üzrə ixtisaslaşmış şirkətləri ilə ortaqlıq yaradılacaq;
- Uşaqların əlil doğulmasının qarşısını almaq, azalması üçün ailə planlaması, ana və uşaq sağlamlığı dövlət nəzarətinə alınacaq, əlil vətəndaşlarımızın sağlamlığına xüsusi diqqət ayrılacaq ;
- Təcili yardım stansiyalarının işi yenidən qurulacaq, xüsusilə regionlarda bu xidmətin yenidən və keyfiyyətli təşkili saxlanılacaq;
- Səhiyyə Nazirliyi təşkiledici, standart formalaşdıran, nəzarət edici bir mövqeyə gətiriləcək;
Şərh yaz