Rusiya sürətlə çökür və bərpası uzun illər mümkünsüz olacaq – ANAR İSAYEV

“Rusiya iqtisadiyyatı sürətlə çökür və özünə gəlməsi üçün uzun illər lazım olacaq”.

Bu sözləri Ümid Partiyasının iqtisadi məsələlər üzrə sədr müavini Anar İsayev Rusiyanın defolt qərarını və çoxsaylı sanksiyalardan sonrakı durumunu şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiyanın defoltdan çıxa bilməsi üçün ölkənin üzərindən sanksiyalar götürülməli, həmçinin defoltdan çıxmaq üçün ölkədə daxili istehsalı artırmalıdır. Lakin Rusiyaya qarşı sanksiyaların sayının üst-üstə gəlməsinə görə bu gün üçün defoltdan çıxa bilmə gücünə qadir deyil. “Ona görə də Rusiyanın defoltdan çıxma şansı görünmür. Çünki sanksiyaların sayı artırıldıqca, Rusiya daha çətin duruma düşəcək. Bu qədər təzyiqin qarşısında Rusiya defoltdan necə çıxa bilər? Borcunu necə qaytara bilər? Bu, mümkün deyil. Rusiya iqtisadiyyatı düzəlməyincə, bu, mümkünsüzdür. Ölkənin iqtisadiyyatının düzəlməsi, dirçəlməsi isə illər aparacaq”,- deyə Anar İsayev qeyd edib.

Ümid sədrinin müavini vurğulayıb ki, Rusiyanın iqtisadiyyatı həmişə əsasən neft və qaz ixracından asılı olub: “Defoltdan çıxmaq üçün vəsait lazımdır. O vəsait də Rusiyada yoxdur. Bu gün dünya bazarında neftin və qazın qiyməti bahadır. Müəyyən dərəcədə bu, Rusiyanın gəlirlərinin artmasına kömək edir. Ancaq həmin o vəsaiti xarici dövlətlər dollarla ödəyirlər, müqavilələrdə bu cür göstərilib. Rusiyaya tətbiq olunan sanksiyaların içərisində banklarla bağlı olanlar da var. Buna görə beynəlxalq pul köçürülmələri mümkün olmur. Rusiya qazı, nefti satır, əvəzində valyuta ölkəyə gəlmir, çünki xaricdə olan hesabların hamısı dondurulub. Xüsusən Swift hesabları bağlanıb. Rusiya ona görə qazı rublla satmaq variantına əl atdı. Bununla o, rublu dəyərə mindirmək istəyirdi. Bu bəyanatdan sonra rubl müəyyən qədər dəyər qazandı, amma bu da kağız üzərində və birjalar üçün nəzərdə tutulan informasiya idi.

 Ancaq faktiki olaraq, bu gün Rusiya banklarından rubl verib dollar almaq istəsək, heç bir bank dollar satmayacaq. Rusiyada qara bazarda artıq bir dollar 350-400, hətta 450 rubla qədər bahalaşıb. Rubl dollar qarşısında öz dəyərini hər gün itirir. İqtisadiyyat tənəzzülə doğru gedir. İstehsal sahələri dayanıb. İri xarici şirkətlər ölkəni tərk edir. İqtisadiyyat çöküşdədir. Rusiyanın defolta əl atması o deməkdir ki, artıq milli valyutasının, rublun həqiqətən dəyər itirdiyini qəbul edir. Bundan sonrası inflyasiyadır. Devalvasiya ehtimalı böyükdür. Defoltdan sonra rubl kəskin dəyər itirəcək, inflyasiya dərinləşəcək, iqtisadiyyat çöküşə doğru gedəcək”.

Anar İsayevin sözlərinə görə, Rusiya bu dəfə 1998-ci il defoltundan daha çətin durumdadır və iqtisadiyyatın dirçəlməsi üçün uzun müddət lazım olacaq: “Rusiyanın defoltdan çıxması, yəni dirçəlməsi, xaricdən götürdüyü kreditləri geri qaytarması üçün illərlə zaman lazımdır. Bu, üç-beş ildən tez mümkün deyil. 1998-ci il defoltundan sonra həm dünya bazarında neftin qiyməti artdı, həm də Rusiyaya qarşı sanksiyalar yox idi. Bu səbəbdən Rusiya özünü toparlaya bildi. Həm də Rusiya öz daxili istehsalını artırmağa müvəffəq oldu. İndiki vəziyyətdə Rusiya iqtisadiyyatının dirçəlməsi üçün illər, on illər lazım olacaq”.

Şərh yaz

Warning: A non-numeric value encountered in /home/t52984/public_html/umidparty.org/wp-content/themes/Newspaper/includes/wp_booster/td_block.php on line 1009