Dünən Rusiyanın Soçi şəhərində Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında üçtərəfli görüş keçirilib.
Umidparty.org saytı Bakıvaxtı.az-a istinadən xatırladır ki, görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Azərbaycan ərazisində yerləşdirdiyi sülhməramlı qoşunlarının mandatının uzadılması məsələsinə də toxunub. Putin bildirib ki, sülhməramlıların 2025-ci ildən sonra mandatının uzadılması sərhədlərin delimitasiya-demarkasiya və sülh sazişinin imzalanmasından asılıdır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, sülh sazişinin imzalanıb-imzalanmamasından asılı olmayaraq, rus qoşunlarının Qarabağdakı sülhməramlı missiyasının vaxtı 2025-ci ildə bitməlidir və mandatlarının müddəti uzadılmamalıdır: “2020-ci ilin noyabr ayının 9-dan 10-a keçən gecə imzalanan Bəyannaməyə sülhməramlılarla bağı maddənin əlavə edilməsi situativ hadisə idi. Amma bundan sonra Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyinə təminat verməlidir. Beləliklə, Rusiya da istədiyi vaxt Ermənistandan Qarabağa mitinq üçün adam gətirib Azərbaycana təhdid mesajı ötürməməlidir”.
Onun sözlərinə görə, ümumiyyətlə, “Rusiya” və “sülhməramlı” anlayışları tamamilə bir-birinə ziddir. Partiya sədri deyib ki, Rusiya nə Suriyada, nə Ukraynada, nə də Azərbaycanda sülhməramlı missiyasını həyata keçirə bilib.
“Azərbaycan indidən addımlarını həm beynəlxalq masada, həm də hərtərəfli istiqamətdə səfərbər etməlidir. Mən Rusiya qoşunlarının Azərbaycan ərazisində qalmasının tərəfdarı deyiləm”, – deyə İqbal Ağazadə əlavə edib.
Nuranə Daxilqızı