Rusiya hansı oyunu oynamaq istəsə, qarşısında dayanacağıq – İQBAL AĞAZADƏ

Bu gün Ümid Partiyasının sədri İqbal Ağazadə Kanal13 internet televiziyasında Rüfət Muradlının təqdimatı ilə “Açıq söz” proqramının qonağı olub.

Partiya sədri gündəmi dəyərləndirərək bildirib ki, bu gün ölkənin ən böyük problemi pandemiya dönəmindən sonra yaranacaq iqtisadi və sosial məsələlər olacaq: “Ölkə gündəmini bizdən asılı olmayan bəzi məsələlər zəbt etsə də əslində ölkənin ən böyük problemi pandemiya dövründən sonra yaranacaq sosial-iqtisadi məsələlərdir. Baş verən digər hadisələr ya yeni müstəviyə çıxmağa, ya da diqqəti yayındırmağa xidmət edir. Əslində ən böyük problemimiz postpandemiya dönəmi və çökən iqtisadiyyat, münasibətlər sisteminin gərginliyi, sosial münasibətin ağırlığıdır. Bütün bunların fonunda hakimiyyət hansı addımlar ata biləcək, krizisdən adlaya biləcəkmi, böhrandan çıxa biləcəkmi, yoxsa bu böhran vətəndaş – hökumət sistemində yeni çalar yaradacaq, siyasi institutlar fərqli ampluada mövqe və strateji taktiki gedişlər müəyyən edəcək, bu zamanın işidir. Çünki hələ pandemiya bitməyib. Karantinin uzadılması ehtimalı böyükdür. Hesab edirəm ki, bunların hamısı postpandemiya dövründən sonra cavabı tapılacaq suallardır”.

İqbal Ağazadə Sosial Tədqiqatlar Mərkəzi adlanan qurumun apardığı son sorğunun nəticələrinə da münasibət bildirib:

“Sosial Tədqiqatlar Mərkəzi deyilən bir qurum var. Millət vəkillərindən biri ora rəhbərlik edir. Deməli, respondentlər arasında sorğu keçirilib. Məsələ qoyulub ki, pandemiya dönəmində tətbiq olunan cəza və cərimələrdən razısınızmı? Sən demə, məlum olub ki, əhalinin 79 faizi tətbiq olunan cəza və cərimələrdən razıdır. Bunu hansı ağılla cəmiyyətə demək olar?”

Partiya sədri aparıcının Ramiz Mehdiyevin nəvəsinin toyu və toydan sonrakı olaylar barədə verilən sualına belə cavab verib: “Mən insanların vəzifəsinə müxalifəm. Bir insan vəzifəsini düzgün yerinə yetirmirsə, ona müxalif oluram. Təkcə indi deyil, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olarkən bütün yazılarına mətbuatda cavabım olub. Bu gün Ramiz Mehdiyev bir vətəndaş kimi pandemiya dövründə hansısa qaydanı pozubsa və qanun da onun cəzasını veribsə, artıq bu mənim üçün ciddi məsələ deyil. Xatırladım ki, hakimiyyət Ramiz Mehdiyevi vurmaq istəyirsə, əvvəldən başlamalıdır. Ramiz Mehdiyevin oğlu Fövqəladə Hallar Nazirliyində müavin, özü isə AMEA-nın prezidentidir. Əgər hakimiyyət onu bu görəvlərdə saxlayıbsa, gerisi mənim üçün kiçik məsələlərdir”.

Rüfət Muradlının sizcə, Ramiz Mehdiyevin üsyanı, sitəmi “çörək verdiyi” adamların ona qarşı çıxmasıdırmı? – sualına İqbal Ağazadə belə cavab verib: “Qəddafinin ölümündən sonra mən bir yazı yazmışdım. Yadınızdadırsa, Qəddafi həbs olunanda deyirdi ki, mən sizin babanızam. Onu kimsə dinləmədi. Həm dirisini, həm də ölüsünü təhqir etdilər. O yazıda qeyd etmişdim ki, bu adamlar Qəddafinin tərbiyə etdiyi övladlarıdır. Günah Qəddafidədir ki, övladlarını; qızlarını, oğullarını, nəvələrini yaxşı tərbiyə etməyib. İndi Ramiz Mehdiyevin təbirincə desək, çörək verdiyi adamlar ona qarşı çıxıbsa, günah Ramiz Mehdiyevin özündədir ki, yaxşı tərbiyə verməyib”.

Rusiya-Azərbaycan münasibətlərindən danışan İqbal Ağazadə bunları deyib: “Azərbaycan çətin bir vəziyyətdə qalıb. Uzun illər aparılan yanlış xarici və daxili siyasət hakimiyyəti elə bir çarəsiz duruma salıb ki, nə əldən qoya bilir, nə yardan doya bilir. Belə deyim, nə Rusiya ilə qırıla bilir, nə də isti münasibətlər yarada bilir. Rusiya postsovet ölkələrindən çıxmaq istəmir. Kəskin addımlardan çəkinməyə çalışır, lakin, maraqları bəzən ona imkan vermir. İmkanı olsa, Ermənistanda da, Azərbaycanda da ciddi addımlar atar. Erməni xalqı da, hakimiyyəti də Rusiyadan qaçır. Ona görə də Rusiya çalışır intensiv danışıqlar, bəzi təhdid və şantajlar hesabına mövqelərini qoruyub saxlasın”.

Gündəmlə bağlı daha bir neçə məsələyə toxunulan verilişi təqdim edirik:

Ümid Partiyasının Mətbuat Xidməti

Şərh yaz