“RUSİYA ELƏ BİLİRDİ Kİ, AZƏRBAYCAN HEÇ VAXT ŞUŞANI ALA BİLMƏZ…” – İQBAL AĞAZADƏnin müsahibəsi

Ümid Partiyasının sədri, keçmiş millət vəkili İqbal Ağazadə “AzPolitika”-ya müsahibəsində Rusiyanın Xankəndində konsulluğunun açılmasına dair bəyanatları, Moskvanın Cənubi Qafqaz siyasəti, eləcə də regionda və dünyada gedən digər proseslərlə bağlı sualları cavablandırıb.

Müsahibənin birinci hissəsini təqdim edirik:

– İqbal bəy, əvvəlcə Rusiyanın Xankəndində konsulluq açmaq niyyəti ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Bu niyyətin elan olunması aydın səmada ildırım çaxmasına bənzədi. Çünki sülhməramlılar ölkədən gedib, Qarabağda nə erməni, nə də Rusiya vətəndaşları yoxdur, ona görə də konsulluğun açılması ilə bağlı Vyana Konvensiyasında nəzərdə tutulan əsaslar mövcud deyil. Amma Rusiya rəsmilərindən son olaraq, Xarici işlər nazirinin müavini Qaluzin də dedi ki, bu barədə Azərbaycan rəsmiləri ilə müzakirələr aparırılar. Sizcə, məsələnin mahiyyəti nədən ibarətdir?

– Rusiya regiondan çıxmadığının və Qarabağın hələ də onun təsirində ola biləcəyinin mesajlarını verir. Kreml bu mesajları bu gün üçün vermir.

Vyana Konvensiyasının tələblərinə görə, konsulluq açılması üçün fərqli şərtlər lazımdır. Bu şərtlərin heç biri Xankəndinə uyğun gəlmir. Məsələn, Azərbaycanın Təbrizdə konsulluğu var. Niyə var, hər kəs bilir. Yaxud da Azərbaycanın İstanbulda konsulluğu var.

– Sankt-Peterburqda, Yekaterinburqda da var. Yəni, azərbaycanlılar yaşayan yerlərdədir konsulluqlar…

– Bəli, bu, olduqca ciddi məsələdir. Rusiyanın isə bölgəyə heç bir bağlılığı yoxdur və o cümlədən hələ orada əhali məskunlaşmayıb. Orada konsulluğun açılması bəlkə də “Türkiyənin Şuşada konsulluğu açılacaq” bəyanatına və Azərbaycanın buna münasibətinə cavab idi ki, “mən də regionda varam”.

Prosesin ciddi olacağını və ya gələcəkdə bunun gerçəkləşəcəyini güman etmirəm. Azərbaycan tərəfi bu məsələdə susur və doğru edir. Susmaq bugünkü reallıqlar çərçivəsində ən doğru qərardır. Çünki münasibətləri gərginləşdirməyin heç bir mənası yoxdur.

– Biz ancaq rəsmi bəyanatları görürük, onlar da bəzən çox gecikir, bəzən də heç olmur. Rəsmi bəyanat var ki, artıq Xankəndindəki düşərgə bağlanıb. Amma bunun ardınca Qriqori Karasin və Qaluzin  konsulluq məsələsini ortaya atmaqla qeyri-müəyyənlik yaratmağa çalışırlar. Sizcə, Rusiyanın ümid etdiyi geosiyasi proseslərin fonunda qarşıda hansı hadisələri görə bilərik?

– Hesab edirəm ki, bu istiqamətdə Azərbaycanın taktikası doğrudur. Həm daha dərin məlumatların verilməməsi, həm də bəzi şeylərə sərt yanaşma…

– Niyə?

– Çünki Rusiyanın taleyi hələ bəlli deyil və Moskva bu gün faktiki olaraq postsovet ölkələrinə qarşı çox sərt münasibətdədir. Çox təəssüflər olsun ki, politoloq adına, ekspert adına belə şərhlər verirlər ki, Rusiyanın Cənubi Qafqaz siyasəti dəyişib, qərara alıb ki, Azərbaycanla xoş münasibətdə olsun, Türkiyə – Azərbaycan münasibətləri çərçivəsində yeni mərhələ qurulsun və s. Bu fikirlər yanlışdır. Putin də, onun çevrəsi də, Rusiyanın səlahiyyətli nümayəndələri də postsovet ölkələrinin hamısını özlərinin əraziləri hesab edirlər və bu ölkələrin müstəqilliyini demək olar ki, qəbul etmirlər. Rusiyanın dini və milli nöqteyi-nəzərdə ən böyük qardaşlığı, bağlılığı Ukrayna və Belarus xalqları ilədir. Rusiya bu gün bu xalqların müstəqilliyini həzm edə bilmirsə, məntiqlə Azərbaycanın və ya digərinin müstəqilliyini niyə həzm etsin və yaxud da onları öz torpağı hesab etməsin? Rusiyanın bugünkü dönəmdə aqressiv siyasət yürütmək imkanlarını nəzərə alaraq, Azərbaycan tərəfi həm informasiya, həm təhlil nöqteyi-nəzərdən bir az xəsislik etməlidir. Bu da rəsmi qurumlara aiddir. Hökumət bu istiqamətdə ölçülü-biçili addımlar atmalıdır. Çünki Rusiyanın edə biləcəklərinin sərhədləri bəlli deyil.

– Regionda Türkiyə faktorunu və müharibədən dolayı Rusiyanın imkanlarının məhdudlaşdığını nəzərə alsaq, həmin aqressiv təsirlər indiki dövrdə nə dərəcədə realdır?

– Çox realdır. Yeni müharibənin baş verməməsi və ya Rusiyanın Cənubi Qafqazda aqressiv addımlar atmaması üçün tək Türkiyə faktoru yetərli deyil. Necə ki, Ukraynaya müdaxilənin qarşısını almaqda tək ABŞ və Avropa Birliyi faktoru yetərli olmadı. Ukraynada müharibə başladısa, torpaqları zəbt olunursa, işğal davam edirsə, gündə hər iki tərəfdən minlərlə insan ölürsə, şəhərlər dağılırsa, dinc əhali köçürsə, deməli, tək Türkiyə Azərbaycanın təhlükəsizliyi üçün yetərli olmaya bilər. O cümlədən, Ermənistan və digərləri üçün də bu faktor yetərli deyil. Çünki Rusiya bu gün dünyanı nüvə silahı ilə təhdid edir. Rusiya Azərbaycan kimi kiçik və yaxud da Türkiyə kimi NATO-nun bir üzvü olan ölkəni yox, bütövlükdə dünyanı, bütöv Avropanı təhdid edir. Hətta animasiya filmləri də göstərirlər ki, nüvə zərbəsindən sonra ABŞ-nin, Böyük Britaniyanın ayrı-ayrı şəhərləri neçə dəqiqə ərzində məhv olacaq.

– Amma bu əzələ nümayişində bir az da blef var…

– Əslində bu, bir az da qorxu nəticəsində risklərin artdığının göstəricisidir. Bütün risklər nə zaman artır? O zaman artır ki, insan təhlükə hiss edir. Bu gün Rusiya təhlükə hiss etdikcə, təhlükənin riski artdıqca, təbii ki, Putinin də, Rusiyanın da edə biləcəkləri çox şeylər ortada ola bilər. Ən azı, biz yaxın zamanlarda Ukrayna ərazisində tətbiq olunacaq Qərb, NATO silahlarının nəticələrini görmüş olacağıq. Çünki artıq hədələmələr başlayıb ki, ballistik raketlər Avropanın şəhərlərinə düşə bilər. Demirəm ki, Rusiya nüvə silahı tətbiq edəcək, amma taktiki nüvə silahının istifadəsi Rusiya üçün son variantlardan biridir. Buna görə də təkcə güclü Türkiyənin olması Azərbaycanın təhlükəsizliyi üçün təminat deyil. Çünki bu istiqamətdə çox böyük boşluqlar var. Bilirsiniz ki, Türkiyə ilə Rusiya bir neçə mərhələdə üz-üzə gəliblər. Suriyada, Liviyada, rus diplomatın öldürülməsi məsələsində, Qara dəniz böhranında və s. Bunun çoxu tərəflərin heç birinin güzəştə getməməsi, əksinə, mövqelərində sabit qalması və yaxud da bir-birinin maraqlarının qorunması baxımından həll olunan məsələlərdir. Heç birində qarşıdurma müstəvisinə keçməyiblər. Məsələn, Suriyada nə Türkiyə geri çəkilmədi, nə də Rusiya. Amma bir-birilərinin maraqlarını da təhdid etmədilər. Əlbəttə, burada Türkiyənin dövlət kimi də maraqları var. Bu maraqlar çərçivəsində Azərbaycan naminə bir qədər irəli gedilə bilər. Qeyd etdiyim kimi, Rusiya öz siyasətinin aqressiv dönəminə daxil olub. Rusiya o dərəcədə aqressivdir ki, gecənin birində Ermənistanda da, Gürcüstanda da hər hansı proseslər baş verə bilər.

– Ermənistan Rusiyadan 70-80 faiz iqtisadi asılılığı olan bir ölkədir. Sərhədlərini də, hava məkanını da Rusiya qoruyur, orada hərbi bazası da var. Amma biz Paşinyan hökumətinin öz müttəfiqinin aqressiyasını nəzərə almadan ardıcıl anti-Rusiya xəttindən çıxış etdiyini görürük…

– Bu gün Rusiyanın Ermənistandan daha çox asılılığı var. Çox təəssüf ki, bunu da ekspertlər, jurnalistlər nəzərə almırlar. Rusiya neftinin ikinci ən böyük çıxış məkanı Hindistandır. Hətta bu gün 7-8 milyard barrel neftin Hindistan sərhədlərində olduğu və bundan əvvəl də bu qədər neftin satıldığı barədə informasiyalar var. Bu pulların yüzdə yüzü Ermənistan üzərindən ya silah şəklində, ya da pul şəklində Rusiyaya qayıdır.

– Bunlar təsdiqlənmiş məlumatlardır? 

– Bunu prosesləri izləyən hər bir siyasətçi bilə bilər. Hindistan Ermənistana silah satır. Bu silahlara verilən pulların miqdarı büdcədə nəzərdə tutulmayan böyük vəsaitlər idi. Hindistanla Rusiya arasındakı müqavilənin icrası bir qayda olaraq rupi üzərindən olub. Bu, harada gerçəkləşirdi? Rusiya rupini gətirdi və neynədi? Demək, rupi gəlmir. Beynəlxalq hesabatların birində Ukraynaya qarşı işlədilən silahlarda nə qədər Hindistan istehsallı vasitələrin, yedəklərin olduğu barədə məlumatlar var.

– Bəs Qərb niyə buna göz yumur?

– Qərbin burada ikili yanaşması var. Qərb Ermənistanın əsas xəttinin Rusiyadan ayrıla biləcək imkanları nəzərə alaraq, bəzi məqamlarda onun bu yolla dirçəldilməsi və bu istiqamətdə qazanacağının maksimumunu əldə etməsi üçün şərait yaradır. İkincisi, Rusiya ilə bütün yollar qapadılmayıb. Gəlin, etiraf edək ki, bu gün təkcə elə Çindən Avropaya Rusiya – Belarus dəmiryolu vasitəsilə gedən malların həcmi 35 faiz azalıb. Amma digər ölkələr yenə də həmin yollarla mal aparırlar. Rusiya bütövlükdə blokadaya alınmayıb, bütövlükdə iqtisadi sanksiyalara məruz qalmır. Rusiyanın bəlli açıq sahələri var. Rusiya Avropanın ümumi xammal ehtiyatlarının 65 faizini öz ərazisindən təmin edirdi, indi bu göstərici 42 faizdir. Yəni, çox az, cəmi 23 faiz miqdarında azalmalar var. Bu gün Ukrayna ərazisindən keçən qaz kəməri ilə Avropaya mavi yanacaq ötürülmürmü?

– Ötürülür, amma həcmi azalıb.

– Bəli. Yəni, bu azalmalar var, lakin bütövlükdə Rusiya bu məsələlərdən kənarlaşdırılmayıb. Ona görə də Ermənistan üzərindən daşımalar bu istiqamətdə açıq saxlanır və onun iqtisadiyyatında, maliyyə bazarında pulun bölüşdürülmə məsələlərinə baxanda çox aydın görürsən ki, bu pullar silahlarla əvəzləşdirilib.

– Rusiyapərəst qüvvələr Paşinyanı devirməyə çalışır. Açıq-aydın görünür ki, Rusiyanın ənənəvi müttəfiqləri – kilsə, hazırkı müxalifət, diasporun bir hissəsi bu işə cəlb olunub. Bu prosesdən nə gözləyirsiniz?

– Əvvəla onu qeyd edim ki, Rusiya Paşinyan üzərində 1992-ci ilin Yeltsin senarisini gerçəkləşdirməyə çalışır və 2020-ci ildəki hadisələri əslində bu senari üzərində düşünmüşdülər. Yeltsin-Ter-Petrosyan senarisini, Putin-Paşinyan senarisinə çevirməyə çalışdılar. Yeri gəlmişkən, bu senaridən birinci dəfə Qorbaçov istifadə etmişdi. 1991-ci ilin 17 martında SSRİ-nin saxlanılması ilə bağlı referendum keçirildi. Bilirsiniz ki, bu referendumun keçirilməsi ilə bağlı yerli məclislər qərar verməli idi. Ermənistan parlamenti SSRİ-nin saxlanılma referendumuna “yox” dedi və onu boykot etdi. Azərbaycan tərəfi isə referendumda iştirak etdi. Təxminən 93 faiz səs çoxluğu ilə Azərbaycan SSRİ-nin saxlanılmasına səs verdi. Bunun əvəzində Qorbaçov Azərbaycana yönəlik bir addım atdı. Azərbaycanın o dövrdəki xüsusi təyinatlı polis dəstəsi olan “OMON”a Dağlıq Qarabağ ərazisində antiterror tədbirləri keçirməyə icazə verdi. Aprel ayında bu antiterror tədbirləri başladı, bizim məşhur Çaykənd, Buzluq, Mənəş, Erkəc kəndləri, o cümlədən Xocalı aeroportunun götürülməsi və uçuşlara nəzarət, Milli Qəhrəman Əlif Hacıyevin ora komandir təyin olunması baş verdi. Çox təəssüf ki, o dövrdə – 21 May 1991-ci ildə Azərbaycan Xalq Cəbhəsi beynəlxalq ictimaiyyətə müraciət edən bir bəyanat qəbul etdi.

– Nə bəyanat idi?

– Bəyanatda deyilirdi: “Dağlıq Qarabağdan ziddiyyətli xəbərlər gəlir. Dinc əhali arasında ölən və yaralananlar var. Bu halı qətiyyətlə pisləyirik və bunun durdurulmasını istəyirik”. Ardınca da qeyd olunurdu ki, “biz bilirik ki, bu antiterror tədbirlərinin həyata keçirilməsi heç də Azərbaycanın hüquqlarının müdafiəsi üçün deyil, Ermənistanda demokrat Ter-Petrosyanı kommunistlərlə əvəz etmək üçündür”.

Səhv etmirəmsə, III İnternasionalın qurultayında bir qrup azərbaycanlı siyasətçisi tərəfindən bu bəyanat təqdim olundu və İnternasional da Qorbaçova müraciət etdi. Bir iyunda hücumlar dayandı. İkinci prosesə gəlincə, Mütəllibov hakimiyyətə qayıda bilmədikdən sonra Azərbaycanda 7 iyunda prezident seçkiləri keçirildi. 12 iyun 1992-ci ildə Azərbaycan əks-hücum əməliyyatı ilə torpaqlarını işğaldan azad etməyə başladı və 6 iyul 1992-ci ildə Ağdərəni işğaldan azad etdi. Bu zaman demokrat Ter-Petrosyan üzünü Qərbə tutmuşdu. Belə vəziyyətdə 13 iyul 1992-ci ildə Ter-Petrosyan Moskvaya səfər etdi və Rusiya ilə Gümrüdə rus qoşunlarının yerləşdirilməsi ilə bağlı razılıq bəyanatı imzaladı. 21 avqust 1992-ci ildə rus qoşunları Gümrüdəki hərbi bazasını təşkil etdi və Azərbaycan torpaqlarının işğalı başladı. Beləliklə, rus siyasətinin Cənubi Qafqazda yeni dönəminə start verildi.

2018-ci ilin may ayında Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Rusiya tərəfindən eyni ssenarilər oynanılmağa başlandı. Paşinyan Rusiyadan uzaqlaşmağa çalışdı, Azərbaycan sərhədindəki təxribatlardan, 2020-ci ilin 12-14 iyununda Tovuz hadisələri, mərhum generalımız Polad Həşimov, polkovnik İlqar Mirzəyev və bir qrup hərbçimiz şəhid edildikdən sonra xalqın meydana çıxması və 2020-ci ilin sentyabrın 27-də əks-hücum əməliyyatlarının başlaması baş verdi. Çox ümid edirdilər ki, Paşinyan bir yerdə dayanıb biət edəcək. Oktyabrın 20-sində, 27-sində Mirzoyanla Lavrov arasında baş tutmuş görüşlərdə də Paşinyan mövqeyindən geri durmadı. Burada Rusiya sadəcə olaraq Azərbayanın hərbi gücünü, cəsarətini, imkanlarını düzgün ölçə bilmədi. Rusiya elə bilirdi ki, Azərbaycan heç vaxt Şuşanı ala, irəli gedə bilməz.

– Türkiyənin dəstəyinin səviyyəsini də proqnozlaşdıra bimədi?

– Türkiyənin dəstəyini proqnozlaşdırmışdı, sadəcə, Azərbaycan tərəfinin bu dərəcə israrlı və hazır olduğunu bilmirdi. Kəşfiyyat məlumatları olduqca zəif idi. Azərbaycanın Şuşanı alması prosesi bir gecənin içində dəyişdi və Gümrüdəki hərbi baza hərəkətə keçdi. Saziş imzalanmamışdan əvvəl rus qoşunları Azərbaycan sərhədinə doğru irəliləyirdi. Burada 1991-ci il Qorbaçov, 1992-ci il Yeltsin variantlarının heç biri işləmədi. Paşinyan geri durmadı. Rusiyanın inadına 2021-ci ilin iyununda növbədənkənar seçki keçirildi və o, qalib gəldi…

– İqbal bəy, 10 noyabr razılaşmasından sonra Azərbaycanın suverenliyinin təmin edilməsi və baş verən digər proseslər həm də Paşinyanın hakimiyyətdə qalmasının nəticəsi kimi qəbul edilə bilərmi?

– Elə deməzdim. Azərbaycanda müxtəlif vaxtlarda – Kamran Bağırovun, Ayaz Mütəllibovun, Əbülfəz Elçibəyin, Heydər Əliyevin hakimiyyətdə olduqları dönəmlərdə Qarabağı işğaldan azad etmək şansları olub…

– Rusiya ilə razılaşa bilməyiblər?

– Fərq etməz, razılaşıblar və ya razılaşmayıblar, fürsətdən istifadə ediblər, ya etməyiblər. Hamısının dövründə şans olub. İlham Əliyev sadəcə olaraq bu şansları doğru dəyərləndirməyi bacardı.

– Həm də geosiyasi şərtlərin təsiri var…

– O dövrün geosiyasi şərtləri bəlkə bundan da yumşaq idi. 1991-ci ilin sonunda, mərhum Ayaz Mütəllibovun prezidentliyi dövründə Qarabağın komendantı general Vladislav Safonov idi. Həmin vaxt onlarla Qarabağı boşaltmağın qarşılığında nə qədər pul istədikləri, Azərbaycan vətəndaşlığı, o cümlədən deputat mandatı alacaqları ilə bağlı danışıqlar getdi. Azərbaycan tərəfi bir gecədə bunu təmin edə bilmədi. Belə şanslar Əbülfəz Elçibəyin də vaxtında olub. 15 avqust 1992-ci ildə Ermənistan parlamentinin 56 deputatı Azərbaycana sıfırdan başlamaq, müharibəni dayandırmaq, işğal olunmuş torpaqları boşaltmaq, sülh müqaviləsi imzalamaqla bağlı müraciət edib. 1994-cü ildə də imkanlar olub. Amma hər kəs bəlli bir yerdə dayanıb. İlham Əliyev isə dayanmadı. Hətta Putinin də düşünmədiyi addımları atdı.

Bu gün “Qarabağ bizim deyil” deyən Paşinyan iki il əvvəl tamam fərqli fikirlər səsləndirirdi. Bu, Azərbaycanın yaratdığı reallıqlar idi. Şuşanın işğaldan azad olunmasından sonra keçirilən mətbuat konfransında Putininin sifətindəki mimika bugünkü kimi yadımdadı. O, çox dəhşətli bir təəccüb içərisində idi.

“Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil”

– Hadisələrin növbəti mərhələsində İrəvanda daxili etirazların davam etdiyi şəraitdə Azərbaycanla Ermənistan arasında sülhə inanırsınız? Ermənistanda bunu həyata keçirməyə siyasi iradə varmı?

– Ermənistanda siyasi iradə var. Ermənistan 3 şeyi çox ciddi şəkildə analiz edərək başa düşür və qəbul edir. Birincisi, Paşinyan hökuməti qəbul edir ki, Qarabağ məsələsi artıq keçmişdə qalıb. İkincisi, anlayır ki, mövcud Ermənistan sərhədləri çərçivəsində Ermənistan dövlətinin maraqlarını qorumaq üçün mütləq sülh lazımdır. Başa düşür ki, sülhə Cənubi Qafqazda bir dönəm yox, bütün dönəmlərdə mane olan yeganə faktor Rusiyadır. Buna görə də Ermənistan Rusiyanın bölgədən çıxmasında maraqlıdır. Üçüncüsü, Ermənistan Azərbaycan, Türkiyə və digər qonşularla sıfır problemin olmasını əsas vəzifə kimi qarşısına qoyub. Bilir ki, sülh müqaviləsi imzalamasa, Zəngəzur dəhlizi məsələsi onun üçün problem olacaq. Zəngəzur dəhlizi Azərbaycanın məsələsi deyil, heç Rusiyanın da məsələsi deyil. Hazırda Rusiyaya qarşı müharibə aparan böyük güclər növbəti mərhələdə hədəf kimi Çini götürəcəklər. Rusiyada Qərbyönümlü hakimiyyət formalaşandan sonra Çin bazarının dünya iqtisadiyyatına, maliyyə bazarına təsir imkanlarının azaldılması və ya nəzarətdə olması uğrunda ciddi mübarizə başlayacaq . Çindən üç yol çıxır – biri ənənəvi Rusiya yoludur. Rusiyada qərbyönümlü hakimiyyət yaranarsa, yol bunların nəzarətində olacaq. İkinci yol Qırmızı dənizdən keçən yoldur ki, həmin bölgənin kimin nəzarətində olduğunu görürsünüz. Üçüncü yol Orta Dəhlizdir. Bu orta dəhliz Türküstandan, yəni Qazaxıstandan keçir, Xəzər dənizi vasitəsilə Cənubi Qafqaza, oradan da Türkiyə və Avropaya gedir. Bu üç yol nəzarətdə olmalıdır.

Ümumiyyətlə, dünyada gedən lokal və yaxud da böyük müharibələri qələbə ilə başa çatdırmağın birinci şərti logistik imkanları nəzarətə götürməkdir. Hətta müharibədə belə cığırları, yolları kəsmirsənsə, kömək, yardım imkanları açıq olursa, orada qələbədən söhbət gedə bilməz. Bu Orta Dəhliz açılmalıdır. Əsas faktor sülh müqaviləsinin imzalanmasıdır ki, hazırda bu mərhələ davam edir. Öhdəliklər əsasında çərçivə sazişi olacaq və ikinci mərhələdə kommunikasiyaların açılması məsələsi gündəmə gələcək. Kommunikasiyaların açılmasının iki şərti var: Sülh müqaviləsi çərçivəsində açılacaqsa, Zəngəzur dəhlizinin mühafizəsi Ermənistanın üzərində olacaq. Zəngəzur dəhlizi əlahiddə məsələ kimi müzakirəyə çıxarılacaqsa, Rusiya 10 noyabr sazişini ortaya qoyacaq və indi də qoyur. Amma Ermənistan çalışır ki, bu, olmasın. Bu günlərdə artıq Rusiya qoşunları, Federal Sərhəd Xidmətinin əməkdaşları Sünik vilayətindəki bir neçə ərazini tərk etdi. Ermənistan çalışır ki, sülh müqaviləsi imzalansın və kommunikasiyalar sülh müqaviləsi çərçivəsində açılsın – Qazaxdan, İcevandan, Bertdən, Tovuzdan, Göyçə ətrafından, Kəlbəcərdən, Daşkəsəndən, Gədəbəydən, Laçından, Gorusdan, o cümlədən də Mehri, Qubadlı, Zəngilan istiqamətindən.

– Rusiyanın buna reaksiyası necə oalcaq?

– Kommunikasiyaların açılması sülh müqaviləsi çərçivəsində olacaqsa, Rusiyanın müqavimət göstərmək imkanları zəif olacaq. Rusiya Azərbaycandan niyə çıxdı? Əsas şərt bu idi ki, Cənubi Qafqazda Ermənistanla Azərbaycan arasında gərginlik davam etdikcə xarici qoşunların Ermənistan ərazisinə gəlmək imkanları artır. Rusiya buna görə də gərginliyin mütləq dərəcədə azalmasında maraqlı göründü və ona görə qoşunlarını konfliktli zonadan geri çəkdi. İndi Rusiya başa düşür ki, sülh müqaviləsi çərçivəsinə mane olmağa çalışsa, həm Ermənistan daxilində, həm də xaricdə olan qüvvələri öz üzərinə çəkmiş olacaq və bu, Gümrüdəki 102-ci hərbi bazanın taleyini zərbə altında qoyacaq. Hərbi bazanın 2045-ci ilədək Ermənistanda saxlanması ilə bağlı müqavilə var və Rusiya istəyir ki, ən azı bu vaxta qədər qoşunlar orada qalsın. Hələlik dünya düzənində Rusiyanın və digərlərinin mövqeyi və yeri tam şəkildə aydın deyil. Bu gün postsovet ölkələri uğrunda böyük müharibə gedir, o cümlədən də dediyim Orta Dəhliz uğrunda.

– Gürcüstandakı daxili qarşıdurma da bunun tərkib hissəsidirmi?

– Təbii. Gürcüstanda oktyabr ayının 26-da baş tutacaq seçkidə müxalifətin qalib gəlmə imkanları böyükdür. Çox təəssüflər olsun ki, müxalifət bir məsələdə taktiki səhvə yol verdi. Enerjisini bu qanun çərçivəsində xərclədi. Bəlkə də 26 oktyabra o enerji, emosiya ilə getmək imkanlarını bir az azaltdı. Bəlkə də səhv edirəm, artırdı. Lakin əsas məsələ budur ki, bütün proseslər 26 oktyabrda keçiriləcək seçkidə hansı koalisiyanın və yaxud da kimin qalib gələcəyinə bağlı məsələdir. Rusiya da bunu hesablayır. Oradakı mövcud hakimiyyət devrilərsə, avropayönümlü müxalifət proseslərin içərisinə daxil olarsa, Rusiyanın Cənubi Qafqaza yolu bağlanır. Artıq Ermənistana təsir etmək imkanları sıfıra bərabər olacaq. Bəzən deyirlər ki, Azərbaycan Rusiyanın yanındadır. Azərbaycan Türkiyədən başqa kimsənin yanında deyil.

– Qərbyönümlü qüvvələr Qafqazda indiki balansı poza bilərmi?

– Heç bir balans pozulmayacaq. Niyə? Əvvəla onu qeyd edim ki, bir neçə ay bundan əvvəl ABŞ-də nazir Hakan Fidanla Entoni Blinken arasında strateji müttəfiqlik haqqında müqavilə imzalandı. Həmin müqavilənin bir bəndində qeyd olunurdu ki, Cənubi Qafqazda sülhün və barışın təminatçısı kimi hər iki tərəf öz üzərinə düşən məsuliyyəti yerinə yetirməlidir.

– Türkiyə rəhbərliyi də çox tez-tez bu müqaviləni gündəmə gətirir…

– Bəli, özü də ən yüksək səviyyədə. Bu isə o deməkdir ki, ümumi Cənubi Qafqaz siyasətində Türkiyə harada olacaqsa, Azərbaycan da orada olacaq. Türkiyə bu gün hardadır? Qərblə bir yerdədir. Bu gün dünyada iki koalisiya var. Birinci koalisiyada ABŞ, Böyük Britaniya, Türkiyə, İsrail, Yaponiya, Cənubi Koreya və bunların müttəfiqləri yer alır. Azərbaycan Türkiyə ilə müttəfiqdir. İkinci koalisiyada isə Avropa Birliyi və Fransa var.

– Azərbaycan həm də öz maraqlarına uyğun müstəqil oyununu oynamaq istəyir…

– Öz oyununu oynamaq istəmir. Azərbaycan çox bacarıqla özünü heç kimdən asılı olmayan kimi göstərib, prosesləri öz bildiyi çərçivədə tənzimləyir. Hazırda doğru olan da budur. Əgər Cənubi Qafqazda Rusiyanın regiondan çıxmaq faktoru olsa, kim qazanmış olacaq? Turan Birliyi və Türkiyə, o cümlədən də sabah böyük dünya savaşında Çinlə üz-üzə dayana biləcək Amerika Birləşmiş Ştatları ilə Böyük Britaniya. Vaxtilə Böyük Britaniyanı Avropa Birliyindən çıxmağa məcbur edən ölkə elə ABŞ olub. Bəzən Azərbaycanın Yeni Kaledoniyada baş verən hadisələrə müdaxiləsi, Ada dövlətlərinə dəstək fondunun yaradılması və s. məsələlərə ironiya ilə yanaşırlar və deyirlər ki, Azərbaycan niyə öz işi ilə məşğul olmur. Baxın, 11 aprel 2023-cü ildə Makron Çinə səfər edir. Çində Tayvanla bağlı bəyanat səsləndirir ki, “biz bu məsələdə Çinin yanında olacağıq”. Qayıdan zaman isə təyyarədə deyir ki, “Fransanın öncəliyi Avropa Birliyini üçüncü güc mərkəzinə çevirməkdir”. ABŞ isə üçüncü bir güc məkəzi istəmir. ABŞ Avropanı qarşısında yox, yanında görmək istəyir. İndi özünüz nəticə çıxarın, Azərbaycan kimin yanındadır?

– Amma biz Azərbaycanla Qərb arasında gərginliyin olduğunu da görürük. Bu gərginlik nə ilə nəticələnəcək?

– Hesab edirəm ki, tərəflər bir-birinə güzəştə gedəcək. 

– Bizim güzəştimiz nə ola bilər?

– Bizim güzəştimiz keçiriləcək seçkilərdə bir qədər fərqli mövqe nümayiş etdirmək, COP-29 öncəsi böyük amnistiyalar və ya əfv sərəncamı, Ermənistanla sülh müqaviləsi, Paşinyanın COP29-a dəvəti ola bilər. Avropa Birliyi isə öz növbəsində Azərbaycanı AŞPA-ya qəbul edə, sanksiyaları gündəmdən çıxara, bizimlə fərqli münasibətlər qura bilər.

“Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa…”

– Belə çıxır ki, seçkiyə ümidiniz böyükdür.

– Mən ümidimi heç vaxt belə şeylərə bağlamıram. Sadəcə, gedən proseslərə ümidim var. Prezident də 2024-cü ilin yanvarında jurnalistlərə müsahibəsində bildirdi ki, “heç kim qələbəni istismar etməməlidir, yeni bir dövr başlamalıdır”. Prezident seçkiləri təyin olunan gün mənə prezidentlə bağlı sual vermişdilər. Demişdim ki, bu gün İlham Əliyevə rəqib olmaq çox çətindir və bir az da mümkünsüzdür. Bilirsinizmi, bizim insanın demokratiyaya, azad sözə, seçkiyə, yaşam tərzinə münasibəti fərqlidir. İnsanımız Qarabağa bağlı olduğu qədər sadalananlara bağlı olmayıb. Bizim insan torpağa daha çox bağlıdır. Demokratiya əvvəlki önəmini çoxdan itirib. İndi demokratiya Qərbdə düşüncə, yaşam tərzi, vərdişlərdir. Bizim düşüncəmizdə, vərdişlərimizdə, yaşam tərzimizdə problemlər var.

– Problemin olmasının əsas səbəbi də demokratik inkişafın ləngiməsidir…

– Belə deyək, hakimiyyətin sistemli, ardıcıl bir istqamətdə insanları demokratiyaya hazırlamaq istəməməsidir. Digər tərəfdən, indi yetişən, xaricdə təhsil alan, savadlı nəsil özü ilə bərabər yeni ənənələr gətirə bilmədi. Bir insan Harvard universitetini bitirib, gəlib burada rüşvət alırsa, söz azadığına, insan haqlarına münasibəti ənənəvidirsə, onun durumu Bakı Dövlət Universitetində oxuyan tələbədən daha pisdir.

– Rüşvət almayanlar da ölkədən gedir…

– Bir az bu şeylərə dəyişiklik etməliyik. Prezidetin həmin mesajında bunu gördüm. Bəlli bir yerə qədər gedilə bilər.

– Bəlli yer haradır?

– Söhbət parlamentdə 3, 5, 7 söz deyənin olmasından daha çox, hansı təşkilatın, fikir, söz, mətbuat azadlığının olmasından gedir.

– Parlament siyasi sistemdə öz mahiyyətini bərpa edə biər?

– Elə bərpadan söhbət gedir. Yoxsa, orda olanlar da danışa bilər, problemləri qaldıra bilər. Qaldırırmı? Yox!

– Bu, birbaşa seçki institutuna münasibətlə bağlıdır. Təəssüf ki, seçki institutlarının formalaşdırdığı dövlət-hakimiyyət institutları mötəbər deyil… 

– Hakimiyyət bu yükü öz üzərindən atmalıdır. Normal hakimiyyətlər belə edir. Yükü verir seçkili orqanlara. Bu gün hakimiyyət güclüdür. İlham Əliyevin şəxsi nüfuzu yuxarıdır. Nə etməlidir? Bələdiyyələrin səlahiyyət dairəsi artmalıdır. Yerli insanları narahat edən problemlər bələdiyyələrə verilməlidir. Bizdə bu problemləri hökumət öz üzərinə çəkir. Bu, ziyanlı tendensiyadır, nəticələrini də görmüşük. Məsələn, Ermənistanda Ter-Petrosyan, Serj Sarqsyan, Robert Koçaryan və digərləri – bunlar kimlərdir? Bunlar “Böyük Ermənistan” arzusunu gerçəkləşdirən, Azərbaycan torpaqlarını işğal edən, Qarabağı Ermənistana birləşdirən, 30 il imperiya quran adamlar idi. Bu gün bu adamların ictimai rəydəki nüfuzları yerlə birdir. Prezdident bunları görür və bilir ki, qələbəni istismar etmək olmaz. Olarsa, məğlubiyyətə çevrilə bilər. 

– Sizcə, yeni parlament seçkiləri nə vaxt keçiriləcək?

– Mən sentyabr ayından gec olacağını düşünmürəm.

– Parlamentin palitrası dəyişə bilərmi?

– Parlamentin palitrasında dəyişim mövcud siyasi qüvvələrin böyük əkəsriyyətinin orada az-çox təmsilçisinin olmasından asılıdır.

– Məsələn, Müsavat Partiyasının təmsilçisi olacaqmı?

– Gözləyirəm.

– İsa Qəmbər ola bilərmi?

– Fərdiləşdirə bilmərəm. Çünki İsa Qəmbərin imkanlarını bilmirəm. Lakin hökumətin Müsavata münasibəti olduqca müsbətdir. Bizdən də müsbətdir. 

– Bəs digər partiyalar? Məsələn, Xalq Cəbhəsi?

– Xalq Cəbhəsinə partiya olaraq münasibət o qədər də müsbət deyil.

– Bəs hökumət öz kontingenti ilə bağlı nə qərar verəcək? Keçən seçkidə xeyli sayda gənc deputat seçildi, amma onların fəaliyyyətini heç kim görmədi…

– Biz bilmirik, onların bu fəaliyyəti hökumətə belə lazım idi, yoxsa, yox. Bu, hökumətə ünvanlanmalı olan sualdır. Mən bilmirəm onların üzərinə hansı məsuliyyət qoyulmuşdu. Əminəm ki, onlara desəydilər ki, hər gün orada danışmaq laızmdır, onlar danışacaqdılar. Orada proses “sən danış”, “sən danışma” şəklində gedir. Komanda var və hər kəs öz üzərinə düşən vəzifəni yerinə yetirir.

Bəzən deyirlər ki, yaşlılar gedəcək, gənclər gələcək. Buna inanmıram. Çünki siyasət və parlament yaş prizmasından daha çox təcrübə, proseslərə, ictimai rəydə insanlara təsir imkanlarına dayanır. Təsəvvür edin, ən yaşlı hakimiyyət nümayəndəsi ilə xaricdə təhsil almış, ingilis dilini bilən bir gənci hansısa kəndə göndərirlər. Sizcə, kənd sakinləri, yəni, seçicilər kimin təsiri altında olacaq? Bu, ritorik sualdır. Hakimiyyət də bunu bilir.

– Bir az da sanki siyasi düşmənçilik məsələsi var…

– Fərdi düşmənçilik deyərdim. Məsələn, böyük öndər Məhəmməd Əmin Rəsulzadə partiyalar tərəfindən mənimsənildi deyə, hakimiyyət ona sahiblikdən geri çəkilib. Əgər müxalifət Rəsulzadəyə sahib çıxmamış olsaydı, hakimiyyət çıxacaqdı. Rəsulzadə kimin istəyib-istəməməsindən asılı olmayaraq hər kəsin qəlbindədir. Hakimiyyət Heydər Əliyevə sahib çıxır. Əmin edirəm ki, hakimiyyətin bu siyasəti olmasa belə, cəmiyyətin əksər hissəsi onu qəbul edir. Burada yanaşma bəzən qüsur doğurur. Bu qüsur isə yavaş – yavaş əks qütbləşmə yaradır. Bu istiqamətdə yeni siyasət lazımdır. Məsələn, Cümhuriyyət qurucusuna anıt qəbir düzəltmək, bir abidə yaratmaq olardı. Biz nədənsə, ancaq tariximizi silməklə məşğuluq. Bu cəmiyyətdə tarixi şəxsiyyətlərlə bağlı heç vaxt yekdil bir münasibət olmayıb. Götürək elə Şah İsmayıl Xətaini. Bir qrup üçün qəhrəmandır, bir qrup üçün şiədir, bəziləri türk düşməni adlandırır, hətta kürd deyənlər belə var. Koroğluya da, Nəbiyə də, Həcərə də, Rəzulzadəyə də, Elçibəyə də, Heydər Əliyevə də münasibət düzgün olmalıdır. Bu yanlışlıqları aradan qaldırmaq lazımdır.

 

Elçin Rüstəmli

Elvin Bəyməmmədli

“AzPolitika.info”

 

8-11 iyun 2024-cü il

Şərh yaz