“Milli istiqlala malik olmayan bir millət, hürriyyət və mədəniyyətini də hifz edə bilməz. İnsanlara hürriyyət, millətlərə istiqlal”
Məhəmməd Əmin Rəsulzadə
Hər bir xalqın milli azadlıq hissi, müstəqillik meyli onun özünüdərk prosesində formalaşır, həqiqi və aydın məna kəsb edir.
Siyasi rejimdən, kiminsə əsarəti altında yaşamasından asılı olmayaraq, xalqımız hər zaman milli azadlığa, istiqlala can atıb. Yalnız yetkin cəmiyyət və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Bu gün Şərqdə ilk demokratik dövlətin qurucularından biri böyük Məhəmməd Əmin Rəsulzadənin 138 illiyidir. Məhəmməd Əmin Rəsulzadə və silahdaşları 1918-ci ildə paytaxtı, sərhədi, ordusu, cümhuriyyətçilik, müstəqillik haqqında düşüncəsi olmayan bir xalqın yaşadığı ərazidə yeni dövlət elan etdilər. Bu fakt, bir millətin, bir xalqın taleyində misilsiz bir hadisədir.
Azərbaycan Cümhuriyyətinin yaradıcılarından biri M.Ə.Rəsulzadə yazırdı: “Cümhuriyyətin əsas iradəsi bütün vətəndaşların bərabər hüquqla yaşaması üzərində quruldu. Burada hər bir insanın möhtərəm şəxs,Azərbaycan vətəndaşı olduğu üçün hüququ saxlanılırdı. Xoşbəxt həyatın ancaq hürriyyətlə hasil olacağını Azərbaycan Cümhuriyyəti hökuməti ona izn verilməsini istəmişdi. Burada söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı yüksək dərəcəyə çatmışdı”.
M.Ə.Rəsulzadə gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, 1902-1903-cü illərdə “Müsəlman Gənclik Təşkilatı” adlı gənc azərbaycanlı inqilabçılar dərnəyi yaradıb və ona başçılıq edib. Təşkilat mətbəə üsulu ilə intibahnamələr çap edib əhali arasında yayırdı. 1904-cü ildə o, Rusiya Sosial Demokrat Fəhlə Partiyası Bakı Komitəsi nəzdində “Müsəlman sosial-demokrat “Hümmət” qrupunun yaradılmasında iştirak edib. Bu dövrdə mətbuatda (“Şərqi-Rus”, “Hümmət”, “Təkamül” və s.) dərc olunmuş yazılarında xalqa söz, mətbuat, vicdan, cəmiyyət və ittifaqlar yaratmaq azadlıqları verilməsi, vətəndaşların əmlakının və canlarının toxunulmazlığının təmin olunması tələbləri ilə çıxış edir, xalqı maariflənməyə çağırır, Rusiyanın Azərbaycanda yeritdiyi milli qırğın siyasətini kəskin tənqid edirdi. 1905-07-ci illər rus inqilabının gedişində və bundan sonra Azərbaycanda yaranan milli oyanış, Əlimərdan bəy Topçubaşov, Əhməd Ağaoğlu, Əli bəy Hüseynzadə, Həsən bəy Zərdabi və başqalarının çar Rusiyasının milli ayrı-seçkilik siyasətinə qarşı mübarizəsi, getdikcə genişlənməkdə olan “türkləşmək, islamlaşmaq və müasirləşmək” (“türk qanlı, islam imanlı, Avropa qiyafətli”) məfkurəsi Rəsulzadənin milli-siyasi görüşlərinin formalaşmasına güclü təsir göstərmişdir. Böyük Məhəmməd Əmin Rəsulzadə qeyd edirdi ki, millətə hər bir fitnə-fəsdın mənbəyini göstər, onun nə tərəfdən və nə cür gəldiyini bildir, o zaman əminiz ki, millət nə edəcəyini bilər.
M.Ə.Rəsulzadə 1913-cü ildə “Müsavat” partiyasının rəhbəri seçilir. Onun rəhbərlik etdiyi “Müsavat” partiyası milli azadlıq mübarizəsinin önünə keçir. Rusiyada 1917-ci il Fevral inqilabının qələbəsindən sonra milli əsarət altında olan xalqlara, o cümlədən Azərbaycan xalqına yeni yaradılacaq demokratik Rusiyada “Milli-məhəlli (ərazi) muxtariyyət” verilməsi uğrunda mübarizə aparır. Nəticədə o, Rusiyanın gələcək dövlət idarəçiliyi formasını müəyyən edəcək Müəssislər məclisinə Azərbaycanla yanaşı Türküstandan da deputat seçildi. 1917-ci ilin iyununda “Müsavat”la Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi “Türk Ədəmi-Mərkəziyyət” Partiyası birləşdi. Rəsulzadə birləşmiş “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın sədri oldu. 1917-ci ilin oktyabrında “Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”ın 1-ci qurultayında M.Ə.Rəsulzadə partiyanın Mərkəzi Komitəsinin sədri seçildi.
M.Ə.Rəsulzadə milli azadlıq hərəkatının digər görkəmli nümayəndələri ilə birlikdə Qafqazın Rusiyadan ayrılaraq müstəqil konfederasiya dövləti yaratması və Türkiyə ilə sülh danışıqlarına girməsi uğrunda mübarizəyə başlayır və Tiflisdə – Zaqafqaziya fraksiyası rəyasət heyətinin sədri kimi çıxışlar edir. Zaqafqaziya seymi dağıldıqda, Rəsulzadə Batum konfransında iştirak etdiyinə görə gizli səsvermə nəticəsində qiyabi olaraq 1918-ci il may ayının 27-də Azərbaycan Milli Şurasının (parlamentinin) sədri seçilir. Milli Şura may ayının 28-də Azərbaycanı müstəqil dövlət elan edir və M.Ə.Rəsulzadə Azərbaycan Milli Şurasının sədri kimi xarici işlər naziri Məmməd Həsən Hacınski ilə birlikdə Osmanlı dövləti ilə Batum müqaviləsini imzalayır (1918-ci il, 4 iyun). Müqavilənin 4-cü maddəsinə əsasən Osmanlı dövləti Bakı sovetinin daşnak-bolşevik hərbi birləşmələri və erməni-daşnak quldur dəstələri tərəfindən soyqırıma məruz qalmaqda olan Azərbaycan xalqına qardaşlıq yardımı göstərir.
Rəsulzadə dövlət xadimi kimi Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ilin iyununda baş vermiş ilk hökumət böhranın aradan qaldırılmasında mühüm rol oynamış, istiqlalın qorunub saxlanması naminə sədri olduğu Milli Şuranın müvəqqəti olaraq, istefasına razılıq vermişdir. O, 1918-ci ilin iyununda Azərbaycan Xalq Cümhuriyyətinin İstanbul beynəlxalq konfransına göndərilən səlabiyyətli nümayəndə heyətinə (Rəsulzadədən başqa Xəlil bəy Xasməmmədov və Aslan bəy Səfikürdski daxil idi) sədrlik etmiş, çox mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın mənafeyini uğurla müdafıə etmiş, Azərbaycanda hərbi işin təşkili, maliyyə problemi, ərazi məsələsi haqqında Türkiyə rəsmiləri ilə danışıqlar aparmış, xüsusən Bakı məsələsində çevik və prinsipial mövqe tutmuşdur. 1918-ci il noyabrın 16-da Azərbaycan Milli Şurasının fəaliyyəti bərpa olunduqdan sonra onun sədri kimi Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin formalaşdırılmasında mühüm rol oynamışdır.
1920-ci il aprelin 27-də XI Qırmızı ordunun artıq Bakını ələ keçirmiş olduğu şəraitdə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində hakimiyyəti bolşeviklərə təhvil vermək məsələsi müzakirə olunarkən qətiyyətlə bunun əleyhinə çıxmışdır. M.Ə.Rəsulzadə 1920-ci il avqustun 17-də həbs olunmuş, lakin İ.Stalinin göstərişi ilə həbsdən azad olunub Moskvaya aparılmış, Rusiya Sovet Federativ Sosialist Respublikasının Milli İşlər Komissarlığında işlə təmin olunmuşdu. Bir müddət sonra Sankt-Peterburqa, oradan isə gizli yolla Finlandiyaya keçərək Türkiyəyə mühacirət etdi. Cümhuriyyətin qurucusu Milli hökumətin süqutundan 5 il sonra, 1925-ci ildə İstanbulda nəşr olunan “İstiqlal məfkurəsi və gənclik” əsərində yazırdı: “Rusiya idarəsindəki müsəlmanlara türk dedirtmək, bu gün qazanılmış bir davadır. Yalnız türk kəlməsi deyil, Azərbaycan adı da qazanılmışdır”.
M.Ə.Rəsulzadə Azərbaycanın mətbuatı tarixində siyasi publisistikanın ən görkəmli nümayəndələrindən biridir. Tədqiqatlar göstərir ki, onun 1903-20-ci illərdə təkcə Azərbaycanın dövri mətbuatında 1200-dən artıq müxtəlif janrda yazıları dərc olunmuşdur. O, ədəbi-publisistik fəaliyyətini siyasi mühacirət illərində də davam etdirmiş, Azərbaycan xalqının tarixi və ədəbiyyatı ilə bağlı çoxsaylı məqalələr dərc etdirmişdir. Bu dövrdə “Yeni Qafqasya” (1923), “Azəri Türk” (1928), “Odlu yurd” (1929), “Qurtuluş” (1934), “Müsavat bülleteni” (1936), “Azərbaycan” (1952) jurnallarını, “İstiqlal” (1932) qəzetini nəşr etdirmişdir. M.Ə.Rəsulzadə ömrünün sonunadək Azərbaycanın müstəqilliyinin bərpa olunması uğrunda istiqlal mübarizəsini davam etdirib. 1955-ci il mart ayının 6-da Ankarada vəfat etmiş və həmin şəhərin Əsri qəbiristanında dəfn olunub.