Qasım Süleymani ermənilərə hərbi təlim keçib – Dr. Məmmədrza Heyət

Dr. Məmmədrıza Heyət: Hər iki durumda da İran rejiminin içində və onun həssas qurumlarında başqa dövlətlərə işləyən çox sayda agentin olduğunu rahatlıqla söyləmək mümkündür.

Umidparty.org saytının Bayraqdar Mediaya istinadən yaydığı müsahibədə Güney Azərbaycan Keçici Milli Məclisinin Təşkilat Komitəsinin üzvü, Təbriz Araşdırmaları Mərkəzinin rəhbəri Dr. Məmmədrza Heyət bildirib ki, Qasım Süleymani İranın “inqilabını” başqa müsəlman ölkələrə ixrac etmək və bu ölkələrdə mövcud rejimləri devirib yerinə şəriət rejimləri qurmaq məqsədilə özəl olaraq yetişdirilmiş bir general idi. Bilindiyi üzrə, Q.Süleymaninin xaricdəki ilk rəsmi və önəmli vəzifəsi Azərbaycanda olub. O, 1992-ci ildən etibarən Azərbaycanda şiə məzhəbinə əsaslanan bir şəriət dövlətinin qurulması və mövcud dövlətin yıxılması üçün casus şəbəkəsi yaratmağa çalışıb. O, həmin şəbəkənin üzvlərindən bəzilərini İrana və İraqa apararaq, terrorçu kimi yetişdirmək üçün onları təlimlərə cəlb edib.

Onun sözlərinə əsasən Q.Süleymaninin ermənilərə verdiyi dəstək və erməni hərbçiləri üçün təmin etdiyi hərbi təchizat, onları hərbi təlimlərə cəlb etməsi hər kəsə məlumdur: “30 il boyunca İran rejimi və özəlliklə də Sepah məhz Q.Süleymaninin yönləndirməsi və müəyyən etdiyi siyasətlə Ermənistana dəstək vermiş və Azərbaycana qarşı düşmən siyasət yürütmüşdür. Ancaq onun əsas məşhur olduğu dönəm Suriyada baş verən olaylarda həyata keçirdiyi terrorçu fəaliyyətlərlə başlamışdır”.

Q.Süleymaninin ölümündə mövcud İran rejiminin təmsilçilərinin də əlinin olması xəbərlərinə gəlincə, müsahib “istər PKK-PYD və Həşdi-Şəbi kimi terror təşkilatlarına verdiyi dəstək, istərsə də Türkiyə silahlı qüvvələrinə qarşı təxribatçı fəaliyyətləri də gündəmə gələn Q.Süleymani, İranda bir milli qəhrəman kimi tanıdılırdı. Bu təbliğat o qədər geniş bir şəkildə aparılırdı ki, bir çoxları ona İranın gələcək prezidenti kimi baxırdı. O, artıq Xameneyiden sonra ölkənin ən güclü ikinci adamı olaraq tanınırdı. Bu səbəbdən də Q.Süleymaninin öldürülməsi ilə bağlı fərqli fikirlər ortaya çıxdı. Bir qrup Süleymaninin olduğu təyyarənin və avtomobilin koordinatlarının İsrailə casusluq edən biri tərəfindən verildiyini düşünərkən bir qrup da bu koordinatların sızdırılmasında rejimin özünün əlinin olduğunu irəli sürür” deyib.

Onun sözlərinə görə, hər iki durumda da rejimin içində və onun həssas qurumlarında başqa dövlətlərə işləyən çox sayda agentin olduğunu rahatlıqla söyləmək mümkündür: “Buna əlavə olaraq, bu hadisədən sonra İranın ağır intiqam təhdidləri də boşa çıxdı və hər hansı bir intiqam alınmadı, ya da alına bilmədi. Bu da bəzi suallar yaradır. Hər halda Qasim Süleymani müəmması davam edir”.

Bayraqdar Media

Şərh yaz