Qarabağın işğaldan azad olmaması üçün İran nə desəniz, edərdi… – İQBAL AĞAZADƏ

Ümid Partiyasının sədri İqbal Ağazadə 24 may 2021-ci il tarixdə “Laf TV” İnternet Televiziyasında jurnalist Afət Telmanqızının canlı yayın qonağı olub.

Partiya sədri verilişdə aparıcının Bakı və İrəvan arasında sülh sazişinin imzalanması ilə bağlı anonsun səslənməsi, iki ölkə arasında 3-cü sazişin bağlanmasının hansı xeyirli tərəflərinin olması, “Ermənistan tərəfi sülh sazişinə imza atacaqmı”, “Azərbaycanın sülh sazişinin imzalanmasında maraqları nədir”, “İki ölkə arasında ərazi əvəzlənməsi baş verə bilərmi”, “İranın bu məsələlərdə marağı nədir” və s. suallarını cavablandırıb.

Partiya sədri bildirib ki, imzalanan bütün sənədlərin dayanıqlı olması üçün, ilk növbədə, cəmiyyətlər dayanıqlı olmalıdır. O qədər stabil inkişaf edən və dünyaya açılan bir cəmiyyətlər olmalıdır ki, onlar üzərindən hər hansı bir addımlar atmaq mümkün olmasın. Dünyada çox sazişlər bağlanılıb, o sazişlər sonra pozulub, müharibələrə gedib çıxılıb. Niyə? Çünki tərəflərin fərqli iddiaları, fərqli yanaşmaları olub. Biz bu gün Ermənistanla hansı müqaviləni bağlasaq da, sabah müharibənin qaçılmaz olması ilə bağlı fikir yürüdə bilmərik. Çünki uzun illərdir Ermənistanda, ümumiyyətlə, dünya erməniləri içərisində ideoloji cəhətdən bir hazırlıq prosesi, türk düşmənçiliyi, insanların bu istiqamətdə yetişdirilməsi, “Böyük Ermənistan” xülyası, yeni torpaqların ələ keçirilməsi xətti bir tendensiya kimi uzun illərdir davam edir.

İqbal Ağazadə qeyd edib ki, bu gün Ermənistan zəif düşüb, proseslərdə uduzub və işğal etdiyi torpaqlardan Azərbaycan ordusu onu geriyə atıb. Analoji vəziyyət Azərbaycanda da ola bilər, Azərbaycan zəifləyə bilər və Ermənistan xisləti yenidən müharibənin aktual olduğunu anlayar və onların təbirincə, “itirdiklərini” geri almaq üçün yeni çabalar göstərər. Azərbaycan cəmiyyəti hansı sazişin bağlanacağından asılı olmayaraq, bütün bunların hamısını nəzərə almalıdır və biz, bunun üzərindən yola çıxmalıyıq. Bütün qələbələri gücləndirən iki mühüm şərt var: daxili və xarici. Azərbaycan ilk növbədə daxili şərtlərdə yeni bir mərhələ açmalıdır. Müharibə bizim torpaqlarımızın işğaldan azad olunması üçün yeni mərhələ idisə, biz daxildə Azərbaycan cəmiyyətinin yenidən qurulması və yenidən şəkilləndirilməsi üçün çoxşaxəli bir xətt götürməliyik: insan haqlarının qorunmasından, sosial rifahın yaxşılaşdırılmasından tutmuş demokratikləşməyə qədər. Təəssüflər olsun ki, Azərbaycan tərəfi bu istiqamətdə yeni xətt ortaya qoya bilmir. Azərbaycan bu istiqamətdə, hətta Cənubi Qafqazda Gürcüstan, Ermənistanla müqayisədə geridə qalır. Azərbaycan bu istiqamətdə sürətlə addım atmalıdır ki, hərbi qələbələrin təsadüf olmadığını, güclü, azad, demokratik cəmiyyətin həm də bu tip qələbələrini reallaşdırmaq imkanlarının, reallaşdırdıqdan sonra da saxlamaq imkanları şərtlərinin nə olduğunu hər kəsə çatdıra bilsin. Avtoritar rejim olacaq, qeyri-demokratik cəmiyyət olacaq, dünya üzərinə gələcək. Ermənistan bu fürsətlərdən istifadə edəcək və ilk fürsətdə “itirdikləri” mövqeləri qaytarmaq, işğaldan azad etdiyimiz torpaqları geri almaq üçün çabalar sərf edəcək və dünya da onların yanında duracaq.

Partiya sədri verilişin gedişatında digər məsələlərlə də bağlı aparıcının suallarını cavablandırıb.

Verilişin tam versiyasını izləyicilərimizə təqdim edirik:

Şərh yaz