Qarabağda sarsılmaz Türk birliyi – Tamilla Qulamidən mövqe

“Azad edilmiş torpaqlarda Türk dünyasının birliyini əyani şəkildə görürük”.

Bu sözləri Prezident İlham Əliyev ilin 6 iyunda TÜRKPA-nın növbəti plenar iclasının iştirakçılarının qəbulu edərkən deyib. Dövlət başçısı vurğulayıb ki, azad edilmiş ərazilərdə bu gün geniş yol-nəqliyyat infrastrukturu yaradılır və bu nəhəng layihələrin icrasında Türkiyədən olan şirkətlər fəal iştirak edirlər:

“İndi Şuşaya gedən hər bir insan yeni çəkilən avtomagistraldan keçərək öz gözü ilə görür ki, orada 7 tunel, 9 viaduk, bir çox körpülər inşa edilir və podratçıların əksəriyyəti Türkiyədən olan şirkətlərdir. Eyni zamanda, dəmir yolunun bərpası prosesi də sürətlə gedir. Horadiz-Ağbənd dəmir yolunun podratçısı da Türkiyə şirkətləridir”.

Beləliklə, Türk dünyası hər bir sahədə olduğu kimi Qarabağın bərpasında və infrastrukturun qurulmasında da birlik nümayiş etdirir. Xüsusilə qardaş Türkiyənin buradakı rolunu ayrıca qeyd etmək lazımdır.

Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlmasında bildirib ki, Azərbaycanla Türkiyə 44 günlük Vətən müharibəsindən öncə də, sonra da hər zaman əməkdaşlığı, dostluğu və qardaşlığı üstün tutublar:
“Cənab Prezident İlham Əliyev də hər zaman Azərbaycanın Türk dünyasına aid olduğunu bəyan edir. Dövlət başçısı iştirak etdiyi bütün tədbirlərdə və toplantılarda bunu diqqətə çatdırır. Prezident İlham Əliyev bunu Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində keçirilən görüşlərdə də xüsusi olaraq vurğulayır. Ona görə də Azərbaycanın işğaldan azad edilən Qarabağ bölgəsində aparılan abadlıq və quruculuq işlərində zaman-zaman türk dövlətlərinin iştirakını görürük”.

Tamilla Qulami qeyd edib ki, türk dövlətləri bölgəyə investisiya qoyulmasında maraqlıdır:

“Türkiyə, Özbəkistan, Qazaxıstan kimi ölkələr bu istiqamətdə addımlar ataraq Azərbaycana dəstək nümayiş etdirirlər. Xüsusilə bu proseslərin başında qardaş Türkiyə gəlir. Biz də hər zaman Türkiyənin bu dəstəyini alqışlayırıq. Çünki Azərbaycan və Türkiyə bir-birlərinə münasibətdə atdığı addımların hər biri qarşılıqlıdır. Dost və qardaş ölkədən bu kimi addımların gözlənilməsi də çox təbii və normaldır”.

Elmir Mustafa
“Cebhe.info”

Şərh yaz