Qərb Rusiyanı daha uzunmüddətli müharibəyə cəlb etməklə, onun hərbi gücü, iqtisadiyyatının zəifləməsinə, imicinin korlanmasına çalışır – TALEH ƏLİYEV
Son günlər Ukrayna ordusunun Rusiyaya qarşı əks-hücum əməliyyatına başlayacağı barədə informasiyalar daha intensiv xarakter almağa başlayıb. Əks-hücum əməliyyatının yaz-yay ayları ərzində başlanılacağı bildirilir. Hətta əməliyyatın hansı istiqamətdə olacağı barədə də müxtəlif fikirlər səslənməkdədir.
Ukrayna ordusunun Rusiya qüvvələrinin cəmləşdiyi istiqamətlərə, hətta Krıma belə müəyyən zərbələr endirdiyi barədə məlumatlar yayılıb. Görünən odur ki, yaxın aylarda Ukraynada yenidən daha ciddi döyüşlərin şahidi olacağıq. Belə olan vəziyyətdə başlanılması gözlənilən əks-hücum əməliyyatının hansı nəticələr verəcəyi maraq doğurur. Əks-hücum hansı tərəfin üstünlüyü ilə sonuclanacaq?
Azərbaycan Ümid Partiyası / Azerbaijan Umid Party – nın İcra Aparatının rəhbəri, politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaxın zamanlarda tərəflərdən hansısa birinin qəti qələbəsini gözləmək tezdir:
“Ukrayna tərəfinin Rusiyaya qarşı əks-hücuma keçəcəyi barədə məlumatlar xeyli zamandır ki, müzakirə olunur. Qərb bu fonda Ukraynanı müdafiə və hücum xarakterli ən müasir silah və hərbi texnika ilə təmin edib. Ukrayna hərbçiləri isə Qərb ölkələrində hərbi təlimlər keçiblər. Yaranmış vəziyyət əks-hücum əməliyyatının olacağını labüd edir. Amma bununla belə, qısa zamanda müharibənin kiminsə xeyrinə yekunlaşacağı gözlənilmir”.
Partiya yetkilisi qeyd edib ki, savaşa Rusiya-Ukrayna müharibəsi kimi deyil, Moskva-Qərb qarşıdurması kimi yanaşmağımız daha doğrudur:
“Qərbin Rusiyanı birdəfəlik sıradan çıxarmaq imkanı məhduddur. Ukrayna cəbhəsində aktivlik artdıqca Rusiya dərhal nüvə təhdidini də işə salır. Ona görə də Qərb çalışır ki, müharibəni davam etdirməklə, vaxtilə sovet imperiyasını Əfqanıstan bataqlığında bitirdikləri kimi, Rusiyanı da Ukrayna bataqlığında tükətsinlər. Vaxtilə Şimali Koreya, İran kimi ölkələri silahla təmin edən Rusiya indi özü onların hərbi arsenalından faydalanmağa məhkumdur.
Qərb Rusiyanı daha uzunmüddətli müharibəyə cəlb etməklə, onun hərbi gücü, iqtisadiyyatının zəifləməsinə, imicinin korlanmasına çalışır. Onun nəticəsidir ki, artıq Rusiyanın KTMT üzrə müttəfiqləri olan Qazaxıstan və Ermənistan belə BMT-də Moskvaya qarşı qəbul edilən qərarlara səs verirlər. Rusiya təklənir. Belə vəziyyətdə Qərb Rusiyanın nüvə təhdidindən istifadə etməməsi üçün müharibənin daha uzun müddətə davam etməsində maraqlıdır”.
Rüfət Sultan
Şərh yaz