Putindən rusları təşvişə salan çağırış: Məşhur silahı işə saldı – Kəşfiyyat məlumatları…- TAMİLLA QULAMİ şərh edir…

Putindən rusları təşvişə salan çağırış: Məşhur silahı işə saldı – Kəşfiyyat məlumatları…- Tamilla Qulami şərh edir…
Rusiya Prezidenti Vladimir Putin radikal qrupların və beynəlxalq terror təşkilatlarının davam edən fəaliyyəti fonunda ölkədə risklərin artdığını bildirib.
Putin qeyd edib ki, beynəlxalq terror təşkilatları, radikal və ekstremist qruplar təxribatçı fəaliyyətlərini davam etdirirlər.
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, Vladimir Putinin Rusiyada mümkün terror dalğası ilə bağlı səsləndirdiyi xəbərdarlıq, əslində onun özü üçün ciddi siqnal olmalıdır:
“Bu tip bəyanatlar həm təhlükəsizlik konteksti, həm də siyasi kommunikasiya məqsədləri istiqamətində analiz edilməlidir.
İlk növbədə qeyd edim ki, təhlükəsizlik pəncərəsindən baxanda Rusiyanın hazırda bir neçə risk zonası mövcuddur. 4 ildən artıq müddətdir davam edən Rusiya-Ukrayna müharibəsi fonunda ölkə daxilində diversiya və sabotaj ehtimalları mümkündür. Bundan əlavə, Putinin bu müharibəni istəsə belə bitirməməsində məqsədi həm də başıpozuq ordu qüvvələrinin müharibədən sonra ölkə daxilində yaradacağı qarşıdurmalardır. Hər kəsə bəllidir ki, bu müharibədə iştirak edənlərə bəlli güzəştlər var və onlar həm də Rusiya vətəndaşlarının maaşlarından müəyyən miqdarda kəsilən vəsaitlərin üzərindən məvacib alırlar.
Şimali Qafqaz regionunda Rusiyanın özü üçün radikal saydığı qrupların tam neytrallaşdırılmaması və Mərkəzi Asiya mənşəli bəzi şəbəkələrin aktivliyi potensial təhlükə yaradır. Baxmayaraq ki, bu qruplaşmaların yaranmasına əsas verən də Rusiya idarəetməsi, imperialist yanaşması olub. Bu baxımdan ola bilsin ki, Putin xəbərdarlığı əsassız deyil və müəyyən kəşfiyyat məlumatlarına söykənir.
Zənnimcə, bu istiqamətdə siyasi-psixoloji faktor da nəzərə alınmalıdır. Çünki Rusiya rəhbərliyi zaman-zaman daxili təhlükəsizlik mövzusunu qabardaraq, həm cəmiyyətin səfərbərliyini artırmağa, həm də sərt təhlükəsizlik tədbirlərini legitimləşdirməyə çalışır. Belə bəyanatlar ictimai rəyə təsir göstərmək, diqqəti xarici təhlükələrə yönəltmək və daxili sabitlik mesajı vermək məqsədi də daşıya bilər. Belə təfəkkürlü idarəetmələrin əsas manipulyasiya silahı adətən məhz bu yöndə olur.
Beynəlxalq konteksdən nəzər salsaq, Rusiyanın Qərblə kəskin qarşıdurma şəraitində olduğunu görərik, həmçinin hibrid müharibə elementləri – kiberhücumlar, informasiya müharibəsi və s. artıq aktiv fazadadır. Əgər Putin bunu nəzərdə tutursa, yenə də paralel olaraq, cəmiyyəti siyasi-psixoloji manipulyasiya edir deyə düşünürəm. Çünki Putin və onun kimi ölkə rəhbərləri hər zaman xarici müdaxilə faktorlarını siyasi alət kimi istifadə edib”.
Turan Rzayev
Şərh yaz