Paşinyandan Rusiya ilə bağlı yeni mesaj: “Münasibətlər artıq əvvəlki kimi olmayacaq” – Anar İsayev şərh edir
Ermənistan-Rusiya münasibətlərinin gələcək istiqaməti ilə bağlı İrəvandan yeni açıqlama gəlib.
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskva ilə münasibətlərin əvvəlki formada davam etməyəcəyini, lakin Ermənistanın Rusiya ilə əlaqələri kəsmək və qarşıdurmaya getmək niyyətində olmadığını bildirib. O, iki ölkənin münasibətlərinin yeni reallıqlara uyğunlaşdırılmasının vacibliyini vurğulayıb.
Maraqlıdır, bu açıqlamanı Ermənistan-Rusiya münasibətlərində dəyişən yanaşmaların növbəti mesajı kimi qiymətləndirmək olarmı?
Mövzu ilə bağlı Moderator.az-a Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Anar İsayev açıqlama verib.
O, qeyd edib ki, bəli, bu açıqlamanı Ermənistan-Rusiya münasibətlərində yanaşmanın dəyişməsini göstərən növbəti siyasi mesaj kimi qiymətləndirmək olar. Paşinyanın ifadələrində iki xətt xüsusilə diqqət çəkir:
“Birincisi, İrəvan əvvəlki münasibətlər modelinin artıq işləmədiyini açıq şəkildə qəbul edir. Bu, Ermənistanın Rusiya ilə təhlükəsizlik, iqtisadiyyat və xarici siyasət sahələrində əvvəlki dərəcədə asılı münasibətlərdən tədricən uzaqlaşmaq cəhdini göstərir.
İkincisi, Paşinyan Moskva ilə qarşıdurma xəttini seçmək istəmədiklərini xüsusi vurğulayır.
Yəni söhbət Rusiyadan tam ayrılmaqdan deyil, münasibətlərin yeni şərtlər əsasında yenidən qurulmasından gedir.
Burada daha geniş geosiyasi kontekst də önəmlidir. Ermənistan son illərdə Aİ və ABŞ-la münasibətləri, Qərb institutları ilə əməkdaşlığı və təhlükəsizlik əlaqələrini genişləndirir.
Bununla paralel olaraq, Rusiya ilə iqtisadi və kommunikasiya əlaqələrinin tamamilə qoparılması İrəvan üçün real görünmür. Buna görə də Paşinyanın mesajını “Rusiyadan uzaqlaşma, lakin Rusiya ilə körpüləri yandırmama” siyasətinin davamı kimi xarakterizə etmək mümkündür.
Əsl məsələ isə bundan sonra İrəvanın bu siyasi ritorikanı hansı praktik addımlarla müşayiət edəcəyidir. Ermənistanın Rusiya ilə münasibətlərində enerji, ticarət, nəqliyyat, təhlükəsizlik, hərbi əməkdaşlıq, KTMT, Aİİ kimi sahələrdə atılacaq addımlar dəyişimin real miqyasını daha aydın göstərəcək”.
Pərvin Şakirqızı
Moderator.az/ Redaktor
Şərh yaz




