Paşinyan kilsəyə qarşı həlledici mərhələyə keçib – TALEH ƏLİYEV şərh edir

Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlaması ilə bir daha göstərdi ki, onun kilsə ilə münasibətlərində gərginlik azalmayıb, əksinə, yeni və daha sərt mərhələyə keçib. Paşinyan bəzi yüksək rütbəli ruhaniləri xalqın maraqlarını nəzərə almamaqda ittiham edərək, onların subaylıq andını pozduğunu və bu səbəblə dini fəaliyyətlərini davam etdirmələrinin qəbuledilməz olduğunu bildirib. O, həmçinin açıq şəkildə Katolikos II Qareginin də bu andı pozub-pozmadığına aydınlıq gətirilməsini tələb edib.
Bu bəyanat sadəcə dini bir məsələ kimi yox, eyni zamanda ciddi siyasi mesaj kimi də qiymətləndirilə bilər. Çünki Ermənistanda kilsə təkcə dini qurum deyil, eyni zamanda güclü ictimai təsirə malik olan siyasi və ideoloji institutdur.
Maraqlıdır, Paşinyanın kilsəyə yönəlik bu sərt mövqeyini siyasi alətlərdən biri kimi dəyərləndirmək olarmı? Bu onun siyasi dayaqlarına necə təsir göstərə bilər?
“Ermənistanda kilsə ilə hökumət arasında qarşıdurma yeni məsələ deyil. Demək olar ki, 44 günlük müharibənin bitməsindən dərhal sonra Apostol Kilsəsi və onun rəhbəri II Qaregin tərəfindən Baş nazir Nikol Paşinyana qarşı ardıcıl tənqidlər başlayıb. Hətta kilsənin Paşinyan hökumətini devirmək məqsədilə siyasi müxalifətlə əməkdaşlıq etməsi barədə çoxsaylı faktlar mövcuddur. Yəqin ki, mətbuatın və ictimaiyyətin bildiyindən daha çox məlumat hökumətin özündə də var”.
Bu fikirləri Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri Taleh Əliyev Olaylar.az-a açıqlamasında deyib. O qeyd edib ki, Paşinyanla kilsə arasında gedən qarşıdurma, Ermənistanda seçki öncəsi siyasi hakimiyyət və ideoloji nüfuz uğrunda mübarizənin kulminasiya nöqtəsinə çatdığını göstərir:
“Kilsə Paşinyanı devirmək istəyir, Paşinyan isə “yeni Ermənistan”, “yeni patriarxlıq dövrü” şüarları altında mövcud kilsə rəhbərliyinə, xüsusilə II Qareginə qarşı mübarizəsini davam etdirir. Hazırkı mərhələdə tərəflər bir-birinə qarşı qeyri-siyasi və qeyri-etik ifadələr işlətməkdədir. Bu isə onu göstərir ki, qarşıdurma son həlledici mərhələyə daxil olub. Nəzərə alsaq ki, gələn il Ermənistanda parlament seçkiləri keçiriləcək və bu seçkilər həm də Rusiya üçün Cənubi Qafqazda “qalmaq, yoxsa getmək” qərarını müəyyən edəcək vacib siyasi hadisədir, bu baxımdan kilsənin Rusiya ilə sıx əlaqədə olan əsas dayaqlardan biri olduğunu da unutmaq olmaz”.
Siyasi şərhçi bildirib ki, Paşinyan kilsənin siyasi təsirini zəiflətmək üçün II Qareginə qarşı həlledici mübarizəyə başlayıb.
“Hökumət və kilsə arasında başlayan bu qeyri-siyasi və qeyri-etik mübarizəni seçki öncəsi son həlledici qarşıdurma kimi də qiymətləndirmək olar. Çox güman ki, bu proseslərin nəticəsində Nikol Paşinyan II Qaregin və Ermənistan Apostol Kilsəsi üzərində qəti qələbə qazanacaq. Bunu düşünməyə əsas verən səbəblərdən biri Paşinyanın son çıxışında Eçmiədzin Kilsəsinə birbaşa müraciət etməsidir. O, “müqəddəs taxt” anlamına gələn Eçmiədzin dini mərkəzinə çağırış edərək II Qareginlə bağlı məsələni gündəmə gətirir. Bu da göstərir ki, Paşinyan əminliklə oradakı ruhanilərə açıq və sərt müraciət edə bilir və artıq kilsə rəhbərliyinə qarşı əsaslı faktlara malikdir. Bu prosesin yekunlaşması, eyni zamanda Ermənistan ilə Azərbaycan arasında aparılan sülh danışıqları üçün də mühüm əhəmiyyət daşıyır. Çünki Paşinyan hər nə qədər sülhə hazır olduğunu və ölkəsini sülhə hazırladığını bildirsə də, dindar erməni əhalisi kilsədən aldıqları təlimatlar və yönləndirmələr nəticəsində Azərbaycana və Türkiyəyə qarşı nifrət hissi ilə formalaşır. Bu isə sülh müqaviləsinin perspektivinə ciddi şəkildə mənfi təsir göstərir. Paşinyan Ermənistanda şovinist düşüncəni və ideologiyanı neytrallaşdırmaq üçün, bu prosesin əsas dayaqlarından biri olan kilsə ilə qətiyyətli mübarizə aparmalı və nəticələr əldə etməlidir”.
Səidə Ramazanova
Şərh yaz