Niyə “ordu”, “əsgər” deyəndə göz önünə ilk kişi obrazı gəlir? – Tamilla Qulami şərh edir
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirir ki, “ordu” deyəndə göz önünə silahlı kişi əsgərlərin gəlməsinin əsas səbəblərindən biri qadınların müasir dövrdə döyüşlərdə iştirak etməməsi deyil, tarix boyu hərb sahəsinin əsasən kişilərlə əlaqələndirilməsi və bu obrazın cəmiyyətin alt şüurunda formalaşmasıdır:
“Halbuki tarixdə qadın döyüşçülərin sayı heç də az olmayıb. Tomris kimi hökmdar qadınlar öz xalqını müdafiə etmək üçün ordulara rəhbərlik edib, döyüş meydanlarında böyük qələbələr qazanıblar. Çağdaş dövrümüzdə qadınların ordudakı rolu daha da genişlənib. Azərbaycan Ordusunda qadın hərbçilər məsul vəzifələrdə çalışır, Vətənə xidmət edirlər. Onlar yalnız arxa cəbhədə deyil, zəruri hallarda ön xəttdə də öz vəzifələrini yerinə yetirirlər. Mən bu qadınları bir az da gizli qəhrəmanlar adlandırardım”.
Buna baxmayaraq, hələ də “əsgər” deyəndə ağlımıza kişi gəlməsinə gəldikdə, T.Qulami hesab edir ki, bunun əsas səbəblərindən biri də uzun illər hərbi mövzuların kişi qəhrəmanlar üzərindən təqdim olunmasıdır, təbliğatın o istiqamətdə aparılmasıdır:
“Həm də etiraf edək ki, kişilərin sayı da orduda müqayisəolunmaz dərəcədə çoxdur. Filmlərdə, kitablarda, dərsliklərdə və mediada kişi döyüşçülərin obrazı adətən daha çox ön plana çıxarılıb. Nəticədə cəmiyyətin kollektiv yaddaşında hərbçi obrazı kişi siması ilə eyniləşib. Ona görə də “ordu” sözü fikrimizdə “kişi” sözü ilə assosiasiya olur.
Müharibələr və böhranlar zamanı tarix dəfələrlə sübut edib ki, qadınlar lazım gəldikdə, ən ağır sınaqlardan keçməyə və ölkələrinin müdafiəsində fədakarlıq göstərməyə qadirdirlər.
Ona görə də “ordu” anlayışını yalnız kişilərlə məhdudlaşdırmaq düzgün deyil. Ordu dedikdə dövlətin müdafiəsi üçün çalışan bütün hərbçilər nəzərdə tutulmalıdır. Bu sırada kişilərlə yanaşı, çiyin-çiyinə xidmət edən, risklərə sinə gərən və Vətən naminə çalışan qadınlar da var. Onların xidmətini görmək və dəyərləndirmək həm tarixi ədalətin, həm də müasir cəmiyyətin tələbidir”.
Arzu Zeynallı
Şərh yaz




