Naxçıvana yol: Yeni xəritə, yeni sərhədlər, Lavrovun səfəri və Zəngəzurda artan gərginlik – İQBAL AĞAZADƏ təhlil edir

Təəssüf ki, Azərbaycanın xarici siyasət doktrinası düzgün formalaşdırılmadığına görə, münasibətlər sistemi dövlətlərarası münasibətlər sistemindən daha çox ölkə başçıları münasibətlər sisteminə oxşayır

Bu sözləri Ümid Partiyasının sədri İqbal Ağazadə 17 may 2021-ci il tarixdə “Kanal 13” İnternet Televiziyasında Rüfət Muradlının təqdimatı ilə “Açıq söz” proqramının canlı efiri zamanı deyib.

Partiya sədri verilişdə aparıcının Laçının 18 may işğal günü kimi tariximizdə yer alması, “bu gün Laçını azad hesab edə bilərikmi”, rus sülhməramlılarının Qarabağda yerləşdirilməsi və Laçın dəhlizinə nəzarət etməsi, yeni xəritə, yeni sərhədlər, Lavrovun səfəri və Zəngəzurda artan gərginlik, Gürcüstandakı insidentlə bağlı suallarını cavablandırıb.

Partiya sədri bildirib ki, bu gün dövlət sərhədlərimizin bərpa olunması, böyük bir ərazimizin işğaldan azad olunması istiqamətində ciddi addımların atılması ilə şəhidlərimizin ruhu qismən rahatlıq tapıb. “Laçın azaddırmı” sualının cavabı 2020-ci il 9 noyabr tarixindən 10 noyabra keçən gecə bağlanan sazişdən bugünə qədər hamını narahat edir. Noyabrın 10-na keçən gecə mən də öz səhifəmdə yazmışdım ki, Azərbaycan əhalisinin Laçın şəhərinə geri qayıtması üçün Azərbaycan hökuməti sazişin bəndlərindəki müxtəlif versiyaları tətbiq etməlidir və sazişin nəticəsi olaraq da Azərbaycan əhalisi Laçına qayıtmalıdır. Lakin bilirsiniz ki, bəndin birində Laçın rayonundan çıxarılmaq və 3 il ərzində Laçın rayonundan kənarda Xankəndiyə gedən magistral yolun çəkilməsi, Laçın şəhərinin tamamilə düşməndən, o cümlədən sülhməramlılardan azad olunması və Azərbaycanın yurisdiksiyasında olması məsələsi gündəmdədir. Bu gün hələlik biz ürəklə Laçın tam azaddır deyə bilmirik, çünki 5 km-lik dəhliz rayon mərkəzini bölür və Azərbaycan əhalisi oraya qayıda bilmir. Ona görə də hələlik bu məsələdə mübarizəmizi davam etdirməliyik. Mübarizəmizi də o mərhələyə kimi davam etdirməliyik ki, sülhməramlılar da Qarabağdan çıxsın və Laçın rayon mərkəzi ilə yanaşı, Xocalı, Əsgəran, Xankəndi, Ağdarə, Xocavənd rayonları da Azərbaycanın tam nəzarətində və Azərbaycanın suveren hüquqlarının bərpa olunduğu ərazi kimi olsun.
Aparıcının Qaragöl ətrafında baş verən olaylarla bağlı sualını cavablandıran İqbal Ağazadə bildirib ki, Azərbaycanın rəsmi dövlət sərhədləri bərpa olunur. Biz nə Ermənistan ərazisinə girmişik, nə də içərilərə doğru addımlamışıq. Biz sadəcə Laçın, Kəlbəcər, Qubadlı, Zəngilandan Birləşmiş Millətlər Təşkilatının tanıdığı sərhədlər çərçivəsində öz dövlət sərhəddimizi bərpa edirik. Bu məsələnin nə üçün Ermənistan tərəfində ajiotajla qarşılanması və məsələnin üzərinə gedilməsi ilə bağlı 2 səbəbi var. Əvvəla, Paşinyan tərəfinin isterikası və hakim komandanın özünü bu şəkildə göstərməsinin səbəbi açıqdır. Bilirsiniz ki, 20 iyunda seçkilər keçiriləcək. Ermənistanda iqtidarla müxalifət də bundan fərqli şəkildə təbliğat vasitəsi kimi öz xeyrinə istifadə etməyə çalışır. Paşinyan o bəyanatı verdi ki, Azərbaycan tərəfi onların ərazisinə keçib və KTMT-na müraciət etdi, Amerikadan, Fransadan bəyanatlar səsləndi və s. Paşinyan da çox gözəl bilirdi ki, Azərbaycan Ermənistan ərazisinə girməyib, öz ərazilərinin sərhədlərini bərpa edir və indiyə qədər tanınmamış sərhədlər çərçivəsində öz sərhədlərini tanıyır. Lakin təbliğatı bu şəkildə qurmaqla sübut etmək istəyirdi ki, biz öz sərhədlərimizdən içəriyə heç kimi buraxmayacağıq, çünki qarşı tərəfin də apardığı bir təbliğat var idi ki, “Artsax”dan sonra növbə Ermənistanındır, “Paşinyan Ermənistanı satır” kimi fikirlər səslənirdi. Başqa bir məsələ də var idi ki, yerli əhali panika, qorxu içərisində idi. Bunun da öz səbəbləri var idi. Keçən 30 il ərzində ermənilər Ermənistan-Azərbaycan sərhəddində Azərbaycan əsgərini görməmişdilər və onlara elə gəlirdi ki, təhlükəsiz bir zonada yaşayırlar, hesab edirdilər ki, sərhəd çox uzaqdadır. Bu da bir növ psixoloji savaşın göstəricisidir. Çünki indi az qala pəncərələrini, qapılarını açanda Azərbaycan əsgərini qarşılarında görürlər. Bu reallıq erməni əhalisində çox böyük qorxu və həyəcan yaradır.

Partiya sədri daha sonra verilişin gedişatında Fələstin-İsrail münasibətləri, Lavrovun Azərbaycana səfəri, Gürcüstanda baş verən insident, Cənubi Qafqazda baş verən və baş verə biləcək proseslər haqqında sualları cavablandırıb.

Verilişin tam versiyasını izləyicilərimizə təqdim edirik:

Şərh yaz