“Naxçıvan dəmiryolu xətti Avropa İttifaqı–Azərbaycan münasibətlərinə simvolik deyil, praktik və strateji təsir göstərə biləcək layihələrdən biridir”.
Azərbaycan Ümid Partiyası İdarə Heyətinin üzvü Anar İsayev bunu TodayPress TV-yə açıqlamasında deyib.
Onun sözlərinə görə, indiyədək Aİ ilə Azərbaycanın əməkdaşlığının əsasını əsasən təbii qaz tədarükü və enerji təhlükisizliyi təşkil edib:
“Naxçıvan dəmiryolu layihəsi isə logistika, yükdaşımalar və təchizat zəncirlərinin təhlükəsizliyi kimi sahələri ön plana çıxarır. Bu da münasibətləri dar sektoral əməkdaşlıq çərçivəsindən çıxararaq çoxşaxəli strateji tərəfdaşlığa yaxınlaşdırır”.
Anar İsayev qeyd edib ki, bu proses Aİ-nin Cənubi Qafqazda maraqlarının dərinləşdiyini açıq şəkildə göstərir:
“Bu layihəyə qoşulmaqla Aİ regionda yalnız siyasi bəyanatlar verən tərəf kimi deyil, real infrastruktur və iqtisadi maraqları olan aktor kimi çıxış etməyə çalışır. Eyni zamanda Rusiya və İranın nəqliyyat və tranzit üstünlüyünü balanslaşdırmaq niyyəti də bu yanaşmada açıq şəkildə hiss olunur”.
Politoloqun fikrincə, Orta Dəhlizin güclənməsi Aİ üçün Azərbaycana olan ehtiyacı daha da artırır:
“Naxçıvan dəmiryolu xətti Orta Dəhlizin ən zəif halqalarından birini tamamlayır. Bu marşrut Çin–Mərkəzi Asiya–Xəzər–Azərbaycan–Türkiyə–Avropa xəttini qısaldır. Nəticədə Azərbaycan Aİ üçün təkcə enerji ixracatçısı deyil, Avrasiya logistikasının açar ölkəsinə çevrilir”.
Analitik vurğulayıb ki, Aİ-nin bu layihədə marağının artması Azərbaycan üzərində mövcud təzyiq alətlərini zəiflədir:
“Layihəyə maraq artdıqca qarşılıqlı fayda ön plana çıxır. Bu isə insan hüquqları və siyasi məsələlərlə bağlı ritorikanın daha praqmatik müstəviyə keçməsinə, münasibətlərin konfrontasiyadan əməkdaşlıq mərhələsinə yönəlməsinə şərait yarada bilər”.
Qeyd edək ki, Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Davosda görüşü zamanı Avropa İttifaqının Naxçıvanın dəmir yolu xəttinin bərpası layihələrinə dəstək göstərməyə hazır olduğunu bildirib.
Qiymət Mahir
TodayPress TV
Şərh yaz




