Nəinki səhiyyə, bütövlükdə Azərbaycan iqtidarının fəaliyyətindən narazıyam – İ. Ağazadə

9 iyul Ümid Partiyasının sədri İqbal Ağazadə Kanal13 internet televiziyasında Rüfət Muradlının təqdimatında “Açıq söz” verilişinin qonağı olub.

Verilişdə partiya sədri Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatı təhlil edib, Nazirlər Kabineti yanında Operativ Qərargahın vətəndaşlar qarşısında qoyduğu tələblərdən, sərt karantin rejimindən danışıb, əhalinin sosial durumunun ağırlığı ilə bağlı hakimiyyəti sərt tənqid edib.

Aparıcının “Bu gün səhiyyə sisteminin pandemiya ilə bağlı gördüyü tədbirləri təqdir edirsinizmi?” sualına İqbal Ağazadə cavab verib ki, mən heç bir zaman, heç bir verilişdə koronavirusla bağlı mübarizədə səhiyyə sistemini təqdir etməmişəm. Mən demişəm ki, səhiyyə bu gün bacardığı imkanlar çərçivəsində mübarizə aparır. Bacardığı imkan çərçivəsi də budur. Azərbaycan səhiyyəsi idarəetmə nöqteyi nəzərindən də, maddi-texniki baza baxımından da paramparçadır. Təsəvvür edin, sovet dönəmində Azərbaycan xəstəxanalarında 71 000 xəstəlik çarpayı var idi. Bu gün isə 41 000 çarpayı var. 41 000 çarpayıdan az qala 10 000-i isə bu gün koronavirus xəstələrinə ayrılıb və bunlar Azərbaycanın müxtəlif regionlarında yerləşən xəstəxanalardadır. Hətta bu gün Bakıdan İmişliyə, Astaraya, Ələtə və s. belə xəstələr aparılır. Problem nədədir? Problem Azərbaycan səhiyyəsinin bu sistemə hazırlıqlı olmamasıdır. Nə qədər ki, inzibati tədbirlər hesabına virusun yayılmasını durdururdular, onda səhiyyə bu və ya digər şəkildə işin öhdəsindən gəlirdi. Elə ki, pandemiya qorxusu artıq Azərbaycanı da bürüdü, – ilkin mərhələdə Azərbaycanda geniş yayılmamışdı, – o zaman aydın oldu ki, nə mütəxəssislər çatır, nə maddi-texniki baza var, nə də çarpayı və bu zaman artıq problemlər yarandı.

Partiya sədri bugünlərdə Azərbaycanın koronavirusla mübarizə üçün xaricdən mütəxəssislər dəvət etməsi məsələsinə münasibət bildirib ki, xaricdən mütəxəssislər dəvət olunması təklifi ilə düz bir ay bundan əvvəl efir vasitəsilə hökumətə müraciət etmişdim ki, bunu bacarmırsınızsa, xaricdən mütləq mütəxəssislər dəvət edin. Məsələn, İtaliya Çindən çoxlu sayda mütəxəssislər dəvət etdi və onlar virusla birgə mübarizə apardılar. Burada bizim yaratdığımız və ya biz bunun öhdəsindən gələ bilmirik deyə bizə güləcəklər, ironiya ilə baxacaqlar deyə bir düşüncə yoxdur. Dünya bu virusun qarşısında aciz qalıb, biz nədən çəkinirik ki?! Ona görə də hesab edirəm ki, bütün mümkün vasitələrin hamısından istifadə etmək, səhiyyənin problemlərini sonra dartışmaq lazımdır. Əvvəlcə insanlarımızı xilas etməliyik. Preparatların gətirilməsi, maddi-texniki bazanı gücləndirmək, mütəxəssislər dəvət etmək, virusoloqlar, mikrobioloqlar, epidemioloqlar dəvət etmək, mümkün olan hər bir şeyi etmək lazımdır ki, əvvəlcə insanlarımızın sağlıq məsələsini həll edək, daha sonra səhiyyədə niyə bunlar baş verdi, niyə səhiyyə bu gün bu vəziyyətdədir məsələsi üzərində dartışarıq. Hə, mən səhiyyə sisteminin fəaliyyətindən razıyammı? Xeyr, nəinki səhiyyə, mən bütövlükdə Azərbaycan iqtidarının fəaliyyətindən narazıyam. Bu iqtidarın dəyişməsi üçün müxalif partiya kimi seçkilərdə iştirak edirəm, bu iqtidarın siyasətinə səs verməməyə çağırıram. Bu çox açıq mübarizə çərçivəsində baş verir. Ona görə də mənim hansısa sahənin bütövlükdə idarəetməsini bəyənmək və ya sistemin özünü qəbul etməyim barədə deyilənlər kontekstdən çıxarılmadır. Bizim dediyimiz odur ki, problem az olanda səhiyyə bu və ya digər şəkildə  işin öhdəsindən gəlirdi, amma çoxaldıqca, genişləndikcə, Azərbaycan səhiyyəsinin imkanları bu problemin öhdəsindən gəlməyə yetmir. Ona görə vətəndaşlarımız ağır durumdadır.

Sözügedən verilişi izləyicilərə təqdim edirik:

Şərh yaz