Nə qədər ki, gec deyil, oyanın, əks halda siz də bizimlə birgə batacaqsınız… – ELMAN ABBASOV yazır

Nitşe deyirdi ki, heç kim fəlakətə düşmüşlər qədər yalana meylli olmur.
Bəlkə də ol səbəbdəndir ki, yalan Azərbaycan insanının həyatını büsbütün bürüyərək, sosial, siyasi, iqtisadi sahələrdən tutmuş, şəxsi həyatına qədər yol alıb. Bu gün həyatın heç bir sahəsində yalansız ötüşməyin mümkün olmadığı hamıya bəllidir.
Prezident vətəndaşlarını, məmur-oliqarxlar elə dövlət başçısının özünü, ər arvadını və yaxud da əksinə, cəmiyyətin bağbanı olan müəllimlər şagirdlərini, satıcı alıcılarını, millət vəkili statusunu daşıyanlar seçicilərini və s. aldadır. Yalan artıq həyat tərzimizə çevrilib. Bu yalanlar həm də insanları maarifləndirən, ictimai fikri formalaşdıran media vasitələri ilə, xüsusilə, insanların birbaşa evinə daxil olaraq, televiziyalarla təlqin edilir.
Televiziyalar axşama kimi yalanı təşviq edir. AZTV hər gün Azərbaycanda bütün dünyadakı böhrandan, Almaniyada, Italiyada, Fransada və digər Avropa ölkələrindəki ağır sosial durumdan, Azərbaycanın iqtisadi böhrandan uğurla çıxdığından, regionun aparıcı dövləti olmağımızdan sujetlər təqdim edir, efirə bu mövzu ilə bağlı yalan danışmaqda analoqu olmayan adamlar çıxarır ki, bunların da sırasında çox zaman deputatlar olur. Və deputatlardan bəzilərinin yalanının “dozasına” görə, ölkədə yaşayan Fatmanisə nənə, Əbülhəsən əmi aldığı cüzi təqaüdlə Avropa və Amerika vətəndaşlarından qat-qat yaxşı yaşayır. Nə qədər danışırsınız, danışın, məgər vətəndaş özü necə yaşadığını bilmir, görmür?
Avropa İttifaqının statistika xidməti bu birliyə daxil olan ölkələrdə aylıq minimum əmək haqqı barədə məlumat açıqlayıb. Bu göstəriciyə görə, lider Avstraliyadır. Minimum əmək haqqı 2.863 dollar, Lüksemburq 2.468 dollar, Monakoda 2.168 dollar, San Marino 2.029 dollar, Yeni Zellandiya 2.008 dollar, Belçika- 1.925 dollar, Hollandiya- 1.917 dollar, Almaniya- 1.913 dollar, İrlandiya 1.874 dollardır. Azərbaycan məzənnəsi ilə hesablayanda təsəvvür edirsinizmi hansı insan haqları, vətəndaş dəyəri üzərindən danışa bilərik?
Siyahının sonundakı yerləri ən aşağı məbləğlə – Rumıniya və Bolqarıstan tutur. Onlarda da minimum əməkhaqqı 300-400 avrodan aşağı deyil…
Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alıb ki, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2022-ci il üçün ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilsin.
Dərd bu ki, minimum əməkhaqqının 300 manat olduğu ölkədə yaşayış minimumunun məbləği 210 manatdır.
Neft ölkəsi olan Azərbaycanda isə son artımdan sonra aylıq minimum əməkhaqqı isə 300 manatdan az olmamalı imiş.
İndi təsəvvür edək ki, 2 məktəbyaşlı uşağı olan ailələrdə hər 2 ailə başçısı işləyir və minimum əməkhaqqı səviyyəsində maaş alırlar, yəni, 300 manat. İndi təkcə minimum xidmətlər və ərzaq üçün çatışmayan miqdar üçün bu ailə büdcəni haradan almalıdır? Və nəzərə alsaq ki, Avropa ölkələrində spirtli içkilərin və siqaretin qiyməti istisna olmaqla, bir çox ərzaq və yeyinti məhsullarının qiyməti bizdən ucuzdur, o zaman TV-lərə çıxarılan YAP mənsublarının nəzərincə batan Avropa ölkələri ilə inkişaf edən Azərbaycanda əhalinin yaşayış səviyyəsi ilə bağlı dediklərinin nə qədər yanlış, yalan və cəfəngiyyat olduğu aydın şəkildə sübut olunur.
Xatirimdədir, 1990-cı illərin ortalarında tanınmış şair Ramiz Rövşən çıxışlarının birində qadınlara orijinal bir müraciət ünvanlamışdı:
“Azərbaycanda hamilə olan qadınlara tövsiyə edirəm, Azərbaycan televiziyalarına baxmasınlar, gülə, çiçəyə baxsınlar ki, övladları gülə, çiçəyə bənzəsin!”
Fəlakətə düşmüşlər qədər, deyərdim ki, bəlkə də fəlakətdə olanlar qədər yalana meylliyik. Artıq həyəcan təbilinin çalınması vaxtı çatıb. Həyəcan təbili isə illərdir çalınır. Ya həyəcan təbilinin zəngi zəifdir, ya həyəcan təbilinin səsini eşidəcək şəxslər bu səsi eşitmək istəmir, ya da səsi eşidəcək şəxslər kardır. Nə qədər ki, gec deyil, eşidin cənablar, yoxsa gec olacaq! Eşidə bilmirsinizsə, oxuyun, öyrənin. Sizlərə – aidiyyəti qurumlara funksioneri olduğum Ümid Partiyasının böhrandan çıxış üçün bütün mərhələlər üzrə təqdim etdiyimiz təkliflər paketini… Və xatırlayın ki, siz bu ölkədə ictimai əsaslarla deyil, xalqın büdcəsi hesabına maliyyələşmiş büdcədən maaş alırsınız. Düşünün… Nə qədər ki, gec deyil. Əks halda bu xalqla birgə siz də batacaqsınız.
Elman Abbasov
Ümid Partiyasının diaspora, ictimaiyyətlə əlaqələr və xaricdə yaşayan soydaşlarla iş üzrə sədr müavini
Şərh yaz