Tamilla Qulami : “Müəllimlər direktora faiz ödəyirlər”
“Bu günlərdə həm sosial şəbəkələr, həm də rəsmi saytımız vasitəsilə Ümid Partiyasının təhsillə bağlı xüsusi proqramının xülasəsini təqdim etdik”.
Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebhe.info”-ya açıqlamasında deyib. O bildirib ki, təhsil cəmiyyətin və dövlətin əsas sütunlarından biridir:
“Azərbaycan da polietnik dövlət olduğu üçün məhz təhsil məsələsinə xüsusi diqqət ayırmalıyıq. Çünki başqa dövlətlərin agentura şəbəkələri üçün maarifsiz cəmiyyətdən istifadə etmək daha rahatdır. Azərbaycanı istəməyən dövlətlər casus şəbəkələrindən istifadə edir və maarifsiz, təhsilsiz cəmiyyətin içinə dalaraq bundan faydalanmaq istiqamətində addımlar atır. Yəni, dövlət sütunlarımızın zəiflədilməməsi üçün bunu təhsillə bağlı əsas məsələ olaraq götürməliyik. Dante Aliqyerinin də dediyi kimi: “təhsil çörək və sudan sonra xalqın ən zəruri ehtiyacıdır”. Bundan başqa, Hacı Zeynalabdin Tağıyev qeyd edirdi ki: “bir oğlana təhsil versək, bir insanı təhsilləndirmiş oluruq, bir qıza təhsil versək, bir ailənin savadlandırılması istiqamətində addım atmış oluruq”.
Həmsöhbətimiz məktəblərdə hazırlıqların keçirilməsini də əsas problemlərdən biri adlandırıb:
“Çox təəssüf ki, şagirdlər məktəbə hazırlıq üçün gedir. Üstəlik, şagirdlər hər gün dərsə getmələrinə rəğmən repetitor yanına da gedirlər. Müəllimlər də buna görə repetitorluqla məşğul olurlar. Hətta müəllimlərin məktəbdə dərs keçmək üçün marağı olmur. Maaşları aşağı olduğu üçün evdə və ya məktəbdə uşaq hazırlaşdırırlar. Ona görə də sosial problemlərin həlli istiqamətində addım atmaq lazımdır. Əfsuslar olsun ki, məktəb direktorları və müəllimlər arasında anlaşma olur. Razılaşmaya əsasən, müəllimlər məktəblərdə hazırlıq keçir və direktora faiz ödəyirlər.
Hətta bu hazırlıqlar birinci sinifdən başlayır. Əgər şagird hazırlığa həmin müəllimin yanına getməsə, müəllim, valideyn və uşaq arasında ziddiyyət yaranır. O müəllim də uşaqların qiymətini aşağı salır. Bu məsələlərə də aydınlıq gətirilməlidir. Demək olar ki, təhsilimizi bu sahələr üzrə də “qılınclayırlar”, “baltalayırlar”. Hətta dərs saatlarına belə hazırlıq salırlar”.
Tamilla Qulami qeyd edib ki, şagirdlər və müəllimlər arasında da razılaşma olur:
“Yəni şagirdlərin əksəriyyəti 9-cu sinifdən etibarən məktəbə deyil, hazırlığa gedirlər. Hətta bəzi müəllimlər dərs günlərini şagirdlər arasında bölürlər. Məsələn, bir qrup bir gün, bir qrup isə digər gün dərsə gedir. Bütün bu problemlərin hər biri aradan qaldırılmalıdır. Kiçik problemlər kimi görünsə də, təhsilimizin sütunlarını parçalayan əsas məqamlardır.
Həmçinin bu gün Azərbaycanda diplomlu işçilər “ordusu” var. Ölkəmizdə hər kəs ali təhsil almaq uğrunda savaşır. Həm də çox təəssüflər olsun ki, uşaqlarımızın beynini lazımsız informasiyalarla doldururlar. Ədəbiyyatçı, iqtisadçı, riyaziyyatçı, səhiyyə və digər sahələr üzrə mütəxəssis olmaq üçün xırda detalları yox, elmin əsas mahiyyətini öyrətmək lazımdır. Bundan başqa, Milli Elmlər Akademiyasında doktorant, dissertant, fəlsəfə doktoru olmaq istəyən şəxslər araşdırma üçün dövlətdən pul almalıdırlar. Onlar isə elmi adı almaq və maaşlarının üstünə 50 manatın gəlməsi üçün xeyli pul xərcləyirlər”.
Sədr müavini hesab edir ki, bəzi universitetlər birləşməlidir:
“Əslində Milli Elmlər Akademiyası universitetlər, nazirliklər və digər qurumlarla müqavilələr imzalamalı və birlikdə işləməlidir. Lakin əfsuslar olsun ki, bunların heç birini görmürük. Düşünürəm ki, bəzi universitetlər və akademiyalar birləşdirilməlidir. Bəzi universitetlər isə bölgələrə köçürülməlidir. Bununla da Bakının yükü azaldılmalıdır. Bütün bu məsələlər həll olunmalıdır. Azərbaycan Ümid Partiyası olaraq sosial-siyasi və bütün problemlərin həlli istiqamətində təkliflərimizi vermişik”.
Elmir Mustafa
“Cebhe.info