Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan diqqətçəkən açıqlama verib.
O, Azərbaycanın Ermənistan Konstitusiyanın dəyişdirilməsi tələbi ilə bağlı suala qəribə cavab verib:
“Konstitusiyaya dəyişiklik edilməsi və ya yenisinin qəbulu sırf daxili siyasi məsələdir. Buna da Ermənistan xalqı qərar verir. Mən təəccüblənirəm ki, bu qədər təminatdan sonra bu sual hələ də qaldırılır. Ermənistan Respublikası heç vaxt belə öhdəliklər götürməyib. Bu, daxili məsələdir. Bəli, Azərbaycan bunu davam etdirir və şərt kimi göstərir. Biz isə bunu qəbul etmirik”.
Maraqlıdır, Azərbaycanla Ermənistan arasında sülh prosesinin bu qədər yüksək səviyyədə davam etdiyi bir zamanda Ararat Mirzoyanın belə açıqlaması nəyə hesablanıb? Rəsmi İrəvan yenə də sözündən yayınır?
Azərbaycan Ümid Partiyasının sədr müavini Tamilla Qulami “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Ararat Mirzoyanın bu açıqlaması erməni cəmiyyətinə mesajdır:
“O, bu fikri ilə Azərbaycanı Ermənistanla əldə olunan razılaşmaları yetərli saymayan, sülh prosesinin uzanmasını istəyən tərəf kimi təqdim etməyə çalışır. Bu, həm də Qərb mediası tərəfindən Ermənistanın “konstruktiv” obrazını möhkəmləndirməyə hesablanıb. Üstəlik, rəsmi Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb etməsinin əsas səbəbi Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarının olmasıdır”.
Tamilla Qulami hesab edir ki, Mirzoyanın bu fikirləri Ermənistanın daxilinə hesablanıb:
“O, həm də Refendumda Konstitusiya dəyişikliyinə “yox” cavabının veriləcəyindən ehtiyat etdiyi üçün belə fikirlər səsləndirir. Əslində, nazirin fikirləri diplomatik bəyanatdır. Bu baxımdan burada təəccüblü nə isə yoxdur. Onun məqsədi beynəlxalq səviyyədə Ermənistanın sülhə açıq olduğu imici formalaşdırmaqdır. Mirzoyan blef yolu ilə cəmiyyəti manipulyasiya edir”.
Tamilla Qulaminin sözlərinə görə, bu, birbaşa Ermənistan dövlətinin mövqeyi deyil:
“Ona görə də Mirzoyanın fikirlərini İrəvan hakimiyyətinin sözündən qaçmaq kimi dəyərləndirməyin tərəfdarı deyiləm. Artıq Paşinyan hakimiyyəti Azərbaycanın yaratdığı yeni reallıqları qəbul edir. Nəzərə almaq lazımdır ki, Baş nazir Nikol Paşinyanın özü belə yeni kontitusiyaya ehtiyac olduğunu bəyan edir. Belə vəziyyətdə Mirzoyanın sırf erməni cəmiyyətinə ünvanlanan fikirlərini ciddi qəbul etmək lazım deyil”.
Elmir Mustafa
“Cebheinfo.az”
https://cebheinfo.az/tehlil/mirzoyandan-sulhe-qarsi-davranis-blef-edir_924