Masa YENİDƏN QURULUR: Maskat danışıqları BÖHRANI necə idarə edəcək? – Tamilla Qulami şərh edir…
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsinin planlaşdırıldığını açıqlayıb.
Məlumata görə, Vaşinqton əvvəl irəli sürdüyü üç əsas tələbdən ikisini geri götürüb və ballistik raket proqramına məhdudiyyətlər, eləcə də İranın regional qruplara – “Hizbullah”, Husilər və digərlərinə maliyyə dəstəyinin dayandırılması məsələləri danışıqlar gündəminə daxil edilməyib.
“Axios”un yazdığına görə, danışıqların bərpası ərəb dövlətlərinin çox böyük diplomatik səyləri nəticəsində mümkün olub.
Məsələ ilə bağlı TodayPress TV-yə danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bildirib ki, İran və ABŞ arasında Maskatda planlaşdırılan nüvə danışıqları çərçivəsində baş tutması nəzərdə tutulan görüş Vaşinqtonun mövqeyində fundamental dəyişiklik anlamına gəlmir. Bu, daha çox taktiki korrektə kimi qiymətləndirilməlidir.
Onun sözlərinə görə, ABŞ-nin bu addımı birbaşa müharibə niyyətinin olmaması ilə bağlıdır:
“İran və ABŞ arasında Maskatda planlaşdırılan nüvə danışıqları çərçivəsində baş tutması nəzərdə tutulan görüşdə Vaşinqtonun mövqeyində hər hansı fundamental dəyişikliklərin olacağını düşünmürəm. Sadəcə bu addımı taktiki korrektə kimi dəyərləndirirəm, çünki ABŞ birbaşa müharibə etmək niyyətində deyil”.
Politoloq qeyd edib ki, ABŞ-nin danışıqlar gündəmində müəyyən mövzuları kənara çəkməsi prosesin baş tutmasını təmin etməyə yönəlmiş praqmatik addımdır:
“Zənnimcə, ABŞ-nin bu addımı ballistik raket proqramına məhdudiyyətlər və İranın regional müttəfiq qruplara – “Hizbullah”, husilər və digərlərinə maliyyə dəstəyinin dayandırılması tələblərinin danışıqlar gündəmindən çıxarılması ilə bağlıdır. Bu, əslində, danışıqların ümumiyyətlə baş tutmasını təmin etməyə yönəlmiş praqmatik addımdır. Çünki Vaşinqton üçün hazırkı mərhələdə əsas prioritet İranın nüvə proqramının nəzarətsiz şəkildə irəliləməsinin qarşısını almaqdır. Sözügedən raket proqramı və regional təsir mexanizmləri isə İranın “qırmızı xətləri”nə daxildir”.
T.Qulaminin fikrincə, ABŞ bu mövzuları ilkin mərhələdə kənarda saxlamaqla minimum razılaşma platforması formalaşdırmağa çalışır və bu, strateji xəttin dəyişməsi anlamına gəlmir:
“Ona görə də ABŞ bu mövzuları ilkin mərhələdə kənara qoyaraq danışıqlar üçün minimum razılaşma platforması yaratmağa çalışır. Bu, ABŞ-nin uzunmüddətli strateji mövqeyinin dəyişməsi deyil, daha çox mərhələli yanaşma çərçivəsində ilk addım kimi qiymətləndirilməlidir. Növbəti görüşlərdə müzakirələrin hansı nəticələrlə başa çatacağından asılı olaraq, bu mövzuların yenidən gündəmə gələcəyi istisna olunmur”.
Politoloq “ərəb dövlətlərinin çox böyük səyləri” ifadəsinin də konkret diplomatik çərçivəni əhatə etdiyini vurğulayıb:
“Bu ifadə əsasən Körfəz ölkələrinin, xüsusilə Oman, Qətər və qismən Səudiyyə Ərəbistanının diplomatik vasitəçilik fəaliyyətini əhatə edir. Bu səylər tərəflər arasında dolayı kommunikasiya kanallarının saxlanılması, danışıqlar üçün neytral və etibarlı platformanın təmin edilməsi, eləcə də regionda genişmiqyaslı hərbi eskalasiyanın qarşısının alınması məqsədilə ABŞ üzərində siyasi təsirin artırılması istiqamətində özünü göstərir”.
Onun sözlərinə görə, Körfəz ölkələri İran–ABŞ qarşıdurmasının dərinləşməsində maraqlı deyil:
“Sadalanan ərəb dövlətləri İran–ABŞ qarşıdurmasının kəskinləşməsinin birbaşa Körfəz təhlükəsizliyinə və enerji bazarlarına mənfi təsir göstərəcəyini anlayır və bu səbəbdən dialoqun bərpasında maraqlıdırlar”.
Tamilla Qulami danışıqların nəticə ehtimalına da toxunaraq bildirib ki, mümkün razılaşma məhdud xarakter daşıya bilər
“Fikrimcə, bu danışıqların real nəticə vermə ehtimalı mümkündür, lakin onların məhdud xarakter daşıyacağını da nəzərdən qaçırmaq olmaz. Hər iki ölkə arasındakı yaxın keçmiş münasibətlərə baxsaq, qısa müddət ərzində geniş və hərtərəfli razılaşmanın əldə olunması ehtimalı çox zəifdir”.
Politoloq real ssenarini isə belə izah edib:
“Bu istiqamətdə daha real ssenari İranın nüvə fəaliyyətinin müəyyən texniki çərçivələrdə dondurulması və ya nəzarət mexanizmlərinin gücləndirilməsi müqabilində sanksiyaların qismən yumşaldılmasıdır. Bu, tərəflərə vaxt qazandıran və qarşıdurmanı idarəolunan səviyyədə saxlayan müvəqqəti razılaşma modeli ola bilər”.
Sonda T.Qulami vurğulayıb ki, Maskat danışıqları tam barışıqdan çox böhranın idarə olunması mərhələsinə keçidi ifadə edir:
“Birləşmiş Ştatların yeni strategiyasına əsasən birbaşa müdaxilə deyil, dünya dövlətlərini müxtəlif vasitələrlə nəzarətdə saxlamaq əsas prioritetlərdən biridir. Bu baxımdan Maskat danışıqları siyasi iradənin tam barışıq səviyyəsinə çatdığını deyil, böhranın idarə olunması mərhələsinə keçdiyini göstərir. Prosesin uğurlu olub-olmaması isə tərəflərin bu ilkin dialoqu uzunmüddətli və mərhələli razılaşmaya çevirmək bacarığından asılı olacaq”.
Qiymət Mahir
Todaypress.tv
Şərh yaz




