“Mərkəzdən qanunsuz tapşırıqlar bitdi” — Yerli idarəetməyə böyük siqnal – Tamilla Qulami şərh edi

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yeni səlahiyyətli nümayəndə və icra başçılarını qəbul edərkən mərkəzdən qanunsuz tapşırıqların verilməsinə son qoyulduğunu bildirməsi ölkənin yerli idarəetmə sistemi üçün mühüm siqnal hesab edilə bilər”.
Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami bunu TodayPress TV-yə açıqlamasında deyib.
O qeyd edib ki, bundan əvvəl də bu tipli xəbərdarlıqlar verilsə də, məhz “mərkəzdən qanunsuz tapşırıqlar” ifadəsi səslənməmişdi:
“Ümid edirəm ki, ölkə başçısının bu xəbərdarlıq bəyanatı bölgələrdə həm idarəetmə mədəniyyətinə, həm də məmur–vətəndaş münasibətlərinə təsir göstərəcək. Buna qədər mərkəzi qurumlardakı bəzi məmurların şəxsi maraqlar əsasında rayon rəhbərlərinə qanunsuz göstərişlər verməsi korrupsiya və rüşvətxorluq risklərinə rəvac verir, yerli qərarların qəbul edilməsinə demək olar ki, imkan yaratmır və resursların əhali arasında ədalətli bölüşdürülməsinə mane olurdu. Düşünürəm ki, bu təcrübənin dayandırılması bir neçə nəticə ortaya çıxaracaq. Belə ki, məsuliyyətini dərk edən yerli rəhbərlərin öhdəliklərinin artması, yəni öz fəaliyyətlərinə görə birbaşa cavabdehlik daşımaları və müstəqil qərar verən, təşəbbüskar, xalqa xidmət edən məmur rolunu yerinə yetirmələri tələb olunur”.
Siyasətçinin fikrincə, bu fəaliyyət baş tutacağı və davam edəcəyi təqdirdə, korrupsiya və rüşvət kanallarının daralması, qanunsuz göstərişlərin aradan qalxması, örüş və suvarma torpaqlarından tutmuş tikinti və resurs bölgüsünə qədər bir çox sahədə sui-istifadə imkanlarının azalacağına ümid etmək olar:
“Ölkə başçısı bölgələrdə sosial ədalətin əsas prinsip olduğunu da vurğulayıb. Bu, layihələrin, investisiyaların və xidmətlərin daha bərabər paylanmasına şərait yarada bilər. Məmurlar üçün vətəndaşlarla münasibətlərin yumşalması ən prioritet məsələ olmalıdır. Belə ki, yeni icra başçılarına “xalqa xidmət etməlisiniz” tapşırığının verilməsi əhali ilə ünsiyyətin və problemlərə operativ reaksiyanın yaxşılaşmasına gətirib çıxarmalıdır. Əks təqdirdə, düşünürəm ki, məhkəmələr tərəfindən bu istiqamətdə qərarlar verilməli, xalqa xidmət etməyən məmurlar layiqli şəkildə cəzalandırılmalı və digər məmurlar üçün də presedent yaradılmalıdır. Əsas olan budur ki, məmurların fəaliyyətində dəyişikliklərin uzunmüddətli və real təsiri yalnız davamlı nəzarət, şəffaflıq və idarəetmədə struktur islahatları ilə möhkəmlənə bilər”.
Tamilla Qulami sonda əlavə edib ki, Prezidentin bəyanatı ilə yanaşı, bu addımlara ictimai-siyasi nəzarət də mütləq şəkildə həyata keçirilməlidir.
Qeyd edək ki, noyabrın 12-də Prezident İlham Əliyev Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edib.
Ölkə başçısı çıxışı zamanı bildirib ki, əvvəl mərkəzdən qanunsuz tapşırıqlar verilirdi, indi isə buna son qoyulub:
“Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan, necə deyərlər, əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb. Ona görə mən tam əminəm ki, bundan sonra mərkəzdən sizə hansısa bir qanunsuz tapşırıq verilməyəcək”.
Qiymət Mahir
Şərh yaz