MƏNİM BABAM YOXDUR…

21
Babalar günü idi bu gün…(atalar günü)
Hər kəs atasının şəklini, xatirəsini paylaşdı…
Bioloji ata və babalarımızı yad etdik, xatirələrinə sayğı göstərdik, sevgimizi izhar etdik, yaşayanlara can sağlığı, ölənlərə rəhmət dilədik…
Bioloji babamızla (atamızla) yanaşı bir də mənəvi babamız var…
DÖVLƏT BABA…
Biz DÖVLƏT BABA-dan yetimik…
Olmadı bizim babamız…
Baba (ata) güvəndir, arxayınçılıqdır, qucağına sığınmaqdır, məğlubedilməzdir, qorxmazdır, balası (vətəndaşı) üçün sona qədər vuruşandır…
Yoxdur bizim babamız…
Babamız olsaydı…
Qarabağımızda olardıq, paramparça bölünməzdik, bu qədər torpaq itirib, onun, bunun küncünə sığınıb həqarətlərə məruz qalmazdıq…
Babamız olsaydı…
Xocalıda o qədər məsum qətliam edilməzdi, Şuşa, Laçın, Kəlbəcər harayı olmazdı…
Göyçə, Zəngəzur, İrəvan nisgili çəkməzdik…
35 milyonluq bir xalq dilinin varlığını qorumaq üçün dilini bir metr çıxarıb kimlərəsə yalvarmazdı…
Borçalıda, Qaraçöpdə yurd yerlərimizin adlarını dəyişdirib, bizi bir parça torpağa həsrət qoymazdılar…
Dərbənddə insanlarımızı sürüməzdilər, hamının gözü qarşısında övladlarımızı aşağılamazdılar…
Babamız olsaydı…
Məmləkət insanının haqqı tapdalanmazdı, ac-yalavac balalarımız olmazdı, bir qarın çörəyə möhtac olan vətəndaşlarımız ilan dili çıxarıb kiminsə qarşısında əyilməzdi…
Ədalət divanı hər kəsin haqqını verərdi…
Milyonlarla oğul-qızımız dünyanın müxtəlif ölkələrinə səpələnib bazarlarda qul kimi işləməzdi, sosial yardımlara gözünü dikməzdi…
Babamız olsaydı…
Lenin, Stalin kimi babalardan danışmıram, DÖVLƏT BABANI deyirəm, DÖVLƏT…
P.S. Dövlət qurmaq, onu hər bir vətəndaşın babasına çevirmək bizim borcumuzdur, etməliyik, əl-ələ verib qurmalıyıq bu dövləti. Elə bir hüquqi dövlət ki, hər kəs onun qucağında özünü güvənli hiss etsin, qorxmasın, əyilməsin, sınmasın.
Elə bir dövlət ki, hər qarışında bayrağımız dalğalansın, harda yaşamasından asılı olmayaraq, hər birimizə sahib çıxa bilsin.
Elə bir hüquqi dövlət ki, türkü, talışı, avarı, ləzgisi, tatı, yəhudisi, qrızı, kürdü, ingiloyu, saxuru “CANIM SƏNƏ FƏDA, AZƏRBAYCAN!” desin…
DÖVLƏT BABANIN olması şərt!
İQBAL AĞAZADƏ
Ümid Partiyasının sədri
Şərh yaz