LAÇININ İŞĞALINDAN 28 İL ÖTÜR…

Bu gün  Azərbaycan Respublikasının Laçın rayonunun işğalından 28 il ötür.

1992-ci ilin 18 may tarixində Azərbaycanın strateji bölgələrindən biri olan Laçın rayonu  Ermənistanın silahlı qüvvələri tərəfindən işğal olunub. Nəticədə bir şəhər, bir qəsəbə və 120 kənd düşmən əlinə keçib, dinc əhali içində 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. İşğal zamanı 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil, 31 uşaq hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib.

Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-adək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib.

Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən ölkə rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası ölkəmizin işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd məlum qətnamə qəbul etsə də, Ermənistan bu qətnamələri illərdir görməzdən gəlir, qonşu ölkənin ərazilərinə girərək, dinc əhalinin haqlarını pozur, BMT tələblərini yerinə yetirmir. Əksinə Azərbaycana aid işğal olunmuş ərazilərdə köçürülmə siyasəti apararaq, rayonu erməniləşdirməyə çalışır.

Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə millət vəkili olduğu dönəmlərdə  parlamentdə Qarabağın azad olunması ilə bağlı kifayət qədər təkliflər irəli sürüb, illərdir torpaqlarımızı azad edə bilməyən hakimiyyəti – istər qanunverici, istərsə də icraedici orqanda istefaya çağırıb.

Qarabağ qazisi İqbal Ağazadə işğal altında olan rayonlarımızda düşmən qüvvələrinin məskunlaşmasının və hərbi güclərinin qrafiki barədə geniş araşdırmalar aparıb, müsahibələrində, çıxışlarında, yazılarında yerli və xarici mətbuatda dəfələrlə işğal olunmuş ərazilərimizdə ermənilərin məskunlaşmasının bütün qətnamələrə zidd olduğunu bildirib.

İqbal Ağazadə çıxışlarından birində deyib ki, Laçın rayonu ərazisində 1165–2200-ə yaxın ailə məskunlaşdırılıb, bu da Azərbaycanın işğal olunmuş torpaqlarında demoqrafik vəziyyəti dəyişmək üçün Ermənistan hökümətinin planlı siyasətidir.

Siyasi partiyaların Qarabağ haqqında müzakirələrində Ümid Partiyası geniş bəyanatla çıxış edib, partiya sədri İqbal Ağazadə xüsusi olaraq bildirib ki, bizim üçün Qarabağsız, Şuşasız, Laçınsız, Xankəndisiz Azərbaycan yoxdur, ola da bilməz!

Ümid Partiyasının Mətbuat Xidməti
Şərh yaz
PAYLAŞ