Kreml Paşinyanın “xəyanəti”nə görə silahı işə salır – “Bakı hazır olmalıdır” – Tamilla Qulami şərh edir
Ermənistanda parlament seçkiləri yaxınlaşdıqca Rusiya ilə gərginlik daha da artır. Moskvadan İrəvanla bağlı müxtəlif bəyanatlar səsləndirilir, paralel olaraq, təxribat iddiaları yayılır. Həmçinin Ermənistanın Baş naziri Nikol Paşinyanın təhlükədə olduğu da bildirilir.
Digər tərəfdən, Azərbaycan fors-major vəziyyətlərə hazır olduğunu ən ali səviyyədə bəyan edib. Rəsmi Bakı 2023-cü ildən sonra formalaşan yeni geosiyasi reallıq fonunda Cənubi Qafqazda sülhün əsas təminatçısı kimi çıxış edir. Lakin bu statusu zəiflətmək istəyən bəzi regional və kənar qüvvələrin fəallaşdığı da müşahidə olunur.
Prezident Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyan üçün “sürpriz” hazırlayır? Seçki ərəfəsi və ya prosesdən dərhal sonra İrəvanda daxili siyasi sabitliyin pozulması və qarışıqlıq ehtimalı nə dərəcədə realdır?
Globalinfo.az-a danışan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami deyib ki, bəzi Avropa ölkələrinin Azərbaycana qarşı sərgilədiyi qərəzli yanaşma regiondakı vəziyyəti daha da gərginləşdirir:
“Prezidentin Cəbrayılda açılış zamanı bu məsələyə toxunması da diqqət çəkmişdi. Son aylarda görünən bu ki, Cənubi Qafqazda geosiyasi dinamika yenidən gərgin fazaya daxil olub. Xüsusilə də Paşinyan hakimiyyəti ilə Putin administrasiyası arasında münasibətlərin soyuqlaşması, artıq yalnız diplomatik ritorikada deyil, siyasi və təhlükəsizlik müstəvisində də açıq-aydın hiss olunur. Ermənistanın Qərbə inteqrasiya cəhdləri, Avropa strukturları və ABŞ ilə əlaqələri intensivləşdirməsi Kremlin bölgədəki ənənəvi təsir imkanlarını zəiflədən əsas amillərdən biri kimi görünür. Rəsmi Moskva isə Cənubi Qafqazı özünün strateji təhlükəsizlik zonası hesab etdiyindən, İrəvanın bu kursunu səssiz izləməyəcəyi öncədən bəlli idi. Çünki Rusiyanın Cənubi Qafqazda qalmasına yardımçı olan aktor Ermənistandır. Paşinyan hakimiyyətinin Rusiyaya “xəyanət” etdiyini düşünən Putinin bu məsələni sakit buraxmayacağı görünür.
Seçkilər yaxınlaşdıqca, Ermənistan daxilində siyasi parçalanmanın dərinləşməsi ehtimalı artır. Paşinyanın həm müxalifət, həm də kilsə çevrələri ilə münasibətləri kifayət qədər gərgindir. Xüsusilə, Qarabağ məsələsindən sonra Ermənistanın müəyyən kəsimində formalaşmış psixoloji böhran və məğlubiyyət sindromu müxtəlif siyasi qüvvələr tərəfindən manipulyasiya olunur. Bu fonda Rusiyanın Ermənistandakı təsir şəbəkələrinin, revanşist qüvvələrinin tamamilə sıradan çıxdığını düşünmək sadəlövhlük olar. Moskvanın media, biznes, təhlükəsizlik və siyasi dairələrdə hələ də ciddi rıçaqları mövcuddur. Buna görə düşünürəm ki, Kreml tərəfindən Paşinyana qarşı siyasi təzyiq mexanizmlərinin işə salınması, küçə etirazlarının stimullaşdırılması və ya idarəolunan daxili qarışıqlıq ssenarilərinin gündəmə gəlməsi istisna deyil.
Lakin burada vacib məqam həm də odur ki, Kremlin əsas məqsədi Ermənistanı tam destabilizasiya etmək yox, onu yenidən öz orbitinə qaytarmaqdır. Yəni Moskva üçün ən ideal model Paşinyanın zəiflədilməsi, amma dövlət institutlarının tam çökdürülməməsidir. Dediyim kimi, Cənubi Qafqazda qalmaq baxımından Ermənistan Rusiya üçün vacib ölkədir. Bununla belə, yenə də seçki ərəfəsində və ya sonrasında İrəvanda kiçik silahlı toqquşmalar, küçə qarşıdurmaları və ya təhlükəsizlik böhranı riskini tamamilə istisna etmirəm. Ermənistan cəmiyyətində radikal revanşist qrupların mövcudluğu, keçmiş hakimiyyət dairələrinin aktivliyi və xarici güclərin rəqabəti belə bir ssenarinin risk faizini artırır. Ən dar məqamda Paşinyana sui-qəsd planı edib, aradan götürmək Rusiyanın planında yer tuta bilər”.
Sədr müavini deyib ki, bütün bu proseslər fonunda Azərbaycanın mövqeyi də xüsusi diqqət çəkir:
“Ölkə başçısı son çıxışlarında dəfələrlə vurğulayıb ki, Azərbaycan istənilən fors-major vəziyyətə hazırdır və bölgədə yeni təhlükəsizlik arxitekturasının formalaşmasında əsas aktorlardan biridir.
2023-cü ildə sentyabrın 19-dan 20-nə keçən gecə öz dövlət suverenliyini bərpa edən Azərbaycanın yürütdüyü siyasəti regionda hərbi eskalasiyanın qarşısını alan, separatizmin kökünü ilk kəsən və kommunikasiya layihələrinin təhlükəsizliyini təmin edən əsas xətt kimi qiymətləndirmək lazımdır.
Azərbaycan artıq yalnız hərbi güc yox, həm də siyasi təşəbbüslər, enerji təhlükəsizliyi və regional diplomatiya vasitəsilə Cənubi Qafqazın sabitləşdirici, sülh təminatçısı mərkəzinə çevrilib.
Təəssüf ki, bəzi dairələrin Bakının bu statusundan narahat olduğunu da müşahidə edirik. Xüsusilə bir sıra Avropa ölkələrinin Azərbaycana münasibətdə nümayiş etdirdiyi ikili standartlar, qərəzli yanaşma bölgədə balansı pozan amillərdən biri kimi görünür. Paradoks da ondadır ki, Avropanın Azərbaycana təzyiq siyasəti faktiki olaraq, Rusiyanın maraqlarına xidmət edən amillərdəndir. Çünki Bakı-Qərb münasibətlərinin gərginləşdirilməsi Moskvanın bölgədə hər zaman dediyi “Qərb etibarsız tərəfdaşdır” tezisini gücləndirir və Kremlin manevr imkanlarını artırır”.
Politoloq bildirib ki, Prezident İlham Əliyevin Cəbrayılda keçirilən açılış mərasimində bu məsələyə toxunması heç də təsadüfi deyildi:
“Verilən mesaj ondan ibarət idi ki, regionda davamlı sülhün alternativi yoxdur və kənar güclərin geosiyasi oyunları Cənubi Qafqazı yenidən qarşıdurma meydanına çevirə bilər. Azərbaycan isə hazırkı mərhələdə həm siyasi, həm hərbi, həm də iqtisadi baxımdan proseslərə təsir edə bilən əsas regional güc kimi çıxış edir.
Ümumi gedişata nəzər saldıqda Rusiya-Ermənistan münasibətlərindəki gərginliyin yaxın günlərdə daha da artacağı görünür. Kreml Paşinyana qarşı müxtəlif “sürpriz” mexanizmlər işə sala bilər, lakin bunun hansı miqyasda olacağı Ermənistan daxilindəki siyasi müqavimət və beynəlxalq reaksiyadan asılı olacaq. Ən riskli ssenari isə daxili qarışıqlığın regiondakı geosiyasi rəqabətlə üst-üstə düşməsidir. Belə bir vəziyyətdə Azərbaycanın hazırlıqlı mövqeyi və balanslı siyasəti Cənubi Qafqazın təhlükəsizlik gələcəyində həlledici rol oynamaqda davam edəcək.
Azərbaycanın xarici siyasətində ən önəmli silahı balans prinsipidir. Bütün hallarda ölkə olaraq biz, 7 iyunda Ermənistanda keçiriləcək seçkilərə qədər və sonra daxildəki boşluqlarımızı doldurmalı və siyasi, iqtisadi, sosial rifahı təmin etməliyik ki, Rusiya əlinə düşəcəyi fürsətdə “silahın ucunu” Azərbaycana qarşı çevirməyə imkan tapmasın”.
https://globalinfo.az/kreml-pasinyanin-xeyanetine-gore-silahi-ise-salir-baki-hazir-olmalidir/?fbclid=IwY2xjawSBLg9leHRuA2FlbQIxMABicmlkETE1YWM1cUlhSmhETjczMzVvc3J0YwZhcHBfaWQQMjIyMDM5MTc4ODIwMDg5MgABHhQCXiRdj85XDFik9Uzwt3ywbFaiLCkzQieoFVrgNzy8o8h-YO4ng2fP5sB0_aem_5LpgIqdxQrJ32gbxzjQW6A
Turan Rzayev
Globalinfo.az
Kreml Paşinyanın “xəyanəti”nə görə silahı işə salır – “Bakı hazır olmalıdır” – TAMİLLA QULAMİ şərh edir
Şərh yaz




