Karantin rejimini pozan məmurlar da cinayət məsuliyyətinə cəlb edilməlidir

8

“Əksər insanlar problemlərini həll etmək məqsədilə evdən bayıra çıxmaq məcburiyyətində qalırlar.

Karantin rejimini pozan vətəndaşlar cəzalandırıldığı kimi məmurlar da cinayət məsuliyyətinə cəlb edilməlidir. Vətəndaşlar karantin rejimini pozduğu üçün İnzibati Xətalar Məcəlləsinin tələbi əsasında cərimə olunurlar. O zaman öz vəzifəsini yerinə yetirə bilməyən məmurlar da cinayət məsuliyyətinə cəlb olunmalıdırlar. Çünki kütləvi epidemiyanın yayılması istiqamətində o məmurlar məsuliyyətini unudur və vəzifəsinə barmaqarası yanaşır.

Əgər dövlət o vəzifəni onun boynuna qoyubsa, işləyirsə və buna görə maaş alırsa, vəzifəsini layiqincə yerinə yetirməlidir. Çünki burada cəmiyyətimizin, insanlarımızın problemlərindən söhbət gedir.

Biz bu Vətəni sərhədinə, torpağına, dağına, daşına, yeraltı-yerüstü sərvətinə yox, insanına görə sevirik. Bu gün insanımız təhlükədədir. O insanımız ki, iqtidar da, müxalifət də onların yaxşı yaşamasına, problemlərinin olmamasına, sosal cəhətdən güvənli olmalarına çalışır. İndi nəinki sağlamlıq, hətta mövcudluq problemi ilə üz-üzəyik. Buna görə də hər birimiz məsuliyyətimizi dərk etməliyik.

Vətəndaşların müxtəlif problemləri olmasa, heç kim evindən küçəyə çıxmaz. Düzdür, məsuliyyətsizlik edən insanlar da var. Ancaq əksər insanlar problemlərini həll etmək məqsədilə evdən bayıra çıxmaq məcburiyyətində qalırlar. Ona görə də, dövlət sosial dəstək paketini genişləndirilməlidir.

Bütün imkanlarımızı ortaya qoymalı, dövlətin bütün gücünü səfərbər etməliyik. Millət yenə də işləyib pul yığa bilər, fonda yenə pul toplanar. Olmazsa da, olmaz.

Bu gün kisəmizin ağzını açıb, insanlarımızın sağlamlığı üçün xərcləməliyik ki, milləti bu bəladan qurtara bilək. Sonra yenə toparlanarıq, millət olaraq, dövlət olaraq əyər-əskiklərimizi düzəldərik. Bu gün hər şey insanımız üçün olmalıdır.”

Şərh yaz