İsrail və Türkiyə arasında hərbi toqquşma ola bilər? – Tamilla Qulami şərh edir
“Hazırda Türkiyə və İsrail arasında Suriyada birbaşa hərbi qarşıdurma ehtimalı güclü deyil”.
Bu sözləri Azərbaycan Azərbaycan Ümid Partiyasının İdarə Heyətinin üzvü Tamilla Qulami Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, İsrail 18 avqust 2026-cı ildə Suriyanın şimal-qərbindəki Əbu əl-Duhur aviabazasına zərbəni Türkiyənin həmin ərazidə hərbi yerləşmə ehtimalının qarşısını almaqla əsaslandırıb, Ankara isə türk hərbçilərinin orada yerləşdirilməsi barədə İsrailin iddialarını rədd edib:
“Hər üç dövlətlə münasibətləri normal olan ABŞ də baş verənlərdən sonra Türkiyə, İsrail və Suriya arasında toqquşmaların qarşısını almaq üçün xüsusi fikir ayrılığının olması mexanizmini yaratmağa çalışır.
Bunun da əsas səbəbi odur ki, Türkiyə ilə İsrail arasında münasibətlər son illərdə siyasi narazılıq mərhələsindən çıxaraq, sanki strateji rəqabət mərhələsinə daxil olub. Bu rəqabətin də ən təhlükəli meydanı Suriyadır.
Çünki Ankara Suriyanı özünün təhlükəsizlik və regional təsir zonasının bir hissəsi hesab edir, İsrail isə Suriyada formalaşan yeni hərbi-siyasi düzənin gələcəkdə öz təhlükəsizliyinə təhdid yarada biləcəyindən ehtiyat edir. Əslində, bugünkü qarşıdurmanın kökündə təkcə İsrail-Türkiyə münasibətləri dayanmır. Burada əsas məsələ Əsəd rejiminin devrilməsindən sonra Suriyanın gələcək siyasi və hərbi arxitekturasının necə formalaşacağıdır. Türkiyə yeni Suriya hakimiyyətinin güclənməsində çox maraqlıdır”.
Ekspert qeyd edib ki, Ankara üçün güclü Suriya dövləti həm sərhəd təhlükəsizliyi, həm də bölgədəki kürd silahlı strukturlarının qarşısının alınması baxımından kifayət qədər əhəmiyyətlidir:
“Buna görə də Əsəd rejimi devrildikdən sonra Türkiyə Dəməşqlə hərbi əməkdaşlığı genişləndirməyə davam edir, yeni Suriya ordusunun formalaşmasına və hərbi imkanlarının bərpasına dəstək verir.
İsrail isə məsələyə tamamilə fərqli prizmadan baxır. İsrailin əsas narahatlığı Suriyada onun nəzarətindən kənar, güclü hərbi infrastrukturun yarana bilməsidir. Buna görə İsrail Suriyanın hərbi potensialının bərpasına son dərəcə həssas yanaşır. Xüsusilə də bu istiqamətdə yardım Türkiyədən gəlirsə…
İsrail əvvəlki illərdə Suriyadakı zərbələrini əsasən İranın təsiri, silah daşınması, proksi terror qruplaşmaları – “Hizbullah”la bağlı təhlükələrlə əsaslandırırdı. İndi isə Türkiyənin mümkün hərbi mövcudluğu İsrailin açıq şəkildə hədəf aldığı məsələyə çevrilib.
Lakin görünən bu ki, İsrail Türkiyə hərbçilərinin Suriyada faktiki yerləşməsini gözləmədən, onların yerləşə biləcəyi infrastrukturu əvvəlcədən vurmağa hazır olduğunu nümayiş etdirir. Ankara üçün isə bu nümayiş yalnız Suriyaya qarşı İsrail əməliyyatı deyil, Türkiyənin regional təhlükəsizlik maraqlarına birbaşa müdaxilə kimi görünür”.
Lakin həmsöhbətimiz Türkiyə ilə İsrailin dərhal müharibəyə başlaması ehtimalının hər iki ölkənin marağında olacağını düşünmür:
“Çünki Türkiyə NATO üzvüdür və regionda İsraillə birbaşa müharibəyə girmək Ankara üçün çox böyük siyasi və iqtisadi riskdir. İsrail özü də Türkiyə ilə genişmiqyaslı müharibənin hansı nəticələr doğuracağını çox yaxşı fərqindədir. İsrail də bilir ki, Türkiyə İsrailin adi regional rəqibi deyil, ölkə böyük hərbi potensiala, NATO təcrübəsinə, güclü müdafiə sənayesinə və Suriyanın özündə ciddi təsir imkanlarına malik dövlətdir. Ona görə də Türkiyə-İsrail arasında sadəcə məhdud hərbi toqquşma ola bilər, vəssalam.
Bu təhlükəni ABŞ də görür. Vaşinqtonun hazırda Türkiyə, İsrail və Suriya arasında xüsusi rabitə və koordinasiya mexanizmi yaratmağa çalışması təsadüfi deyil. ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak açıq şəkildə belə mexanizmin zəruriliyini vurğulayıb. Bu, Vaşinqtonun da Türkiyə-İsrail qarşıdurmasının nəzarətdən çıxa biləcəyindən narahat olduğunu göstərir. Nəzərə almaq lazımdır ki, hər iki dövlət ABŞ müttəfiqidir”.
Tamilla Qulami diqqətə çatdırıb ki, bu gün Türkiyə Suriyada yeni dövlət quruluşunun formalaşmasına təsir göstərmək istəyir:
“İsrail isə həmin dövlətin hərbi potensialının hansı həddə qədər bərpa olunmasına razı olacağını özü müəyyənləşdirməyə çalışır. Deməli, əsl mübarizə təkcə hərbi bazalar uğrunda deyil, Əsəddən sonrakı dövr üçün Suriyanın təhlükəsizlik modelinə kimin təsir edəcəyi uğrundadır.
Bu mənada Suriya Türkiyə və İsrail arasında yeni regional güc balansının əsas sınaq meydanına çevrilib. Türkiyə Suriyanın zəif və parçalanmış dövlət olaraq qalmasını, İsrail isə güclənən Suriyanın gələcəkdə özünə qarşı hərbi platformaya çevrilməsini istəmir. Bu iki strategiya da bir-birinə ziddir.
Həmçinin, Türkiyə və İsrail arasında rəqabət yalnız Suriya ilə məhdudlaşmır, bu rəqabət Şərqi Aralıq dənizi, Qəzza, Livan, regional ittifaqlar və Yaxın Şərqdə gələcək güc balansı da bu qarşıdurmanın tərkib hissəsinə çevrilib.
Yaxın dövrdə hadisələrin nə ilə nəticələndiyini qiymətləndirsək, zənnimcə, birinci və ən arzuolunan ssenari ABŞ vasitəsilə Türkiyə və İsrail arasında hərbi “qırmızı xətlər”in müəyyənləşdirilməsi olacaq. Türkiyə bu zaman Suriyada hansı ərazilərdə və hansı hərbi imkanlarla fəaliyyət göstərəcəyini əvvəlcədən bildirər, İsrail isə həmin qüvvələrə qarşı önləyici, preventiv zərbələrdən çəkinər”.
Onun sözlərinə görə, bu, rəqabəti aradan qaldırmasa da, hər iki ölkə arasından birbaşa müharibə riskini azaldacaq:
“Təhlükəli ola biləcək məqam budur ki, İsrail Türkiyənin Suriyada hərbi mövcudluğunu genişləndirməsini qəbul etməz və ayrı-ayrı obyektlərə arzuolunmaz zərbələr endirməyə davam edər. Bunun baş verəcəyi təqdirdə əlbəttə ki, Ankara da müəyyən mərhələdən sonra yalnız diplomatik bəyanatlarla kifayətlənməyəcək. Bu ən istənilməyən ssenaridir.
Əsas məqam həm də odur ki, Türkiyə-İsrail soyuq cəbhəsi başlamasın. Çünki Türkiyə və İsrail Suriyada birbaşa müharibə aparmadan, yeni Suriya ordusunun formalaşması, hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və kəşfiyyat imkanları üzərindən uzunmüddətli strateji mübarizəyə başlasalar, bu durumda Suriya yeni müharibə meydanına çevrilməsə belə, dediyim kimi Türkiyə-İsrail soyuq müharibəsinin əsas cəbhəsi olar.
Amma yenə də Türkiyə və İsrailin Suriyada müharibə ilə qarşı-qarşıya gələcəyini düşünmürəm. Sadəcə görünən bu ki, hər iki ölkə öz ərazi, sərhəd təhlükəsizliyi üçün mübarizə aparır. Çünki regionda həm dini, həm milli baxımdan tək olan İsrail Türkiyənin Suriyadakı hərbi rolunu öz təhlükəsizlik doktrinasına daxil etməyə başlayıb, Ankara isə Suriyanın gələcəyi məsələsində əsla geri çəkilməyəcək. Tərəflərin strateji toqquşması məhz budur”.
Partiya funksioneri fikirlərini belə yekunlaşdırıb:
“Lakin ABŞ Türkiyə və İsrail arasında işlək hərbi koordinasiya mexanizmi yarada bilmə gücündədir. Həm də İsrail vuracağı obyektin içərisində bir türk hərbçisini şəhid edərsə, bunun artıq geri dönüşü olmaya bilər. ABŞ də İsrail də bunu çox yaxşı bilir. Çünki bu qarşıdurma artıq Suriya daxilində qarşıdurmadan çıxmış olacaq.
Nəticədə, Türkiyə cavab verəcəksə, İsrail də davam edəcək və Suriya iki regional gücün birbaşa hərbi qarşıdurma zonasına çevrilə bilər. Düşünürəm ki, yaxın zamanda hər iki dövlətin atacağı addımlar Türkiyə-İsrail münasibətlərinin gələcək istiqamətini müəyyən edəcək”.
Elmir Mustafa
Şərh yaz




